Xilaskarlıq missiyasının başlandığı gün - 1991-Cİ İL 3 SENTYABR

Xilaskarlıq missiyasının başlandığı gün - 1991-Cİ İL 3 SENTYABR

"Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz". Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə məxsusdur! Əslində doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Belə ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, Ulu Öndəri Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyət, böyük dövlət xadimi, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbər, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının sədri seçilməsindən 32 il keçir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilməklə, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu.

1991-ci ilin 3 sentyabr tarixi yenicə müstəqilliyini qazanmış Azərbaycanın müasir tarixində, sadəcə, sıradan bir təqvim günü deyildi. Bu tarix 70 ildən çox müstəqillik arzuları ilə yaşayaraq onu bərpa edən, lakin qısa bir zamanda bu azadlıq duyğularını itirmək qorxusu ilə üzləşən, xaos və anarxiya burulğanında çırpınan bir xalqın yenidən özündə böyük güc taparaq Böyük Lideri ilə böyük bir mübarizəyə başladığı gün idi. Bu elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, insanların sabahkı günə inamı qalmamışdı. İnsanların yeganə təsəllisi ulu öndər Heydər Əliyevin Naxçıvanda olması idi. Buna görədir ki, Ümummilli Lider Naxçıvanın, ümumilikdə isə Azərbaycanın gələcəyi baxımından əlamətdar olan bu gün haqqında danışarkən deyirdi: "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin icrasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".

PREZİDENT İLHAM ƏLİYEV: "ONUN ÜÇÜN DÖVLƏT MARAQLARI, AZƏRBAYCANIN MARAQLARI HƏR ŞEYDƏN ÜSTÜNDÜR"

Bəli, 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həmin dövrdə qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən deyib: "O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. ...O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə "sovet sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, Onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür".

Göründüyü kimi, blokada vəziyyətinin yaratdığı çətinliklərə sinə gərən, düşmən təcavüzünə qarşı rəşadətlə müqavimət göstərən naxçıvanlılar Ulu öndər Heydər Əliyevə böyük məhəbbət bəsləyir, Ona güvənirdilər. Çünki Vətənə sədaqətlə xidmət nümunəsi göstərən dahi şəxsiyyət də öz xalqına güvənir, Ona arxalanırdı və həmişə xalq üçün yaşamış, xalq üçün fəaliyyət göstərmiş və doğma Vətəni uğrunda canını belə əsirgəməyəcəyini dəfələrlə bəyan etmişdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra sessiyadakı ilk çıxışında Ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək deyirdi: "Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".Bəli, həmin illərdə dünya şöhrətli siyasətçi Heydər Əliyev Ali Məclisin Sədri kimi ilk növbədə üç tərəfdən düşmən hücumuna məruz qalan Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların hamısının muxtar respublikada saxlanması təmin olundu, muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.

XALQIN VAHİD İDEYA VƏ AMAL UĞRUNDA BİRLƏŞDİRİLMƏSİ

Naxçıvanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir. Qərara əsasən, 1991-ci ilin son günü - 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olundu. Bu bayram artıq bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edilir.Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atdı. 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etdi, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başladı.

ZƏRURƏTDƏN YARANAN YAP TARİXİ MİSSİYALARINI LƏYAQƏTLƏ YERİNƏ YETİRİR

Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə 1992-ci ilin noyabrında sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq 1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də Ulu Öndərin ziyalıların müraciətinə məktubla verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Qeyd edək ki, müraciətlər "SƏS" qəzetində dərc olundu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvanda təsis konfransını keçirdi, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Qısa bir müddətdə - Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi. Və bu gün ulu öndər Heydər Əliyev ideyaları Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu səbəbdəndir ki, dünya şöhrətli dövlət xadimi, Ulu öndər Heydər Əliyev hələ 2003-cü ildə siyasi uzaqgörənliklə xalqa müraciətində hakimiyyət sükanının cənab İlham Əliyevə etibar olunmasını məsləhət bildi: "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".Bununla da tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, tənəzzül etmiş iqtisadiyyatımızın inkişaf etdirilməsində və demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu hakim siyasi partiya olaraq öhdəsinə götürmüşdür.

ULU ÖNDƏRİN ARZULARI REALLIĞA ÇEVRİLİB

Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", – deyən dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi. Azərbaycan Prezidentinin "Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik", – sözləri isə bu təsdiqin əbədi möhürünə çevrildi. Böyük Zəfərin qazanılmasından sonra Naxçıvana gələn ölkə başçısının bu səfəri böyük tarixi əhəmiyyəti və rəmzi mənası ilə seçilirdi: "Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfədir ki, mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım... "Bu gün Naxçıvanın əldə etdiyi çoxsaylı uğurları sadalamaqla qurtarmaq mümkün deyil. Böyük Öndərin "İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin" fikirləri bu gün artıq qədim diyarın real həyatında öz əksini tapıb. Amma bu da son deyil. 1991-ci il sentyabrın 3-dən başlayan Böyük Yol Naxçıvanı yaxın gələcəkdə daha Böyük Uğurlara aparacaqdır! Bəli, Böyük Öndər Heydər Əliyev inanırdı ki, onun axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək: "Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".

Bu gün artıq ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev cənabları ulu öndərin başa çatdıra bilmədiyi işləri yerinə yetirir. Artıq Qarabağ Azərbaycanındır! Bəli, Ruhun şad olsun Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəstndə "Dağlıq Qarabağ" problemi yoxdur!. Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: "Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".Ona görə də Ulu Öndərin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək yeganə Lider Prezident İlham Əliyev cənablarıdır. Bütün bunlar isə Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev zəkasının və Heydər Əliyev nurunun bizə tərəf saçılan əbədi şölələridir!".

ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə