"Bu cür bəyanatlar səsləndirməklə vaxt udmağa çalışırlar" - POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənistan Parlament sədrinin Azərbaycanın ərazi bütövlüyünü tanıyıram bəyanatı elə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması kimi bir şeydir. Dəfələrlə ən yüksək tribunalardan, istər Rusiya, istər Avropa İttifaqı, istərsə də ABŞ vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kv. kilolometr çərçivəsində tanıdığını deyən Paşinyanın sentyabrın 2-də qondarma rejimin ildönümündə səsləndirdiyi fikirləri hamımız gördük”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, yenə də Azərbaycanın daxili işlərinə qarışmaqla, yenə də “Artsaq” deyib hansısa təhlükəsizlik zəmanətindən danışmaqla o əsl simasının nədən ibarət olduğunu göstərdi: “İndi də Ermənistan parlamentinin sədri oxşar bəyanatla çıxış edir və onun da bəyanatı Paşinyanda olduğu kimi yalnız və yalnız beynəlxaq ictimaiyyətdə özlərinin sülhpərvər imiclərini yaratmağa hesablanıb. Nə Paşinyan, nə də Simonyan dediklərində səmimi deyillər və ara-sıra bu cür bəyanatlar səsləndirməklə sadəcə vaxt udmağa çalışırlar.
Bu həmin Parlament sədridir ki, bundan cəmi bir ay əvvəl Qarabağdakı oyuncaq “parlament”in yeni “seçilmiş” “sədri”ni - daşnak David İşxanyanı təbrik edərək, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişdi. Təkcə elə bu addımın özünü Azərbaycanın daxili işlərinə qarışmaq, ərazi bütövlüyü və suverenliyimizə həqarət, bizə qarşı ərazi iddiası kimi qiymətləndirmək olar. Əgər Ermənistanın ikinci rəsmi şəxsi separatçı-daşnak ünsürlərlə “gələcək əməkdaşlıq”dan dəm vurursa demək ki, onun ərazi bütövlüyümüzü tanıması ilə bağlı verdiyi açıqlama səmimiyyətdən çox-çox uzaqdır.
Odur ki, nə Paşinyanın, nə Simonyanın, nə də hər hansı bir başqa erməninin nə deməsinə fikir vermək lazım deyil. İndiyə qədər keçən dövr göstərdi ki, bunlar hər situasiyada mövqelərini dəyişməkdən utanmayan, ayrı-ayrı havadarlarına arxayın olaraq revanşist mövqelərini qoruyub saxlayan bir toplumdur. Belə bir toplumun başa düşdüyü yeganə dil isə güc dilidir.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Qarabağın Azərbaycanın olması da heç bir dövlət tərəfindən mübahisələndirilmir. Odur ki, kimin nə deməsindən asılı olmayaraq biz Xankəndində də, ətraf rayonlarda da Azərbaycan bayrağınn dalğalanacağından qətiyyətliyik və bunun üçün beynəlxaq hüququn tanıdığı bütün addımları atacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB