Qarabağdakı ermənilər acdırsa, humanitar yükləri niyə qəbul etmirlər? - DEPUTATIN CAVABI

Qarabağdakı ermənilər acdırsa, humanitar yükləri niyə qəbul etmirlər? - DEPUTATIN CAVABI

Ermənistanın Baş naziri Nikol Paşinyan ənənəsinə sadiq qalaraq bu dəfə də hökumət iclasında Azərbaycan əleyhinə fikirlər səsləndirib. O bildirib ki, Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki erməniləri ac saxlayır.” Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O vurğulayıb ki, Paşinyanın son açıqlaması da İrəvan hökumətinin növbəti dəfə regionda yaradılmağa çalışılan sabitliyə qarşı atılmış mövqedir. “Azərbaycan həm Ermənistana, həm də Qarabağdakı ermənilərə humanist yanaşma sərgiləyir. Amma bunların qarşılığına İrəvandan böhtan və şər niyyətli mövqelər bəyan edilir. Avqustun 29-da Bakıdan Qızıl Aypara Cəmiyyəti 40 ton un göndərdi. Hələ də həmin yüklər Ağdam Xankəndi yolunda qalıb. Bildiyim qədərilə əlavə humanitar yüklər də göndərilə bilər. Sual yaranır, əgər iddia olunduğu kimi aclıq varsa, niyə 40 ton un hələ də yoldadır? Niyə qəbul etməyirlər? Üstəlik, Xankəndidəki humanitar vəziyyətin qiymətləndirilməsi üçün müraciət də edildi. Bu barədə də cavab verilməyib. Yaranmış vəziyyət yəni ki, iddia olunduğu kimi, ermənilərin ac qalması barədə iddialara şübhələr artır. Təbii ki, mən də inanmıram ki, Qarabağdakı ermənilər acdır. Xatırladım ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev müsahibəsində “Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açılacaq” deyə, fikir bildirmişdi. Onlar buna da razı deyirlər. Blokada məsələsinə gəldikdə belə başa düşmək olar ki, ermənilər elə özlərini blokadaya salıblar. Xankəndiyə yükün göndərilməsi həm də bölgədə “humanitar böhran” iddia edən erməni havadarlarına da sillə kimi cavab oldu. Digər tərəfdən Paşinyan deyib ki, “Qarabağdan ermənilər qovulur”. İrəvan hökuməti bu dəfə də yalan danışır, böhtan atır. Artıq nəinki biz hətta Laçın keçidindən istifadə edən ermənilər də Paşinyanın yalan danışdığını başa düşüblər.”

Deputat Aydın Hüseynov əlavə edib ki, Laçın Buraxılış Məntəqəsi həm Ermənistana, həm də Xankəndi istiqamətinə, ikitərəfli olaraq açıqdır.
“Azərbaycan rəsmi olaraq dəfələlər Ermənistana Azərbaycanın beynəxlalq səviyyədə qəbul edilmiş ərazi bütövlüyünə müdaxilə etməməyi barədə xəbərdarlıq edib. Paşinyan beynəlxalq çıxışlarında ölkəmizin ərazi bütövlüyünü qəbul etdiyi desə də, son çıxışında da onun adekvat biri olmadığı bird aha məlum oldu. Görünür ki, İrəvan hökuməti post-münaqişə dönəmində bölgədə formalaşan reallıqları düzgün qiymətləndirə bilmir” – deyə deputat açıqlamasında bildirib.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə