Dünyanın gözü Soçidə - RAKURS

Ərdoğanla Putin arasında gözlənilən kritik, baş tutan səmimi görüş

Nəhayət gözlənilən görüş baş tutdu. Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə tarixi görüş keçirildi. İki lider arasında aparılan müzakirələr 1 saat yarım davam edib. İki ölkə liderləri BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası da daxil olmaqla Cənubi Qafqaz, Suriya və Ukrayna müharibəsini də müzakirə ediblər. Məlumata görə, BMT-nin əsas təkliflərindən biri Avropa tərəfindən Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır. V.Putin və R.T.Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunub. Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsi də danışıqlar masasında olub.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğanı vitse-prezident Cevdet Yılmaz, İstanbulun valisi Davut Gül yola salıb. Onu Türkiyənin xarici işlər naziri Hakan Fidan, texnologiya naziri Mehmet Fatih Kaçır və başqa rəsmilər müşayiət edib.

Qeyd edək ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb. BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb. Avqustun 31-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Hakan Fidan “Taxıl sazişi” barədə fikir mübadiləsi aparıblar. H.Fidan həmin görüşdən sonra BMT-nin “Taxıl saizişi” ilə bağlı yeni təkliflər hazırladığını bildirmişdi. İnformasiyaya əsasən, sammitin gündəliyinin ən əsas məsələsi “Taxıl sazişi”dir. Məlumata görə, BMT-nin əsas şərtlərindən biri Avropanın Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.

Soçidə "Rus" sanatoriyasının "İmperial" binasının yaşıl zalında Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş geniş tərkibdə 1,5 saat davam edib. Onlayn yayımlanan görüşün əvvəlində Putin Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə şəxsən təbrik edib. Rusiya lideri həmçinin Ərdoğanla regional təhlükəsizlik məsələlərini, o cümlədən Ukrayna məsələsini müzakirə etmək niyyətində olduğunu təsdiqləyib. Bundan əlavə, Putin Rusiyanın bu ilin iyulunda dayandırılmış taxıl sazişinin mümkün bərpasının müzakirəsinə açıq olduğunu bildirib. Ərdoğan əlavə edib ki, “bütün dünya”nın diqqəti taxıl müqaviləsinə dikilib.

Rusiya dövlətinin başçısı həmçinin bildirib ki, Rusiya Federasiyası zəlzələlər və meşə yanğınları zamanı Türkiyəyə ilk dəstək verənlərdən olub. Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların yaxın vaxtlarda yekunlaşacağını da bildirib.

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibdə danışıqlardan sonra türkiyəli həmkarı ilə işgüzar naharda dar tərkibdə görüşü davam etdirib. Nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra söhbət işgüzar səhər yeməyi formatında təkbətək davam edib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Türkiyə liderləri arasında geniş tərkibdə danışıqların çox konstruktiv keçdiyini bildirib: “Çox konstruktiv, müxtəlif istiqamətləri əhatə edən mövzuların müzakirə edildiyi görüş oldu. Nazirlər, işçi qrup rəhbərləri ətraflı məruzələr etdilər. Tam məlumat mübadiləsi oldu”.
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra hər hansı sənədin imzalanması planlaşdırılmır. Bunu jurnalistlərə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov dövlət başçılarının geniş tərkibdə danışıqlarından sonra deyib. Peskovun sözlərinə görə, görüşdə “tam məlumat mübadiləsi” gedir. Amma Rusiya-Türkiyə danışıqları bununla bitmir. Putin və Ərdoğan ünsiyyəti davam etdirəcək, lakin axşam yeməyində daha dar bir dairədə olacaqlar.

Prezident Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçidə keçirdikləri mətbuat konfransında müzakirə edəcəkləri məsələlərlə bağlı qısa açıqlama veriblər. Dünyanın izlədiyi mətbuat konfransında danışan Putin “Seçkilərdən sonra ilk dəfə üz-üzə görüşürük. İki ölkə arasında ticarət dövriyyəmiz artır. Enerji sahəsində əlaqələrimiz sürətlə inkişaf edir. Biz Ukrayna böhranı və taxıl dəhlizindən danışacağıq”.

İki ölkə arasındakı əlaqələrə və kritik danışıqlar çərçivəsində taxıl dəhlizinə də toxunan Ərdoğan, “Sinop atom elektrik stansiyası ilə də bir addım atmalı olacağıq. Təbii ki, Trakyada bir Hub olması da zənginliyin və canlılığın başqa bir elementidir. Türkiyə ilə Rusiya arasında atılan ən mühüm addımlardan biri də turizmdir. Rusiya bizim üçün turizmdə bir nömrədir. Ən vacib addım odur ki, bu gün Türkiyə-Rusiya səfəri zamanı hamı taxıl dəhlizinə baxır. Bu gün nə çıxacağını gözləyirlər. İnanıram ki, görüşlərimizin sonunda mətbuat konfransında veriləcək mesaj dünyaya, xüsusən də inkişaf etməmiş Afrika ölkələrinə doğru bir addım olacaq”.

Ankara ilə Moskva arasındakı ticarət əlaqələrinə də toxunan Ərdoğan, “Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə indiki xarici ticarət həcmimizin 62 milyard dollar olması və 100 milyard dollarlıq hədəfə doğru getdiyimiz üçün çox xoşbəxtik. Hesab edirəm ki, Mərkəzi Bank prezidentlərimizin bir araya gələrək bir-biri ilə danışması ikitərəfli münasibətlərimizdə milli valyutaya addım atmaq baxımından da önəmlidir”.

Görüş ərəfəsində maraqlı anlar da yaşanıb. Prezident Ərdoğanı qapıda qarşılayan Putin Ərdoğandan səfərinin necə keçdiyini soruşub. Səfərin yaxşı keçdiyini deyən Ərdoğan, "Artıq 1 saat 15 dəqiqə çəkir. Daha sonra Putin Ərdoğana "O zaman gələn dəfə bizə tətilə gəl" cavabını verib. Ərdoğan Rusiyanın çox gözəl olduğunu bildirib. İki liderin səmimi dialoqu kameralara düşüb, daha sonra iki lider təkbətək görüş keçirib.

V.SALAH

Bütün xəbərlər Facebook səhifəmizdə