Belə görünür ki, Ermənisran tərəfi, ələlxüsus da, başda elə erməni baş nazir Nikol Paşinyan olmaqla, bu ölkə hakimiyyəti üçün hər şey bitib və ümidsizlik girdabında olanlar müharibəni yenidən yaxınlaşdırmaqda olduqlarının deyəsən, fərqində deyillər, yaxud da bunu anlamırlar. Fərqində olsaydılar, anlasaydılar dərk edərdilər ki, sülh danışıqları həqiqətən də bu danışıqlara maraqlı olanlarla aparılırsa və Ermənistan da sülh danışıqlarında maraqlı görünmürsə, deməli, ermənilər müharibənin başlamasına rəvac verirlər, çünki sülh danışıqlarının alternativi müharibədir.
Paşinyanın son davranışlarından, tərzindən və söylədiklərindən bəlli oldu ki, onun sülh barəsində dedikləri söz xatirinə işlənən ifadələr imiş. Əslində, onu qətiyyən maraqlandıran sülh deyilmiş və diplomatik danışıqlar zamanı vəziyyətdən çıxmaq üçün sülh danışıqları ilə bağlı ifadələrdən istifadə edir, özünü də ölkəsini də sülh sazişində maraqlı tərəf kimi göstərirmiş. Nikolu maraqlandıran əslində, əlində olanı qoruyub saxlamaqdır. O, əvvəla hakimiyyətini qoruyub saxlamağa çalışır. Nikol Vovayeviç hakimiyyəti əlinə keçirmək üçün dəridən-qabıqdan çıxdığı küçə nümayişlərində girdiyi rola indi də ustalıqla girib, hansıki məqsəd ələ keçirdiyi hakimiyyətini əlindən verməməkdir. Bilir ki, Sarkisyan kimi, Koçaryan kimi vəzifə, hakimiyyət hərisləri ac qurd kimi onun hakimiyyətini əlindən qapmaq arzusundadırlar və onların bu arzuları Nikola çox baha başa gələ bilər. Yaxşı başa düşür ki, hakimiyyətini əlindən alsalar, onun həyatı belə təhlükə altında olacaq və xilası müşkülə çevriləcək, çünki Ermənistan üçün, ermənilər üçün terror adi ənənə halındadır. Deməli, erməni baş nazir ilk növbədə hakimiyyətini əlində saxlamaqla, həyatını da xilas etmək niyyətindədir və fərqli şəkildə, özü də bir-birinə zidd sayıqlamaları da buna görədir.
“Dağlıq Qarabağ”ın bir ərazi vahidi kimi mövcud olmaması və “Dağlıq Qarabağ problemi”nin həlli ilə bağlı bütün bəyanatlar “Dağlıq Qarabağ” ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri həll olunmayana qədər əsassızdır”, deyə Ermənistanın baş naziri qondarma olan “Dağlıq Qarabağın Müstəqillik Bəyannaməsi”nin qəbulunun ildönümü ilə bağlı çıxışında sayıqlayıb və onun bu sayıqlaması təkcə sülhə maneə yox, artıq təxribatdır. Bunun təxribat olduğunu anlaması üçün Nikol heç olmasa kimi təbrik etdiyi barədə az da olsa düşünməli və dərk etməli idi ki, təbrik etdiyi Qarabağ separatçılarıdır, hansıki onlar Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ölkəmizin Qarabağ iqtisadi rayonunda qanunsuz yaşayanlardırlar. Deməli, təbrik etməklə Paşinyan onları dəstəkləmiş, onların tərəfindən olduğunu bəyan etmiş olur və bu həm də Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə əvvəlcə söylədikləri ilə ziddiyyət təşkil edir.
Deyəsən, Nikol Paşinyan təxribat xarakterli bəyanat verməkdə Ermənistanın ikinci prezidenti Robert Koçaryan və üçüncü prezidenti Serj Sarkisyanla yarışa girib və təxribatçılıqda da rəqabət aparmağı qərara alıb. Bu isə artıq Ermənistan üçün fəlakətdən başqa bir şey vəd etmir. Yalnız təxribat yolunu seçən eks prezidentlərin məqsədi qarışıqlıqdır, hansıki bu qarışıqlığı da Paşinyan öz hakimiyyətinə, azadlığına və həyatına təhlükə hesab edir. Görünür elə ona görə də hərbi təxribata yol verib, hansıki Azərbaycan Ordusu bu təxribatın qarşısını alıb, üç erməni hərbçisi, eləcə də Ermənistan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarına (PUA) mobil yerüstü idarəetmə məntəqəsi məhv edilib. Erməni təxribatından dərhal sonra Azərbaycanın pislənəcəyi ilə bağlı Paşinyanın hesablaması da baş tutmayıb. “Aİ bütün tərəfləri növbəti zorakılıqdan çəkinməyə və üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırır”, deyə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarının mətbuat katibi Piter Stanonun öz səhifəsində qeyd etdikləri heç də erməni baş nazirinin, yaxud da hansısa bir erməninin arzuladığı deyildi və onları qane edə bilməzdi.
Diqqətə çatdıraq ki, son günlərdə Avropa İttifaqı Şurası artıq Ağdam yolundan istifadənin fövqəladə və gündəlik ehtiyaclarla əlaqədar tədarüklə bağlı davamlı həllin bir hissəsi ola biləcəyini bəyan edib və daha dəqiq desək, onun fikirlərində Azərbaycanın mövqeyinə dəstək ifadə olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli danışıqlarda eyni fikirləri Avropa Şurasının rəhbəri Mişel də ifadə edib. İndi ən maraqlısı Paşinyanın təxribatçı bəyanatına Mişelin necə reaksiya verəcəyidir və heç şübhəsiz ki, necə reaksiya verəcəyindən asılı olmayaraq, Avropa İttifaqı Şurasının sədri öz hüzurunda Azərbaycanın, o cümlədən Qarabağ iqtisadi rayonunun ərazi bütövlüyünü tanındığını bəyan edən Ermənistanın baş nazirinin nə qədər ikiüzlü və məkrli siyasətçi olduğuna bir daha əmin oldu. Əmin oldu ki, erməni baş nazir sadəcə olaraq rola giribmiş, artistlik edirmiş və onun sözlərinə inanmaq, yaxud da istinad etmək olmaz.
Artıq erməni yalanlarını bilə-bilə tirajlamağı özünə rəva bilən ermənipərəstlər istisna omaqla, dünya ictimaiyyətinin böyük əksəriyyəti Ermənistanın, bu ölkə hakimiyyətinin yalan üzərində siyasətini qurduğu barədə çoxdan doğru qənaətə gəlib. Qarabağ separatçılarının cinayətkar rejiminin məhz Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşdirildiyi də heç kim üçün sirr deyil və hamı bilir ki, bu gün də həmin maliyyələşmə davam edir, üstəlik, erməni baş nazir də separatçıları həyasızlıqla, utanmadan təbrik edir. Rəsmi İrəvan qeyri-qanuni silahlı birləşmələri tərksilah etmək üçün nə isə etmək əvəzinə, onları təbrik etməklə ruhlandırır da. Bir tərəfdən də erməni baş nazir rəsmi Bakının məntiqli, ağlabatan təklifləri ilə razılaşmayaraq, sayıqlamalar edir, bununla da təxribatlara rəvac verir, müharibə olma ehtimalını artırır.
Həqiqətən də Ermənistanın baş nazirinin qondarma olan “Dağlıq Qarabağın Müstəqillik Bəyannaməsi”nin qəbulunun ildönümü ilə bağlı çıxışı, separatçıları təbrik etməsi işğalçı ölkənin, onun rəhbərinin hələ də ərazi iddialarından əl çəkməməsi deməkdir. Məhz ermən baş nazirinin çıxışı və “təbriki” Qarabağın guya Ermənistana məxsus olması barədə bir neçə il öncəki sayıqlamaları ilə eyni məntiqlə səslənir. Amma Nikol Paşinyan unudur ki, onun məlum sayıqlamasının ardınca 44 günlük müharibə başladı və Ermənistan tərəfi rüsvayçı məğlubiyyətlə, eyni zamanda, çox böyük itgilərlə qarşılaşmalı oldu və hələ də bu ölkə özünə gələ bilmir. Görünür, Ermənistanın baş naziri və onun hakimiyyət komandası başa düşməkdə çətinlik çəkir ki, bu dəfə də uyğun sayıqlamaları müharibəyə səbəb ola bilər və onlar üçün daha acınacaqlı sonluq gözlənilir. Əgər Nikol Paşinyan sülh prosesinə zidd olan fikirlər səsləndirirsə, sülhdən yayınırsa, deməli, seçimi müharibədi, çünki qeyd olunduğu kimi, sülh prosesinə, sülh danışıqlarına alternativ məhz müharibə hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB