Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri, eləcə də birgə təşkil olunan Azərbaycan-Özbəkistan biznes forumu iki ölkə qardaş ölkə arasında iqtisadi əlaqələrin yeni istiqamətlərini və yol xəritəsini müəyyən etdi. Bəlli oldu ki, hər iki ölkənin işgüzar dairələri həm ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq, həm də neft-kimya, qaz, mədənçıxarma, eləcə də nəqliyyat sektorlarında birgə layihələrin həyata keçirilməsi üçün investisiyaları əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədirlər. Bunun fonunda isə Bakı ilə Daşkənd arasında əməkdaşlığın uzunmüddətli perspektivlərini müəyyən edən bir sıra sənədlər imzalandı, hansıki hər iki qardaş ölkə üçün xüsusən də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir.
Diqqətə çatdıraq ki, hər iki qardaş ölkənin qarşılıqlı səyləri sayəsində artıq bir sıra mühüm addımlar atılıb və son bir neçə ildə hər iki ölkənin işgüzar dairələri iqtisadi əməkdaşlığı möhkəm təməl üzərində həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, Bakı və Daşkənd Türk Dövlətləri Təşkilatının inteqrasiya təşəbbüslərində çox yaxından iştirak edir, regional nəqliyyat, tranzit və logistika layihələrində əməkdaşlıq edir, ikitərəfli ticarəti fəal şəkildə artırır. Özbəkistan tərəfdaş olaraq, ölkələrimiz arasında tranzitin genişlənməsinə öz töhvələrini verməkdədir.
Doğrudur, Özbəkistanın Xəzər dənizinə birbaşa çıxışı yoxdur, amma bu qardaş ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Orta Dəhlizin digər marşrutlarının iştirakçısı olan ölkələrin aktiv yükdaşıyıcısı, tərəfdaşıdır və bu gün mövqeləri Bakı və Daşkəndin tranzitini genişləndirmək, eləcə də Transxəzər dəhlizi boyunca yükdaşımaların həcmini artırmaqla tam üst-üstə düşür. Eyni zamanda ölkələrimiz arasında mülki aviasiya sahəsində əməkdaşlıq da çox fəal, intensiv şəkildə inkişaf etdirilir. Son vaxtlar iki ölkənin aviaşirkətləri həftədə 15 uçuş həyata keçirirlər və xüsusi ilə vurğulamaq yerinə düşərdi ki, Bakı forumunun yekunlarına əsasən, hava hərəkətinin intensivliyinin artırılması ilə bağlı artıq razılıq da əldə olunub. Təbii ki, nəqliyyat sahəsində əməkdaşlığının yüksək dinamikası ticarət göstəricilərində də özünü göstərməlidir və göstərir də. Diqqətə çatdıraq ki, əgər 2017-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi nisbətən kiçik, daha dəqiq desək, 31,2 milyon dollar təşkil edirdisə, ötən il bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artaraq, 182 milyon dollara çatıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, 2023-cü ilin yanvar-iyun aylarında qarşılıqlı ticarət 1,7% artaraq 84,6 milyon dollar həddində olub. Ən sevindirici hal isə odur ki, iki qardaş ölkə bundan sonra, daha dəqiq desək, qarşıdakı beş il ərzində ikitərəfli ticarəti 1 milyard dollara çatdırmağı hədəfləyir. Heç şübhəsiz ki, eyni şəkildə yüksək tempi əczaçılıq, neft-kimya məhsulları, plastik məmulatlar, polimerlər, mədənçıxarma məhsulları, kənd təsərrüfatı sektoru və digər istiqamətlərdə qarşılıqlı tədarükü artırmaqla əldə etmək mümkündür və həttə bunu Biznes-forum iştirakçılarının qiymətləndirmələri də təsdiq edir.
Avtomobil sənayesini də burada qeyd etmək yerinə düşərdi. Həmin sənayenin, avtmobil sənayesinin inkişafı, davamlılığı kənd təsərrüfatı, eləcə də yüngül sənaye sahələrində birgə istehsal layihələrinin həyata keçirilməsinə öz müsbət təsirini göstərməyə bilməz. Bilirik ki, Hacıqabul sənaye məhəlləsində iki ildir, artıq “Chevrolet” avtomobillərinin yığılması üzrə Azərbaycan-Özbəkistan birgə müəssisəsi fəaliyyət göstərir. Bununla yanaşı ən iri regional pambıqtəmizləyici avadanlıq istehsalçısı Özbəkistanın “PAHTAMAŞ” şirkətinin dəstəyi ilə onun tikintisi planlaşdırılır, hansıki bu, Azərbaycanda pambığın ilkin emalı zavodu olacaq.
Xüsusilə diqqətə çatdıraq ki, ortamüddətli perspektivdə Bakı və Daşkənd ümumilikdə, 800 milyon ABŞ dolları məbləğində birgə layihələr üzərində işləyir. Elə bu səbəbdəndir ki, perspektivli sənaye və investisiya layihələrinin həyata keçirilməsi üçün kapitallaşma səviyyəsi 500 milyon ABŞ dolları olan birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası saziş də imzalanıb. Məqsəd də qeyd olunduğu kimi, iki ölkə arasında birgə layihələrin reallaşdırılmasıdır. “İki ölkə ictimaiyyəti bugünkü danışıqların nəticələrini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki həyata keçirilməsində görəcək. Beləliklə, beş yüz milyon dollar nizamnamə kapitalı ilə bu yaxınlarda yaradılmış müştərək investisiya fondu bu məbləği çox tez mənimsəyəcək və onu artırmaq lazım gələcək”, deyə bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlardan sonra mətbuata birgə bəyanatında bəyan edib. Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin fikirlərinin tez bir zamanda reallaşdığının şahidi olan Azərbaycan ictimaiyyətinin, eləcə də bunu duyan dünya ictimaiyyətinin qeyd olunanlarla bağlı zərrə qədər şübhəsi ola bilməz və yoxdur da. Həm də ona görə şübhə yoxdur ki, son illərdə Azərbaycan-Özbəkistan birgə müəssisələrinin sayının dörd dəfə artması növbəti mərhələ üçün heç bir şübhə yeri qoymur. Bu arada diqqətə çatdırmaq yerinə düşərdi ki, Özbəkistanda Azərbaycanın kapitalı ilə ticarət, maşınqayırma, metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak əməliyyatları, enerji, zərgərlik, qida və yüngül sənaye, əczaçılıq və xidmət sahələrini əhatə etməklə 204 müəssisə fəaliyyət göstərir. Həmçinin diqqətə çatdıraq ki, öz növbəsində Azərbaycanda 53 Özbəkistan şirkəti fəaliyyət göstərir, hansıki onların da iştirakı ilə müxtəlif layihələr həyata keçirilir.
İki ölkədən 250-dən çox şirkətin iştirak etdiyi biznes forum çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun tərəfdaşları olan “Özbəkneftqaz” SC və Özbəkistanın Mədən və Geologiya Nazirliyi arasında əməkdaşlıq haqqında neft-qaz və neft-kimya sektorları, hər iki ölkədə profilli layihələrdə qarşılıqlı iştirakı təmin edən sazişlər imzalanıb, neft və neft-kimya, qaz-kimya məhsulları üzrə ticarət və logistika sahəsində əməkdaşlığın perspektivləri qeyd edilib, bu sahələrin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi və kadrların birgə hazırlanmasına dair razılıqlar əldə olunub. Forumun eyni dərəcədə mühüm nəticəsi Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair 2023-2025-ci illər üçün yol xəritəsinin imzalanması olub.
Sözsüz ki, bütün bunlar iki qardaş ölkə arasındakı münasibətlərin fərqli səviyyəsini, daha dorusu, yüksək əməkdaşlıq səviyyəsini göstərir. “Bunlar münasibətlərin fərqli səviyyəsini, sənayenin lokallaşdırılmasının fərqli səviyyəsini və nəqliyyat logistikasının inkişafını təmin edən çox ciddi layihələrdir, çünki bu gün bizim üçün, Özbəkistan üçün, ümumiyyətlə, iqtisadiyyatımızda nəqliyyat komponenti çox ciddi komponentdir. Biz isə ən yaxın ölkə ilə, Azərbaycanla öz istiqamətimizi müəyyənləşdiririk və bu gün razılaşdığımız hər şey yerinə yetirilərsə, həm Özbəkistan iqtisadiyyatı, həm də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacaq”, deyə Prezident Şavkat Mirziyoyev bildirib və Özbəkistan Prezidentinin fikirləri heç də təsadüfi deyil, çünki qardaş ölkənin lideri əlaqələri çox yüksək qiymətləndirir. Əslində, həqiqətən də qardaş ölkələr, Azərbaycan və Özbəkistan arasında yüksək əməkdaşlıq səviyyəsini görməmək, bu əməkdaşlığın yüksələn xətt üzrə inkişafını qiymətləndirməmək mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB