Separatizmə dəstək verən Rusiya vətəndaşlığı olan şəxslər bölgəni necə tərk edir?
Ermənistanın son ümidi də puç oldu, Azərbaycanı “humanitar fəlakət”lə vurmağa çalışan İrəvan özü tələyə düşdü, bütün proseslər, qurulan tələlər, “möhtəşəm” ssenarilər bir həmlədəcə iflasa uğradı. BMT Təhlükəsizlik Şurasına qədər sürüklənən proseslərdən məğlub ayrılan Ermənistan hələ də yollar arayır. Gah Azərbaycan-Ermənistan şərti sərhədində təxribatlar törətməyə cəhd edir, gah Qafan şəhərindəki uzun müddətdən sonra aeroportunu, əslində isə helikopterlərin enməsi üçün meydançanı xatırladan düzəngaha birmotorlu kiçik təyyarələri endirməklə h hava sərhədimizi pozur, gah Avropa İttifaqından olan müşahidəçilərin dili ilə Azərbaycana təhdidlər yağdırır, gah da Qarabağdakı separatçıları qızışdırmaqla onları yeni müharibəyə sövq edir. Amma bütün bunların yetərli olmadığını rəsmi İrəvan özü də bilir. Vaxt da getdikcə daralır, sülhməramlıların yeni planlarının işə düşəcəyini gözləmək də erməniləri qane etmir.
Separatçılar arasında qarşıdurma isə özünün pik həddinə çatıb. Arayik Arutyunyan aradan çıxmaq üçün yollar axtarır, ən azından öz canını qurtarmaq naminə “kreslosu”nu da qurban verməyə hazırdır. Kremlin adamı Ruben Vardanyan isə artıq perspektivi olmayan “hakimiyyət”dən öz payını qoparmaq barədə baş sındırır, itirdiklərini bərpa etməyə çalışır. Rubenin “Qarabağ” planının iflası onu Arayiklə daha sərt davranmağa vadar edib. Artıq sülməramlılardan da Vardanyana haray yoxdur. O artıq canının hayına qalıb. Vaxtilə Qarabağda məskunlaşdırılmış Rusiya vətəndaşlarının bölgəni tələsik tərk etmələri separatçıların “kürkünə birə salıb”.

Əldə etdiyimiz məlumata görə, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməni əsilli vətəndaşlar Xankəndindən gəlib Gorus istiqamətinə keçib. "Laçın" sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana keçib. Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistan istiqamətində gedənlər, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etmək məcburiyyətində qalıblar.
Rəsmi Bakı ən müxtəlif səviyyələrdə daim bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, buranı tərk edib istədikləri yerdə yaşaya bilərlər. Bu gün Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Bütün bunlar onu göstərir ki, Rusiyanın Dnestryanı, Donbas kimi ssenariləri Azərbaycanda keçmədi, "Rus dünyası” iddiası iflasa uğradı. Sadəcə, bunları prosesin başlanğıcı da adlandırmaq olar. Hələlik, proses sanki könüllülük əsasında həyata keçirilib. Vaxt daraldıqca Azərbaycan sərhədlərini geridə qoyanların sayının artacağı, hətta kütləvi köçün baş verəcəyi də gözləniləndir.
Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər. Bunu qəbul etməyənlər üçün isə sərhəd açıqdır, istədikləri yerə çıxıb gedə bilərlər.
Separatçıların getdikcə tükənməsi, aralarında gərginliyin artmasını ermənilərin özləri də etiraf edirlər. Qarabağ separatçıları artıq xaosun bir addımlığındadır, istənilən an idarəolunmaz vəziyyət başlaya bilər. Xankəndidəki saxta “təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Qaramyan oradakı ermənilərə xitabən “Ayılmaq və özünə gəlmək vaxtıdır. Lazımsız emosiyalara qapılmayın. Baş verə biləcək xaos müəyyən hadisə və sarsıntılara səbəb olacaq. Bu hadisələr sırasında müxtəlif qruplar arasında qanlı toqquşmaları da istisna etmək olmaz”, deyib.
Ərazilərimizdə separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslər, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər. Məcburi olmayan, könüllü xarakter daşıyan bu köçün davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər.

Biz proseslərə mane olan şəxslərdən və onların arxasında duranlardan söhbət açmışkən Ermənistan ərazisində, Azərbaycan sərhədləri yaxınlığında patrul xidməti göstərən avropalıları da yada salmalıyıq. Onlar müşahidədən başqa hər işlə məşğuldurlar. Görün bu missiya öz X sosial hesabında nələr yazıb: “Ermənistan-Azərbaycan sərhədinin rayonlarına bitişik kənd və şəhərlərdə patrul xidməti həyata keçirərək, münaqişənin onların həyatına necə təsir etdiyini daha yaxşı başa düşmək üçün yerli sakinlərlə söhbət edirik. Biz onları EUMA-nın mandatı və fəaliyyəti haqqında da məlumatlandırırıq. İnsanların təhlükəsizliyi üçün patrul xidməti bizim mandatımızın ayrılmaz hissəsidir”. “Təhlükəsizliyini təmin edirik”, deyəndə müşahidəçilər nəyi nəzərdə tuturlar. Yoxsa, Azərbaycana qarşı aparılan təxribatçı əməliyyatların arxasında duranlar elə əsasən kəşfiyyatçılardan ibarət olan Aİ-nin müşahidə missiyasının üzvləridir?
Qarabağda baş verənlər İrəvanın son dərəcə narahatlığına səbəb olub. Ruben Vardanyanın çıxışı və separatçıların lideri Arutyunyana ünvanlanan “Siz nə lider, nə də baş komandan ola bilmədiniz” bəyanatı yeni prosesdən və çox təhlükəli problemdən xəbər verir. Bu barədə Alternativ Layihələr qrupunun dərc etdiyi məqalədə də deyilir. Ermənistandan fərqli olaraq, Qarabağdakı separatçılar 100 faiz başa düşürlər ki, Azərbaycan ordusunun bölmələri bir neçə yüz metr aralıdadır. Ona görə də düşünürlər ki, onları İrəvandan yox, Xankəndidən idarə etsələr daha effektiv olar. İndiki Ermənistan hakimiyyəti bu gün ictimai etimadı çox aşağı salıb və idarəetmə qabiliyyəti çox zəifdir. Separatçılar vəziyyəti deeskalasiya etmək üçün ən qısa yol tapıblar - Qarabağda və Ermənistanda yüksək keyfiyyətli yeni hökuməti formalaşdırmaq.
Beləliklə, Ermənistan separatçılar üzərindən yeni oyunun ssenarilərini testdən keçirməyə cəhd edirlər. BMT Təhlükəsizlik Şurasında gedən müzakirələrdən bir nəticə çıxarmayan, haqsız olduğunu qəbul etməyən erməni bu dəfə başqa oyunlarla gündəmə gəlməyə çalışır. Düşünür ki, “Qarabağ”, “humanitar fəlakət” ifadələrini gündəmdə saxlamaqla dünya birliyinə nəyisə sübut edə biləcəklər. Halbuki, reallıq başqadır, həqiqət Azərbaycanın tərəfindədir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB