Bu gün Rusiya istəsə belə, Ermənistana silah verə bilməz, çünki...
…Ermənistanın təhlükəsizlik baxımından Rusiyadan asılı olması səhvdir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
“...Ermənistanın təhlükəsizlik arxitekturası 99,999 faiz Rusiya ilə bağlı idi. Təbii ki, bura silah əldə etmək də daxil idi. Ancaq bu gün Rusiyanın silah və sursata ehtiyacı olduğu bir vaxtda aydındır ki, o istəsə belə, Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməyəcək”.
Bunu deyən Nikolun fikrincə, “bu nümunə göstərməlidir ki, təhlükəsizlik sahəsində asılılıq və ya yalnız bir mərkəzə bağlılıq özlüyündə strateji səhvdir”.
...Və Ermənistan bu səhvin acı meyvəsini dadıb və indi təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır.
Bunu da bəyan edən Paşinyan, Rusiyanın bu gün Cənubi Qafqazdakı hərəkətləri və ya hərəkətsizliyi səbəbindən bu regiondan uzaqlaşdığını bildirir.
...Onun regiondan müstəqil şəkildə çıxması “atdığı və ya atmadığı addımlara görə” müşahidə olunur”, - Paşinyan əlavə edib.
Maraqlıdır ki, Paşinyan, həmçinin Moskvanı da, Rusiya sülhməramlı qüvvələrinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən öz missiyasını "yerinə yetirmədiyinə görə" qınayıb. Guya ruslar Qarabağa gedən Laçın dəhlizinə nəzarət etmirlər.
Onun sözlərinə görə, Rusiya bu dəhlizə nəzarəti ya saxlaya bilmir, ya da saxlamaq istəmir.
Nikol vəziyyəti problemli adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB