İrəvan müharibəyə hazırlaşır? - ŞƏRH+AKTUAL

İrəvan müharibəyə hazırlaşır? - ŞƏRH+AKTUAL

Rusiyalı ekspert: "Ən pis ssenariləri, o cümlədən hərbi-siyasi fors-majorları təhlil etmək kifayət qədər həyəcanvericidir"

"İrəvan üçün Qarabağ uğrunda yeni müharibə gözlənilən hadisədir". Bu fikirləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün teleqram səhifəsində paylaşıb.

Onun sözlərinə görə, analizlər göstərir ki, Ermənistan tərəfi mümkün silahlı münaqişəni real hesab edir. Ona görə də baş verən hər şey silahlı münaqişənin ola biləcəyinə işarədir: "Bütün bunlar Ermənistan ordusunun Hindistan və İrandan silah, o cümlədən kamikadze PUA-lar, çoxsaylı reaktiv yaylım atəş sistemləri və digər silah növləri alması fonunda baş verir".

"Ermənistan davamlı olaraq münasibətlərin sülh yolu ilə həlli imkanlarını bağlayır"

Hərbi ekspert daha bir reallığı da qeyd edib ki, Ermənistan Azərbaycan üzərində bundan sonra heç vaxt hərbi üstünlüyə nail ola bilməyəcəyini başa düşsə də, hələ də yeni münaqişəyə hazırlaşdığını sərgiləyir.

Korotçenkonun sözlərinə görə, Ermənistan davamlı olaraq münasibətlərin sülh yolu ilə həlli imkanlarını bağlayır. Yəni, arxa planda sülhə qarşı revanşizm planlarını qurur: “Təəssüflər olsun ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən görüşündə əldə olunan razılaşmaların nəticə vermədiyini və İrəvan, o cümlədən Qarabağdakı separatçılar tərəfindən qarşısının alındığını görürük. Razılaşmadan praktiki həyata keçirməyə qədər məsafə çox böyük ola bilər. Göründüyü kimi, Ermənistanda revanşist qüvvələr kifayət qədər təsirlidir. Qarabağ separatçılarının liderləri arasında danışıqlar aparmaq iqtidarında olmayan, dialoqa və Azərbaycanın hüquqi-siyasi məkanına reinteqrasiya məsələlərinə praktiki, ağlabatan yanaşmaya qadir olmayan insanlar var”.

Politoloq sülh şansının hələ də qaldığını bildirib, lakin sülhün əldə olunmayacağı halında müharibənin qaçılmaz olacağını bildirib. Onun sözlərinə görə, Ermənistan prosesi kər vəchlə uzatmağa çalışır. Ancaq rəsmi Bakı da İrəvanın oyunbazlıqlarına səbir etmək düşüncəsində deyil.

İqor Korotçenko bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatını xatırladıb: “Təbii ki, yeni irimiqyaslı toqquşmaların baş verməməsi mümkündür. Prezident İlham Əliyev çıxışlarında vurğuladı ki, onun təklif etdiyi beş sülh prinsipi əsasında bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi imzalamaq şansı var. Hansı şansların daha çox olacağını - sülh və ya silahlı münaqişə üçün - biz vəziyyətin inkişafı prosesində artıq öyrənəcəyik".

Hərbi ekspert bir daha bildirib ki, ümumilikdə, ən pis ssenariləri, o cümlədən hərbi-siyasi fors-majorları təhlil etmək kifayət qədər həyəcanvericidir.

Onların dadına nə vasitəçilər, nə də digər havadarları çata bilməyəcək

"Bu baxımdan, Rusiya öz vasitəçilik roluna sadiq qalır və Bakı ilə İrəvanın mövqelərini yaxınlaşdıra bilməsi üçün əlindən gələni edəcək. Təəssüf ki, erməni isteblişmentində heç də hamı buna hazır deyil”, - deyə o öz şərhində qeyd edib.

Görünən isə budur ki, Ermənistan belə davam edərsə, günah Azərbaycanın üzərində deyil, bilavasitə İrəvanın üzərində olacaq. Lakin sonrakı proseslər, yəni müharibə ehtimalının artması revanşçı qüvvələrin 100%-lik sonu olacaq. Onların dadına nə vasitəçilər, nə də digər havadarları çata bilməyəcək.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə