"Ermənistan xalqının gələcəyini düşünürsə,..." - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycanla şərti sərhəddə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə erməni təxribatları davam edir. Sonuncu təxribat zamanı 4 erməni hərbçisi məhv edildi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.
Onun sözlərinə görə, hazırda tərəflər arasında rəsmi olaraq atəşkəs hökm sürür: "Azərbaycanla Ermənistan arasındakı münasibətləri tənzimləyən baza sənəd 10 Noyabr Bəyanatıdır. 44 günlük müharibə bu sənədlə dayandırıldı. Ordusu darmadağın edilmiş Ermənistanın yalvarışlarından sonra Rusiyanın vasitəçiliyi ilə bu sənəd imzalandı. Bu sənəddə tərəflərin üzərinə götürdüyü öhdəliklər var. Ermənistan ordusunun tör-töküntülərini Qarabağdan çəkməli, Azərbaycana qarşı hərbi cinayətlərdə rol almış cinayətkar silahlı dəstələr ləğv edilməli idi. Naxçıvanla Azərbaycanın digər quru ərazilərini birləşdirən Zəngəzur yolu açılmalı, iki dövlət arasında sərhədlər dəqiləşdirilməli və nəhayət yekun sülh müqaviləsi imzalanmalı idi. Lakin erməni tərəfi sülh müqaviləsinin imzalanmasını mümkün qədər uzadırdı".
Elman Cəfərli sözlərinə belə davam edib: "İlk günlərdən bəlli idi ki, hiyləgər Nikol Paşinyan iqtidarı revanş üçün vaxt qazanmaq, ordunu gücləndirmək, müasir silahlarla təchiz etmək xətti tutub. Bu işdə Ermənistana Fransa və Hindistan yardım edirdi. Çox təəssüf ki, qonşumuz və bizimlə eyni dindən olan İran İslam Respublikası da təcavüzkar Ermənistanın silahlandırılmasında başlıca rol oynayır. Hazırda Ermənistanı ayaqda tutan, desktruktiv hərəkətlərə, silahlı təxribatlara sövq edən də bu üç dövlətdir. Avropada, Amerikada yaşayan, Ermənistanın səfalət içərisində yaşayan kasıb əhalisini düşünməyən erməni diasporu, revanşist millətçi qüvvələr də rəsmi İrəvanı qeyri-konstruktiv siyasətə təhrik edir. Lakin bu qüvvələr bir şeyi nəzərə almır ki, Azərbaycan 90-lardakı kimi zəif və tək deyil. Əvvəla bizim işimiz haqq işidir. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və müharibədə qalib çıxıb.
Danışıqlar masasında imzalanacaq sülh müqaviləsi də daha çox qalib tərəfin diktəsi ilə reallaşır. Bu həqiqəti gec-tez hamısı dərk edəcək. İkincisi, Azərbaycan qüdrətli orduya sahibdir. Nə Fransa, nə Hindistan, nə də İran Cənubi Qafqaza gəlib Ermənistan üçün döyüşməyəcək. 44 günlük müharibə kimi ikinci hərbi toqquşma olsa Ermənistan bir dövlət kimi yox olma təhlükəsi ilə üzləşəcək. Bu halda Bakının indi irəli sürdüyü şərtləri də dəyişə bilər. Ermənistan hakimiyyəti əgər öz xalqının gələcəyini, rifahını, ölkəsinin təhlükəsizliyini istəyirsə ədalətlə sülhə razı olmalıdır. Yoxsa erməni ordusu tamamən məhv ediləcək. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni vətəndaşlarımız da seçim etməlidir. Onlar bizim ölkəmizdə yaşamaq üçün Azərbaycana inteqrasiya etməli, qanunlara tabe olmalıdırlar. Əks halda, yəni yenə də revanşist qüvvələrin fitnəsinə aldanıb silahlı təxribatlara cəhd etsələr, bu dəfə tamamən köçüb başqa ölkələrə getmək zoruynda qalacaqlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB