“Azərbaycan və Özbəkistan arasında əlaqələr yüksək səviyyəyə çatıb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan xalqının tarixi taleyi bütün unikallığına və orijinallığına baxmayaraq, bir çox cəhətlərinə görə özbək xalqının tarixi və taleyi ilə birdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan və özbək xalqları arasında münasibətlər qədim tarixə malikdir, xalqlarımız bütün dövrlərdə dost olmuş, bir-birini dəstəkləmiş, mədəni dəyərləri birlikdə inkişaf etdirmişlər”. Azərbaycan xalqının qədim mədəniyyətinin, elmi fikrinin mənşəyi onun tarixinə dərin kök salmaqla yanaşı, qohum xalqların mənəvi həyatını qidalandırır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, XI əsrin ortalarında Azərbaycan və Özbəkistan Şərqin ən mühüm elmi fikir mərkəzlərindən biri idi: “Azərbaycanın Şamaxı, Təbriz, Ərdəbil, Marağa, Gəncə, Naxçıvan şəhərlərində, Özbəkistanın Buxara, Urgenç, Səmərqənd, Xocənd və başqa şəhərlərində “Hikmət evləri”, kitabxanalar, rəsədxanalar yaranmışdır.
Bu proses ikitərəfli xarakter daşıyır və ona görə də Azərbaycan və özbək xalqları arasında mədəni əlaqələrin öyrənilməsi və təbliği iki müstəqil dövlətin tarixinin müasir mərhələsində bu əlaqələrin inkişafı və möhkəmlənməsi üçün zəmin yaradır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan və özbək xalqları arasında münasibətlərin tarixi formalarına yenidən nəzər salmaq mümkün oldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qardaş Özbəkistanla əlaqələrə həmişə xüsusi önəm vermiş, hələ sovet dövründə qardaş türkdilli ölkələrə xüsusi maraq göstərmişdir”.
Deputat sözlərinə belə davam edib: “Biz Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, ölkələrimizin strateji tərəfdaşlığında, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, ölkələrimizin bütün beynəlxalq platformalarda bir-birini dəstəkləməsində Ulu Öndərin müstəsna rolunu görürük.
Bu gün Ulu Öndər Heydər Əliyevin arzu və ideyaları gerçəkləşmiş, müstəqil Azərbaycan öz köklərini, tarixi keçmişini, müstəqilliyini, zəngin mədəniyyətini qoruyub saxlamaqla dünya dövlətləri arasında inamla irəliləyir.
Ulu öndərin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla bu tarixi dostluq və əməkdaşlığı uğurla davam etdirir. İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında əlaqələr yüksək səviyyəyə çatıb.
Bunun ən bariz sübutlarından biri 2004-cü ilin martında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışıdır. Özbəkistan Prezidenti bu abidəni “qardaş Azərbaycan xalqına, onun qədim tarixi və mədəniyyətinə, əsrlərin sınağından çıxmış sönməz ruhuna, iradə və dözümlülüyünə, onun parlaq gələcəyinə hörmət və etimad rəmzi” adlandırmışdır.
Azərbaycan da öz növbəsində özbək xalqının zəngin tarixinə və mədəniyyətinə, dünya sivilizasiyasının inkişafına verdiyi töhfələrə böyük hörmətlə yanaşır. Özbək ədəbiyyatının böyük klassiki, şair və mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığı xüsusi maraq doğurur. 2007-ci ilin mayında Azərbaycanda Ə.Nəvainin “Mezonul Avzon” əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimatı, 2008-ci ilin sentyabrında isə Bakıda böyük özbək şairinin abidəsinin açılışı olub. Azərbaycan paytaxtının mərkəzi küçələrindən birinə görkəmli alim və dövlət xadimi Mirzo Uluqbəkin adı verilib.
Mədəni-humanitar əlaqələrin tarixində daha bir əlamətdar hadisə 2010-cu ildə Daşkənddə ikitərəfli münasibətlərin inkişafında əvəzsiz xidmətləri olan, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.
Mədəniyyət özünü bütün dünyaya tanıtmaq istəyən inkişaf etməkdə olan gənc dövlətin səfiri rolunu ən yaxşı şəkildə oynamağa qadirdir. Mədəniyyət xalqın özünü necə gördüyünü, xarici dünyaya necə göründüyünü əks etdirir və bu cəhətlərin hər ikisi böyük əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.
Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim edib.
Bu günlərdə isə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə ölkəmizə növbəti səfərləri tarixi hadisələrdəndir. Özbəkistan Prezidentinin səfər çərçivəsində Azərbaycan Özbəkistan arasında bir çox sahələrdə ikitərəfli sənədlərin imzalanması baş tutdu. Füzulidə sözü gedən möhtəşəm məktəbin açılışına qatılan ölkə başçıları dünyaya bir çox məsajlar verdilər.
Ölkə prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük qonaqpərvərlik və səmimiyyətlə səfərdə olan qonaqları dost və qardaşçasına öz obamızda qarşıladı və hər addımda birlikdə oldular. İşğaldan azad olunmuş torpaqlarımıza da birgə səfər etdilər. Ölkə Rəhbərimizin də qeyd etdiyi kimi: “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk. Artıq onu da demək lazımdır ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən mayda Füzuliyə səfərim zamanı tikinti işləri ilə tanış oldum və Özbəkistanın bizə bağışladığı həmin qardaş hədiyyəsinin miqyasını əyani şəkildə gördüm”.
Bəli, əslində bu kiçik məktəbin tikilməsinin böyük rəmzi önəmi var. Önəmi ondadır ki, 44 günlük haqq savaşından sonra 30 il ərzində yağmalanaraq viran qoyulmuş tarixi torpaqlarımızın bərpası üçün ilk əl uzadan qardaş oldu. Onlar elə bildilər ki, Azərbaycan xaraba halına salınmış doğma el-obasını bərpa edə bilməyəcək. Lakin xarici və daxildə olan düşmənlərimiz çox yanlış düşündüklərini artıq qəbul edirlər. Separatçı ermənistan yenə silah-sursat dilənməkdədir. Biz isə dostluq qurmaqda, regionda sülh yaratmaqdayıq. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə elan etmişdir ki, Azərbaycan azad edilmiş doğma torpaqlarını bərpa edəcək və bu yolda bütün imkanlardan istifadə edəcək. Bütün Azərbaycan xalqı inanır ki, Azərbaycanın dostları və qardaşları necə ki, haqq mübarizəmizdə daima yanımızda oldular, bundan sonra da, bərpa-quruculuqda da birgə olacaqlar.
Biz inanırıq ki, Azərbaycanımızın dostları, düşmənlərindən daha çoxdur! Yaşasın dostluq! Yaşasın sülh və əmin-amanlıq!
Bundan sonra da, Azərbaycan- Özbəkistan dostluğu əbədi və sarsılmazdır! İki dost qardaş ölkə öz əlaqələrini və dərinliklərə söykənən dostluğunu hər daim yeniləyərək, türk dünyasının gücünü və hər sahədə bir-birinə dəstəyinin nümayişi kimi qiymətləndirmək olar!”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB