An yaxınlaşır – RAKURS

Azərbaycan Qarabağın bütün ərazilərinə tam nəzarəti bərqərar edəcək

Qarabağın hələ Bakının nəzarətində olmayan hissəsində ermənilər yenə “qəzəb dalğası” yaradıblar. Düzdür bu “dalğa” yalnız sosial şəbəkə və mətbuat üzərindən aparılır və elə bir effek yaradılır ki, guya məsələ ermənilərin xeyirinə artıq bitmək üzrədir. Hətta dünyada “ədalət carçısı” titulunun mütləq sahibi, “qara qitə”ni “ag günə” çıxaran Fransanın ən böyük şəhərinin, baş kəndinin meri İdalqo xanım Parisin dərdini sərini elə parislilərlə baş-başa qoyub, utanmadan, çəkinmədən, zərrə qədər də ar etmədən Ermənistanla Azərbaycanın şərti sərhədinə gəlib. Erməniləri arxayın edib ki, “arçaxlılara” yeməyi öz əlimlə yedirtməsəm başımda olmayan ləçəyim mənə haram olsun. Arzularını ərz edəndən sonra düz sərhədin yaxınlığında afrikalılardan oğurladığı bədəvi çadırını da qurub.

Xanım İdalqo çadırında oturmağında olsun, sizə xəbər verək yenə erməni mətbuatından. Yazıblar ki, guya “Azərbaycan sərhədçiləri erməni millətindən olan üç gənci sərhəd keçid məntəqəsində oğurlayıblar”. Əvvəla, hadisə hamının gözü qarşısında baş veribsə, bu, oğurluq niyə sayılsın? İkincisi, ermənilər bundan ibrət götürməli, bir ölkənin atributlarını təhqir etmənin hansı cinayət məsuliyyəti daşıdığını bilməli və onu sırğa edib qulaqlarından asmalıdırlar ki, bir daha belə hadisələrlə rastlaşmasınlar. O cümlədən, bütün separatçılar da bilməlidirlər ki, törətdikləri cinayətlər cəzasız qalmayacaq. Üç erməni əsilli futbolçunun göz altına alınmasından dərhal sonra Azərbaycanın prokurorluq orqanları mətbuat vasitəsilə məlumatı təsdiqlədilər.



Üç sakininin Azərbaycan sərhədçiləri tərəfindən saxlanılması ilə əlaqədar Qarabağdakı separatçı qurumun qondarma rəhbəri Arayik Arutyunyan ehtirasları sakitləşdirməyə çalışsa da, indi onun özü hədəfə çevrilib. Çünki ona rəqib olanlar fürsəti fövtə verməyib gərginliyi bir az da körükləməkdədirlər. Amma Bakının Qarabağ məsələsini həll etmək istəyinə heç kim mane ola bilməz. Bu məqsədə çatacağımız gün çox da uzaq görünmür. Qarabağdakı və Ermənistandakı ermənilər Azərbaycan sərhədçilərinin qanuni hərəkətini adam oğurluğu adlandırıblar. Azərbaycan tərəfi isə bəyan edib ki, istintaqda iştirak edən şəxslərin müdafiə hüququ təmin edilib. Dindirilmə zamanı onlar bu əməli törətdiklərini etiraf edərək, səmimi peşmançılıq çəkdiklərini və gələcəkdə belə hərəkətlərə yol verməyəcəklərini bildiriblər. Təqsirləndirilən şəxslərin yaşını və səmimi etirafları ilə tövbələrini nəzərə alaraq, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla, humanizm prinsipi tətbiq edilərək, barələrində cinayət təqibinə xitam verilib.

Laçın yolunda saxlanılan Alen Sarkisyan, Vahe Hovsepyan və Levon Qriqoryanın hərəkəti guya əvvəlcədən razılaşdırılıb və Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə həyata keçirilib. Məgər bunun nəyəsə dəxli varmı, bu, cəzanın yüngülləşməsinə zərrə qədər də təsir göstərə bilərmi? Əlbəttə yox. Hansı cəzanı vermək, yaxud əfv etmək yalnız Azərbaycan tərəfinin humanizminə qalıb ki, bunu da etdi. Onların gənc olmasını və bir daha oxşar hadisə törətməyəcəklərini nəzərə alan Prokurorluq hər üç gənci 10 gün həbs cəzasına məhkum edib.

Ermənistan və Rusiya mətbuatı ənənəvi olaraq yenə anti-Azərbaycan təbliğatını aparmaqdadırlar. Mətbuatda tez-tez 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat xatırladılır və o da əlavə edilir ki, bu sənədin 6-cı bəndinə əsasən, Laçın yolu vasitəsilə Ermənistanla Qarabağ arasında maneəsiz əlaqə yaradılmalıdır. Amma ağıl dərsi keçməkdən usanmayan erməni mətbuatının yadına həmin sənədin digər bəndlərini də salmaq istərdik. Orada həm də yazılıb ki, Rusiya sülhməramlılarının bölgəyə gəlməsi ilə paralel olaraq Ermənistan silahlı qüvvələri də Qarabağı tərk etməlidirlər. Həmçinin 35 minlik azərbaycanlı məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar, Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən Zəngəzur dəhlizi barədə isə Ermənistan ümumiyyətlə fikirləşmir.

Xankəndidə ermənilərin mitinqi keçirilib. Şəhərin mərkəzi meydanına toplaşanlar Arayik Arutyunyandan son hadisələrə reaksiya verməsini tələb ediblər. Qondarma separatçı qurumun qondarma “parlament”ində çıxış edən baş separatçı altı saat davam edən iclasda erməniləri üzən xəbərlər verib. Bildirib ki, tək qalmışıq, heç kim kömək etmək istəmir. Arutyunyan meydana toplaşanları sakitləşdirməyə çalışsa da, onlara deyəcək sözü olmayıb. Mitinqçilər onu fitə basıb, hətta ona getməyi tövsiyə ediblər. “Məni təhqir edə, tənqid edə bilərsiniz, amma başa düşməyinizi istəyirəm ki, biz hər şeyə – fövqəlgüclərə, BMT-yə inandığımız üçün bu vəziyyətə gəlmişik”, – deyə Arayik Arutyunyan düşdüyü çətin vəziyyəti şərh edib.

Qarabağda baş verən son hadisələr bir daha təsdiq edir ki, Azərbaycan son nəticədə bu bölgəyə tam nəzarətin yaradılmasına nail olmaq istəyir və təzyiqləri azaltmaq niyyətində deyil. Bu, Azərbaycan tərəfinin nəinki Təhlükəsizlik Şurasının iclasının Bakının xeyrinə başa çatdırdı, həm də Qarabağ istiqamətində hərəkətlərin hələ də ciddi müqavimətlə qarşılaşmadığına bir daha əmin olmağa imkan verdi. Ermənistan və İrəvanı dəstəkləyən dövlətlər Azərbaycanın təzyiqlərinə şifahi bəyanatlardan başqa heç nə ilə qarşı çıxa bilmirlər. Avqustun 29-da Bakı bu dəfə “kök” şəklində daha bir böyük addım atdı. Azərbaycandan 40 ton humanitar yardım daşıyan yük maşınları Ağdamdan keçməklə Xankəndiyə yola salınıb. Çərşənbə axşamı axşam saatlarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayona göndərdiyi maşınlar indiki bəlli nöqtəyə çatsa da, irəli gedə bilməyib, yükün separatçılar tərəfindən qarşısının alındığını bildirib.

Azərbaycan üçün Qarabağ ermənilərinə humanitar yük göndərmək qərarı İrəvanla informasiya qarşıdurmasında qalib gəlmək və Ermənistan hakimiyyətinin bütün dünyaya bəyan etdiyi “blokada”nın əslində olmadığını göstərməkdir. Bundan əlavə, Bakı üçün Qarabağın onun daxili işi olduğunu göstərmək prinsipial əhəmiyyət kəsb edir. Müvafiq olaraq, bu ərazi Azərbaycanın uyğun hesab etdiyi marşrutlarla təmin edilməlidir. İndi məsələ erməni tərəfinin üzərinə düşür. Qarabağdakılar isə humanitar yardımların çatdırılması üçün Laçına alternativ yollardan istifadə etmək niyyətində deyillər. Avqustun 28-də Arayik Arutyunyan əmin edib ki: “Yalnız bir yol olacaq - Laçın yolu, biz başqa yollarla məhsul idxal etməyəcəyik”.

“Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açılacaq”. Xəbər verilir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC-yə müsahibəsində deyib. “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, – Prezidentin köməkçisi bildirib. Onun sözlərinə görə, Qarabağdan olan ermənilərə Azərbaycanın digər vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları təklif olunur.

Bir qrup erməni təxribatçının Azərbaycanın göndərdiyi yardım TIR-larının önünü kəsməsi diqqəti Xankəndidəki separatçılara fokuslayıb. Bu təxribatçıların Ruben Vardanyanın dəstəsinə aid olduğu deyilir. Deməli, humaniyar yardımın Xankəndiyə çatmasına sülhməramlılar, dolayısı ilə Rusiya da razı deyil. Diqqət edin, Vardanyan Rusiya sülhməramlılarını müdafiə edən açıqlamalar verib, Rusiya Müdafiə Nazirliyi isə Azərbaycanı Şuşada “atəşkəsi pozmaqda” ittiham edib. Bu, əslində ittihamdır. Paralel olaraq Qarabağdakı qondarma “rus icması”nın Azərbaycanın tərkibində yaşamaq istəmədikləri barədə açıqlama verməsi isə kələfin ucunun açıldığına işarədir. Beləliklə, Ağdam yolunda Azərbaycan TIR-larının önünün kəsilməsinin arxasında rus izinin olduğu ehtimalını ön plana çıxır. Buna həm də, Rusiyanın ikili oyunu deyirlər. Bir tərəfdən Bakının qarşısını kəsə bilmədiyi üçün Laçın yolu ilə yanaşı Ağdam yolunun da açılmasını dəstəkləyir, digər tərəfdən, Vardanyanın dəstəsini oyuna daxil etməklə “erməni əhalisi yardımı qəbul etmir” görüntüsü yaradır. Və bununla da azərbaycanlıların qurduğu çadırla erməni təxribatçıların qurduğu çadır arasında “vasitəçi” kimi bölgədəki mövcudluğuna ehtiyac formalaşdırır. Xankəndi uğrunda mübarizənin yeni mərhələsi artıq başlayıb.

Bu arada Qarabağda yaşayan bəzi erməniəsilli şəxslər onlar üçün aparılan 40 ton unun guya zəhərli olması barədə iddial irəli sürürlər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu gülünc adlandırıb. Cəmiyyətin rəsmiləri bir qrup xarici media orqanının Azərbaycan nümayəndəliklərinin əməkdaşlarına açıqlamasında deyiblər ki, hər kəs həmin mallara baxa bilər. “Bizim məqsədimiz humanitar yardım göstərmək, kömək etməkdir, əlbəttə, məqsədimiz insanları zəhərləmək deyil. Hər kəs həmin mallara baxa, orada sərbəst şəkildə çəkiliş də apara bilər”,- qurum rəsmisi qeyd edib.

Ermənilərin Fransa ilə əlbir olub törətməyi planlaşdırdıqları yeni TIR şousuna isə qızğın hazırlıq gedir. İrəvandan yola düşən TIR-ları qarşılamaq üçün Zəngəzurda – Kornidzor kəndində çadırlar qurulub. Bu çadırların “humanitar qərargah” kimi istifadə olunacağı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Azərbaycanla razılaşdırmadan sərhədə göndərdiyi TIR-lar günlərdir orada qalıb. “Humanitar yardım” adı altında törədilən təxribatın növbəti həmləsi isə bu gün başladılıb. Erməni təxribatında Fransa da yaxından iştirak edir.

Beləliklə, Azərbaycan öz vətəndaşı hesab etdiyi Qarabağ ermənilərinə humanitar yardım etmək üçün bütün imkanlara malik olduğunu deyib və sözünü də tutub. Qızıl Aypara Cəmiyyətinin maşınları 40 ton həcmində humanitar yükün Ağdam-Xankəndi yolundan keçməklə Xankəndiyə göndərmək niyyətindədir. Amma Əsgəran yaxınlığında rus sülhməramlıları, bir az irəlidə isə erməni separatçıları başlanan prosesə, yükün ünvanına çatdırılmasına əngəllər törədirlər. Buradan da belə çıxır ki, Ermənistan və onun Fransa kimi havadarlarının “humanitar fəlakət”lə bağlı apardıqları kampaniya yalan və uydurmadır. Çirkin siyasət terrorçu-separatçı qurumun girovundakı ermənilər üzərindın aparılır. Bəla burasındadır ki, “humanitar fəlakət” ssenarisinin tərtibçisi, təşviqçisi və realizə edəni baş təxribatçı Fransadır. Rəsmi Paris öz rolunu çox “məharətlə” ifa edir. Bir tərəfdən sülh təşəbbüsü görüntüsü yaradır, əslində isə Ermənistan üzərindən Cənubi Qafqaza soxulmaq üçün min bir hiylə işlədir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə