Ermənistanın sülh danışıqlarını pozmaq üçün yeni cəhdi - Ekspert rəyi
Sabir Şahtaxtı, siyasi elmlər üzrə fəlsəfə doktoru
... Görünür Paşinyan hakimiyyəti BMT Təhlükəsizlik Şurasında aldığı sarsıdı zərbədən xilas olmaq üçün vurnuxmağa başlayıb
Qafqaz bölgəsinə ayaq açandan bəri fitnə toxumu səpməklə zaman-zaman öz mövqelərini gücləndirməyə çalışan erməni millətçi dairələri nəyin bahasına olursa-olsun əsasız iddialarını qorumağa çalışırlar. Keçmiş SSRİ-nin dağılmasından sonra dünyadakı siyasi düzümün kökündən dəyişməsi onların düşüncəsinə çatmır ki, çatmır. Təcavüzkar Ermənistanı əsarətində saxlamaqla öz toplumunu belə əzdikcə əzən bu millətçilik riyakarlıqdan və hiyləgərlikdən başa bir şey tanımır. Bu riyakar millətçiliyin tipik nümayəndəsi olan baş nazir Nikol Paşinyanın hərdəmxəyal qərarları dediklərimizə real nümunələr çoxluğudur. Mövcud Ermənistan rejimi saxta mövzular uydurmaqla ictimai rəyi çaşdırmaq cəhdlərində özündən əvvəlki hakimiyyətləri də çox-çox qabaqlayıb.
Şuşada sərxoşcasına rəqs etməyin, Cəbrayıla xəyalı yol çəkməyin bədəlini 44 günlük Vətən müharibəsində ağır ödəyən Ermənistanın baş naziri Nikol Paşinyan indi də bildirib ki, gələn həftə Yerevandan Azərbaycanla həmsərhəd Qafan şəhərinə müntəzəm uçuşlar başlayacaq. Hazırda regiondakı bütün beynəlxalq iqtisadi layihələrdən məhrum olan Ermənistanın öz əhalisinin elementar ehtiyaclarını təmin etmək üçün xarici ölkələr və beynəlxalq təşkilatlar qarşısında davamlı olaraq əl açıb dilənçilik etməsi heç kəsə sirr deyil. Belə bir vəziyyətdə Qafandakı hava limanının istifadəyə hazırlanması üçün vəsaitin sərf edilməsinin səbəb və məqsədləri çoxlu suallar yaradır. Ermənistanın sülh razılaşması olmayan başqa bir dövlətin sərhədindən bir neçə onlarla metr aralıda hava limanı tikilməsi cəfəngiyyatdır. Azərbaycanın mövqelərindən hətta bu hava limanının daxilində baş verənləri aydın görmək və müşahidələr aparmaq mümkündür. İndiyədək Ermənistanda “təhlükəsizlik vəziyyəti ilə əlaqədar” bu hava limanının açılışı bir neçə dəfə təxirə salınıb. Qafan hava limanından eniş edən və səmaya qalxan təyyarələrin Azərbaycanın hava məkanını pozması qaçılmazdır. Belə olan halda “mülki sərnişin daşımaları” ad altında istifadəyə veriləcəyi elan edilən bu hava limanından Ermənistanın hərbi məqsədlər üçün istifadə etməyə çalışacağını düşünmək üçün ciddi əsaslar var.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün avqustun 16-da keçirdiyi təcili iclasda işğalçı ölkə və onun təcavüzkar niyyətlərini dəstəkləyən tərəflər növbəti dəfə siyasi-diplomatik rəzillik vəziyyətinə düşüblər. Görünür Paşinyan hakimiyyəti ya BMT Təhlükəsizlik Şurasındakı məlum iclasdakı məğlubiyyəti ört-basdır etmək üçün belə bir addım atmaq qərarına gəlib, ya da erməni din xadimləri və lobbisi Azərbaycana qarşı növbəti təxribat ssenarisini ona qəbul etdirib.
Məlumat üçün qeyd edək ki, dövlət sərhədlərində hava limanlarının tikintisi beynəlxalq hüquqla tənzimlənir. Bu barədə az sonra müfəssəl məlumat verəcəyik. İndi isə başqa bir mühüm informasiya təqdim edək: Azərbaycan Zəngilan hava limanını tikərkən sərhəddən xeyli aralıda müvafiq standartlara cavab verən yer seçdi, marşruta təsir edə biləcək mümkün külək gücünü nəzərə aldı və bununla da təyyarələrin Ermənistanın hava məkanına uçması riskini aradan qaldırdı. Keçmiş Sovetlər birliyi dövründə Qafan hava limanı fəaliyyət göstərirdi, lakin o zaman bütün respublikalar vahid coğrafi məkanın tərkib hissəsi olduğu üçün faktiki olaraq müttəfiq respublikalar arasında hava sərhədləri yox idi. Avropada sərhəd və transsərhəd hava limanları da var. Lakin bütün hallarda bunlar qanunvericiliklə tənzimlənir. Transsərhəd hava limanları ya ümumavropa və yaxud da ikitərəfli istifadə üçün nəzərdə tutulur. Ermənistanın isə Qafan aeroportu ilə bağlı Azərbaycanla heç bir razılaşması yoxdur. Belə olan halda qarşı tərəfə də bəllidir ki, Qafan hava limanının açılması kimi birtərəfli təxribatçı addımlar cavabsız qalmayacaq.
Qeyd edək ki, Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədən zamanı bu şəhərdə yerləşən Azərbaycanın eyniadlı hava limanı erməni işğalçıları tərəfindən tamamilə dağıdılmışdır. Təcavüzkar Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən 2009-2012-ci illərdə təmir olunana Xocalı Hava Limanı ötən dövrdə istifadəyə hazır olsa da, Azərbaycanın qəti etirazları bu aeroportun fəaliyyətinə imkan verməyib. Ermənistanın terrorçu hakimiyyət nümayəndələri vaxtilə Xocalı aeroportundakı təmir işlərini böyük təntənə ilə əvəzolunmaz nailiyyət kimi öz ictimaiyyətlərinə sırıyırdılar. O dövrdə beynəlxalq ekspertlər əsaslandırırdılar ki, Xocalı Hava Limanı mövzusu işğal altındakı Azərbaycan torpaqlarının azad olunması istiqamətində məlum danışıqları pozmaq üçün lazımdır. Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) parlamentdəki deputatı, Bundestaqın Səhiyyə Komitəsinin üzvü Yens Şpan hələ 2013-cü ildə bu barədə bildirimşdir ki, Ermənistanın Xocalı Hava Limanını yenidən açması Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının davam etdirilməsini mürəkkəbləşdirəcək. Aviasiya ilə bağlı beynəlxalq hüququn bütün istiqamtlərinə görə, Xocalı Hava Limanı Azərbaycan Respublikasının mülkiyyətidir və ora məxsus bütün suveren hüquqlar bərpa olunacaq.
Mövcud proseslər və işğalçı tərəfin ziddiyyətli qərarları və addımları deməyə əsas verir ki, Qafan hava limanı məsələsi siyasi mövzudur və məqsəd mövcud sülh danışıqlarını konkret hədəfdən yayındırmaqdır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının prinsipləri başda olmaqla mülki aviasiya uçuşları ilə bağlı beynəlxalq hüquq normalarını əsas götürən Azərbaycan Xocalı Hava Limanı üçün gördüyü tədbirləri eynilə Qafan hava limanına da tətbiq edəcək. Azərbaycan öz hava məkanının pozulmasına imkan verməyəcək və buna görə də Qafan aeroportu Xocalının taleyini yaşayaraq o, da eynilə muzey eksponatı olaraq qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB