Dırnaqarası “blokada” nağılının sonu və SON DALAN - TƏHLİL

Dırnaqarası “blokada” nağılının sonu və SON DALAN - TƏHLİL

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakıdan Xankəndinə 40 ton un məmulatı, ərzaq yardımı göndərib və bu yardım Azərbaycan ərazisində, Xankəndidə yaşayan erməni əsilli insanlar üçün nəzərdə tutulub. Xankəndidə erməni əsillilərin ehtiyaclarının olduğu barədə beynəlxalq ictimaiyyətə haylar çoxdandır hay-həşir salıblar və Qızıl Aypara Cəmiyyəti də irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ehtiyacı olan hər kəsə, cəmiyyətin fəlsəfəsinə uyğun olaraq, kömək məqsədi ilə yardım göndərir. Yüklərin artıq yola salınması onu göstərir ki, dövlətimiz məhz Azərbaycan ərazisində yaşayan erməni əsilli insanlara lazımi yardımı göstərməyə hazırdır və danışıqlar zaman bu barədə bəyan edildiyinin həqiqət olduğunu beynəlxalq ictimaiyyət də əməldə görmüş oldu.

Milli mənsubiyyətindən asılı olmayaraq, ərazimizdə yaşayan, ölkəmizin qanunlarını qəbul edən hər bir kəsin dövlətimiz tərəfindən təhlükəsizliyinin təmin olunması, onlara yardımların göstərilməsi çoxdandır ki, öz təsdiqini tapıb və bunu Azərbaycan ərazisində yaşayan müxtəlif etnik qruplar daha yaxşı bilirlər. Ona görə onlar daha yaxşı bilirlər ki, hər zaman Azərbaycan dövlətinin onlar üçün qarant olduğunu görüblər və buna əmindirlər. Elə ərazilərimizdə yaşayan erməni əsilli insanlara da bu təklif olunub və qanunlarımızı qəbul etdikləri halda, vətəndaşlıq alacaqları təqdirdə onlar üçün də eyni şəkildə təhlükəsizliklərinin təminatı vəd olunub. Özü də həmin ermənilər yaxşı bilirlər ki, rəsmi Bakı öz vədinə, verdiyi sözə hər zaman mütləq şəkildə əməl edib, sahib çıxıb və həmin vədə, həmin sözə zərrə qədər şübhə ola bilməz. Xüsusən də indi Xankəndində yaşayan erməni əsillilərə ərzaq yardımının göndərilməsi də bunu təsdiq etdi və haylar bir daha əmin oldular ki, Ermənistandan fərqli olaraq Azərbaycan tərəfinin bəyan etdikləri boş sözlər deyil.

Doğrudur, hansısa dırnaqarası “blokada”, yaxud da hansısa qondarma və uydurma “humanitar fəlakət” kimi təqdim olunan erməni iddaiları həqiqəti əks etdirmir. Əgər həqiqətən də Xankəndində erməni əsilli insanlar müəyyən problemlərlə qarşılaşıblarsa, ərzaq, yaxud da müxtəlif tələbat malları ilə bağlı çatışmazlıq varsa, bu, məhz separatçıların yaratdığı şərait ola bilər və bu məsələdə Azərbaycanı günahlandırmaq absurddur. Çünki Azərbaycan hansısa humanitar fəlakət yaratmaq niyyətində deyil və beş-on min erməninin problemlə qarşılaşması bizə heç lazım da deyil və bunu iddia etmək həddindən artıq gülünc səslənir, baxmayaraq ki, haylar axmaqcasına bu barədə bütün dünyaya hay-küy salmaqda davam edirlər. Məhz Qızıl Aypara Cəmiyyətinin yardımlar göndərməsi, həmin yardımların artıq yola düşməsi erməni təbliğatını, uydurmalarını yerlə yeksan etmiş olur.

Məsələ burasındadır ki, Qarabağ ermənilərinin məhz Bakının bu səxavətli jestinə necə reaksiya vermələri bir sıra məqamlara aydınlıq gətirəcək. Aydın olacaq ki, həqiqətən də Xankəndindəki ermənilərin köməyə ehtiyacları var, yoxsa yoxdur. Guya 120 min erməninin aclıqdan ölmək həddində olması barədə nağılların artıq sonu çatıb. Qondarma və uydurma “blokada” barədə hay-küyün yalan olduğu tezliklə bütün dünyaya bəyan olacaq. Həqiqətən də humanitar yardıma ehtiyac yoxdursa, ermənilər bundan imtina edəcəklər, necə ki, artıq bu barədə Ermənistan mediasında fikirlər səsləndirilir. Səsləndirilən fikirlərdən belə məlum olur ki, Azərbaycan tətrəfindən göndərilən yardımlardan imtina etmək niyyətləri var. Üstəlik, bir halda ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti həmin ərazilərdə, daha dəqiq desək, Xankəndidə yaşayan ermənilərin ehtiyaclarını araşdırmaq və lazım gələcəyi təqdirdə yenidən yardım göndərmək qərarındadır və bunu hədəfləyir, deməli, reallıqların üzə çıxmasına və erməni yalanlarının bütün dünyada tamamilə ifşasına çox az qalıb.

Diqqətə çatdıraq ki, “aclıq” çəkdikləri iddia edilən ermənilərə heç Ermənistan tərəfi bu zamana qədər yardım etməyib, yaxud da guya edə bilməyib. Doğrudur, Xankəndinə humanitar yardım adı altında Ermənistan tərəfindən 400 tona yaxın yük göndərilmişdi, amma həmin o dırnaqarası yardım heç də Xankəndidəki ermənilərə çatmadı. Bir sözlə, İrəvan guya yardım edə bilmədi. Əlbəttə ki, əgər Ermənistan tərəfi yardım etmək niyyətində olsaydı göndərdiyi, yaxud göndərəcəyi yük barəsində əvvəlcədən Azərbaycan hökuməti ilə razılığa gələrdi. Əks halda bunu etmək, sərhədlərimizi icazəsiz keçmək niyyəti ilə yük göndərmək dövlətin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilir. Elə buna görə də onlar buraxılmayıb, İrəvan bu addımı Azərbaycanın rəsmi qurumları ilə razılaşdırmadığı üçün sərhədçilərimiz bu yük maşınlarının qarşısını haqlı olaraq kəsib. Dünya ictimaiyyəti də, beynəlxalq təşkilatlar da qəbul edirlər və bilirlər ki, Azərbaycan sərhədçilərinin məhz ermənilərin icazə alınmadan, razılaşdırılmadan göndərdikləri yük maşınlarını buraxmaqdan imtina etmələri tamamilə qanunauyğundur və beynəlxalq hüququn bütün tələblərinə də cavab verir. Bunu elə Ermənistan hökuməti də yaxşı bilir və belə olan halda, razılaşdırılmadan, icazə almadan humanitar yük adı altında göndərdiklərinin buraxılmayacağını bilə-bilə etdikləri nə idi? Buna yardım yox, ancaq şou adı verilə bilər və görünən odur ki, ermənilər yardım etmək yox, elə həmin o yükləri də məsələni siyasiləşdirmək üçün göndəriblərmiş. Belə bir şəkildə ona görə edilirdi ki, qondardıqları dırnaqarası “aclığın aradan qaldırılmasına” azərbaycanlıların guya imkan vermədiklərini sonradan bütün dünyaya hayqırsınlar. Bir sözlə, yardım etmək istəyən bunu elə edə bilərdi ki, ehtiyacı olana çatsın. Əgər ermənilər bunu hələ də edə bilməyiblərsə, yardım elə məhz Azərbaycandan göndərilibsə, göndərdiklərimizə də Ermənistan tərəfi ağız büzürsə, deməli, məsələ gün kimi aydındır və məqsəd heç də yardım deyil, hansısa təbliğat kampaniyası qurmaq, ölkəmizin əleyhinə fikir formalaşdırmaqdır. Lakin artıq göndərilən yüklər ən tez zamanda məsələnin əsl mahiyyətini ortaya qoyacaq, erməni yalanları bir daha ifşa olunacaq.

Sözsüz ki, Bakının xeyriyyə təşəbbüsü İrəvanı qətiyyən qane etmir və Azərbaycanın xeyriyyə təşəbbüsü ermənilərin heç də ürəyincə deyil. Bunu erməni mediasından da görmək və anlamaq olur. Əlbəttə ki, Bakının xeyriyyə təşəbbüsündən ermənilərin qıcıqlanmalarının səbəbləri də bəllidir. İlk növbədə bəlli olan odur ki, Azərbaycan tərəfinin xeyriyyə təşəbbüsü ilə İrəvan artıq qondarma və dırnaqarası “blokada” məsələsilə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaqda davam edə bilməyəcək, çünki arqumentləri qalmır. Digər tərəfdən bu xeyriyyəçilik addımı həm də Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına Bakının hazır olduğunu təsdiqləyir və reinteqrasiya məsələsi ilə əlaqədar separatçıların erməni əsilliləri aldatmaq arzuları belə puça çıxır. Bununla rəsmi Bakı bəyan edir və həm də konkret olaraq göstərir ki, Qarabağ ermənilərinin reinteqrasiyası üçün separatçı ermənilərdən fərqli olaraq divarlar hörmür, yollar çəkir, yollar açır. Bəyan edir və əyani şəkildə sübut edir ki, Ermənistan tərəfi ortalığa beton bloklar ataraq yolları kəsdikləri halda, Azərbaycan tərəfi yeni-yeni yollar salır, imkanları getdikcə genişləndirir, reinteqrasiya üçün şəraiti daha da yaxşılaşdırır.

Xatırladaq ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutu iyulda Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel görüşündə razılaşdırılıb və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də bu marşrutu bəyənib. Ağdam-Xankəndi yolundan istifadə edilməsi barədə Azərbaycanın təklifi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən də müsbət qarşılanıb və İƏT Baş Katibliyi Azərbaycanın öz ərazisində sərhəd-buraxılış məntəqələrinin yaradılması ilə bağlı qərarlarını və daha iri yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə təklifini qanuni sayır. Hətta bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Ermənistanı bəzi ölkələr Azərbaycanı dinləməyə çağırıblar və qeyd ediblər ki, Qarabağ ermənilərinin həqiqətən də “humanitar ehtiyacları” varsa, Ağdam şossesi ilə daşımaları həyata keçirməyə etiraz etməməlidirlər. Amma gözlənildiyi kimi, bu, Ermənistan cəmiyyətində açıq şəkildə narazılıqla qarşılanmaqdadır. Sual olunur ki, niyə? Niyə beynəlxalq təşkilatlar da Azərbaycanın təklifini bəyəndiyi halda, bunu qanuni, doğru addım saydığı halda Ermənistan buna ağız büzür, narazılıq ifadə edir, bu təkliflə razılaşmır? Səbəb nədir ki, ən qısa və ən əlverişli yoldan ermənilər imtina edərək daha üzun yolu seçirlər? Əgər ermənilər dünya ictimaiyyətinə Azərbaycan barədə anti-təbliğat aparmaq, ölkəmizi təcavüzkar kimi, blokada yaradan ölkə kimi təqdim etmək istəməsəydilər Qarabağda guya “aclıqdan ölənlərə” Ağdam vasitəsilə kömək təklifimizdən niyə imtina edirdilər?

Məsələ burasındadır ki, bu dəfə vəziyyət tamamilə fərqlidir və Azərbaycanın yardımından imtina ediləcəyi təqdirdə, ölkəmizin xeyriyyə təşəbbüsünə qıcıqlanacaqları halda uydurduqları “blokada” nağılının sonuna gəlmiş olacaqlar. Çünki bu imtina ilə öz yalanlarını özləri təkzib etmiş olacaqlar və heç bir “blokada” olmadığını özləri təsdiq edəcəklər. Təsdiq edəcəklər ki, əgər hansısa “ehtiyac” olsaydı, xeyriyyə təşəbbüsünü qəbul edərdilər və qəbul etmədikləri təqdirdə hansısa dırnaqarası “blokada”, yaxud hansısa nağıldan danışmaları gülüncdür. Həmçinin onu da xüsusilə qeyd etmək yerinə düşərdi ki, əgər ölkəmizin xeyriyyə təşəbbüsündən, yardımlardan imtina edilsə, bunun adını bundan sonra heç “blokada” qoya da bilməyəcəklər və uzaq başı bu, bir ərazidə “aclıq aksiyası” həddini aşa bilməyəcək. Ölkəmizin yardımından imtina etməsələr belə apardıqları təbliğatın sonu olacaq, çünki Xankəndidə erməni əsilliləri Azərbaycan tərəfinin guya “blokada” vəziyyətində saxladığını iddia edənlərin apardıqları təbliğat məhz Azərbaycanın yardımını qəbul etdikləri halda puç və mənasız olur. Hansı ölkə “blokada” vəziyyətində saxlamaq istədiyi topluma yardım göstərir? Qəbul edilməsindən və ya edilməməsindən asılı olmayaraq, Azərbaycanın bu yardımından sonra ermənilər öz nağıllarına kimi inandıra bilərlər? Bütün bunlar onu deməyə əsas verir ki, ermənilərin uydurduqları dırnaqarası “blokada” nağıllarının sonu çatıb və artıq bu, son dalan sayıla bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə