Ermənistan və onun havadarlarına layiqli cavab verilib, verilir və veriləcək - DEPUTAT DANIŞDI
“Tarix boyu bütün fəaliyyətlərini yalan və iftiralar üzərində quran erməni cəmiyyəti bu vərdişlərindən qurtula bilmir. Təəssüf ki, onların yalanlarına bəzi dövlətlər, təşkilatlar, media qurumları da alət olurlar. Reallıq üzə çıxana qədər erməni yalan maşını ictimaiyyəti aldatmaqda davam edir. Sözsüz ki, sonda həqiqət qalib olur. 44 günlük müharibə və bunun yaratmış olduğu yeni bir reallıq var. Amma nə ermənilər, nə də 10 illiklər boyu onların yalanlarına inanlar yeni şərtləri qəbul etmək istəmirlər. İkinci Qarabağ müharibəsində şanlı Qələbə çalan Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. Hazırda Azərbaycan qlobal təşəbbüslər irəli sürən, sülh və təhlükəsizliyə, ədalətə və bərabərliyə mühüm töhfələr verən ölkədir. Bu reallığı beynəlxalq ictimaiyyət yaxşı dərk edir. Eyni zamanda, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranır. Bütün səviyyələrdə haqlı mübarizəsini ləyaqətlə aparır. BMT Təhlükəsizlik Şurasının iclası bunu bir daha sübut etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, ermənilər və onların məsləhətçi havadarları saxta «humanitar böhran» müzakirəsini Təhlükəsizlik Şurasına daşıya bilsə də, heç bir nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurasının iclasında Laçın-Xankəndi yolunun «bağlanması»ndan sonra yaranmış saxta «humanitar böhran»la bağlı müzakirələrdə Ermənistan növbəti dəfə məğlub oldu və müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə başa çatdı. BMT TŞ-də müzakirələr başlamadan əvvəl Ermənistan, qondarma Dağlıq Qarabağ rejimi, erməni diasporu Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli və faktlara əsaslanmayan hesabatının beynəlxalq ictimaiyyəti ayağa qaldıracağına ümid edir, bu məqsədlə genişmiqyaslı təbliğat kampaniyası aparırdı. Amma, nəticədə məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Əvəzinə isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. Beləliklə, hər kəsə bir daha aydın oldu ki, Azərbaycan öz qanuni torpaqlarının sahibidir və bu sahiblik hüququnu da kimsəyə verməyəcək.
Deputat diqqətə çatdırıb ki, məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir. TŞ-dəki müzakirələr Dağlıq Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. Ölkəmiz qalib dövlət olmasına baxmayaraq, müharibədən sonra iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınmasını və hörmət əsasında sülh təklif edib. Ermənilərin amansız qəddarlıqla törətdiyi humanitar və ekoloji cinayətlərə baxmayaraq, Azərbaycan münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edib. Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin taleyinə gəldikdə isə Azərbaycan onların ölkə Konstitusiyasında nəzərdə tutulmuş, habelə tərəfdar çıxdığı müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqları təmin edilməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyası üçün siyasət yürüdür. Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlər üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib. Təəssüflər olsun ki, Qarabağda, Ermənistanda yüzminlərlə həmvətənimizin öz dədə-baba yurdlarından zorla, vəhşicəsinə qovulmasına, son deportasiya zamanı Quqarkda, Masisdə azərbaycanlı gənclərin dəmir borulara doldurularaq, ağızları qaynaqlanaraq, qəddarcasına, barbarcasına qətlə yetirilməsində, Xocalı, Ağdaban, Meşəli, Cəmilli, Qaradağlı, Bağanıs-Ayrım qətliamlarında əli olanlar, hələ də, cəzalandırılmayıblar. Nə BMT və onun Təhlükəsizlik Şurası, nə də vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu və onun həmsədrləri üzərilərinə düşən vəzifəni icra etməyiblər. Sadəcə, təsiri olmayan, işğalçı ilə işğala məruz qalanı eyniləşdirən bəyanatlarla, söz yığını olan açıqlamalarla çıxış edərək regiona turist səfərləri etməklə, yeyib-içməklə gün keçiriblər. Bir çox hallarda az qala Ermənistanın vəkili, vəziri, sözçüsü rolunda çıxış ediblər.
K.Bayramov əlavə edib ki, Azərbaycan tərəfinin tutarlı və dəqiq arqumentləri Ermənistan və onun havadarlarının «humanitar böhran», «blokada» kimi növbəti siyasi manipulyasiya cəhdini məhv etdi. Ermənistan və onun havadarlarına layiqli cavab verilib, verilir və veriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB