Marionetlərin son ümidi - UTOPİYA, EYFORİYA VƏ DEKONSTRUKTİVİZM - TƏHLİL
Guya “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması səbəbi ilə humanitar vəziyyətin pisləşməsilə əlaqədar” növbədənkənar iclasın çağırılması tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edən Ermənistan öz ənənəsinə sadiq qalaraq, yenə də beynəlxalq ictimaiyyəti aldatmaq və bundan çirkin məqsədlər üçün istifadə etmək niyyətindədir. Sözsüz ki, qondarma və dırnaqarası “aclıq”, “soyqırım” deyə bir problem olmadığı halda rəsmi İrəvan, eləcə də erməni lobbisi məsələni şişirtməklə diqqəti cəlb etmək, bölgəyə hansısa qüvvələri yönəltmək, onların müdaxiləsinə nail olmaq, Azərbaycanın yaratdığı mövcud reallığı öz istəklərinə uyğun şəkildə dəyişmək arzusundadır. Sual doğuran məhz Ermənistan tərəfinin buna nail olub-olmayacağı məsələsidir və maraqlı məqam da ondan ibarətdir ki, görəsən ermənilər özləri buna inanırlarmı?
Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə, erməni baş naziri Nikol Paşinyanın bildirməsindən sonra ölkəmizin öz ərazisində atdığı addımları müzakirəyə çıxarmaq, yaxud da bunu mübahisə predmeti olaraq ortaya atmaq yalnız erməni xislətinin təzahürü ola bilər və bu, Ermənistanın danışıqlar prosesindən çıxmaq niyyətində olduğunu açıq-aydın şəkildə göstərir. Ermənistanın atdığı addım, daha dəqiq desək, qondarma və dırnaqarası “aclıq”, “soyqırım” iftirası ilə işğalçı ölkənin BMT Təhlükəsizlik Şurasına müraciət etməsi, guya “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması səbəbi ilə humanitar vəziyyətin pisləşməsilə əlaqədar” növbədənkənar iclasın çağırılması tələbi ilə çıxış etməsi rəsmi İrəvanın son zamanlar ifrat dekonstruktivizm nümayiş etdirən təxribatçı siyasətinin daha bir elementidir.
Rəsmi Rəvanın mövqeyində dəyişkənlik onu göstərir ki, Ermənistan hakimiyyəti separatçıların ideyalarının girovuna çevrilib. Ağdam-Xankəndi yolu ilə əlaqədar 24 saat ərzində aparılan danışıqların ardınca MBT-yə müraciət edilməsi bir daha göstərir ki, Qarabağın erməni əhalisini üzün müddətdir girovluqda saxlayanların əlində Paşinyan və onun hakimiyyət komandası oyuncaq kimi oynadılır. İşğalçı ölkə hakimiyyəti ölkəsinin aciz durumunu başa düşdüyü, qəbul etdiyi halda, müharibə, toqquşma, döyüş olacağı təqdirdə yenə də daha rüsvayçı məğlubiyyətə düçar olacağını anladığı halda separatçıların axmaq revanşizm ideyalarının öhdəsindən gələ bilmir, sanki onların quluna çevrilib və məhz separatıların marioneti kimi görünür. Azərbaycanın yaratdığı reallığı dəyişməyin mümkünsüzlüyünü dərk edən hakimiyyət bilməli idi ki, qəbul edilmiş hər hansı müraciətlər, qətnamələr, fərmanlar bu gün mövcud regional reallığa uyğun gəlmirsə, beynəlxalq qanunlara və onları təsdiq edən təşkilatın, başda da elə BMT-nin özünün də prinsiplərinə zidd olacaq. Yəni, bilməli idi ki, belə bir sənədin qəbulu perspektivi heç inandırıcı deyil. Əgər müraciət edibsə, deməli, ya bilmir, ya da boş ümidlər bəsləyir. Bu isə utopiyadan başqa bir şey deyil.
İkili standartların, ikili yanaşmaların hökm sürdüyü dünyada qeyri-adi halların, qərarların qəbuluna ümid edən ermənilər ola bilsin ki, eyforiyaya qapılıblar və zənn edirlər ki, bəlkə də tələbləri ilə bağlı istəklərinin qəbul edilməsi mümkün olar, amma bu rakursda da yanılırlar. Əvvəla ona görə ki, BMT kimi bir təşkilatın, beynəlxalq qurumun ermənilərin yalançı tələbləri ilə bağlı onları qane edən qərar qəbul etməsi elə həmin təşkilatın özünün dekonstruktivizm yolu ilə getməsi deməkdir, hansıki bu da beynəlxalq təşkilatlara qoyulan tələblərə cavab verilməməsi deməkdir və bu böyüklükdə təşkilat erməni yalanlarına görə buna rəvac verməz. Rəvac versə belə bu, Azərbaycanın deyil, elə məhz BMT-nin özünün nə isə edə bilmədiyinin, zəifliyinin, beynəlxalq hüquq normaları çərçivəsində ədalətli və obyektiv qərar verə bilməməsi kimi xarakterizə olunar. Nə vaxtsa ölkəmizə qarşı ikili standartların tətbiqinə öyrəncəli olmuş ermənilərin bu məqamda da eyni şəkildə nəyə isə ümid etmələri eyforiyayaya qapılmaqdır, çünki gözləntilərinin gerçəkləşməsi heç də gözlənilən deyil və Təhlükəsizlik Şurasında, həm də BMT-də oturanlar erməni lobbisinin onları doğru yoldan döndərməyə çalışdığını anlayaraq belə bir addım atmazlar, obyektivlik də qorunar. Ermənilərin tələblərinə baxılsa belə, müəyyən fikir oxşarlığı olsa belə, uzaq başı BMT müraciət xarakterli nə isə qəbul edə bilər və bu, heç də hədələyici məzmunlu, yaxud da hansısa məcburi tələbləri ehtiva edən ola bilməz.
Diqqətə çatdıraq ki, ərazilərimizdən erməni silahlılarının qeyd-şərtsiz çıxarılması barədə BMT-nin məlum dörd qətnaməsinə əsrin üçdə birinə yaxın müddət ərzində Ermənistan tərəfinin məhəl qoymadığını həmin beynəlxaq qurum çox yaxşı bilir. Yaxşı bilir ki, ATƏT-in Minsk Qrupunun misalında bir sıra təşkilatlar, qurumlar onillər boyunca heç bir nəticə hasil edə bilmədiyi halda, həmin qətnamələrin reallaşdırılmasını Azərbaycan öz üzərinə götürdü və bunun da öhdəsindən layiqincə gəldi, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq, öz gücünə qələbəni təmin etdi, ərazilərini işğaldan azad etdi, işğala son qoydu. Bütün bunların fonunda, əvvəla, BMT Bakını öz yolundan döndərməyə məcbur etmək fikrinə belə düşməz. Digər tərəfdən də BMT kimi bir mötəbər beynəlxalq təşkilat üçün sirr deyil ki, sülh yolu ilə nizamlanma prosesinə mane olacaq hər hansı qərar qəbul ediləcəyi təqdirdə heç bir qətnaməyə baxmadan öz ərazisində öz Konstitusiyasının və qanunlarının qəbul olunmasını Azərbaycan təmin edəcək və buna haqqı da, gücü də çatır. Deməli, Ermənistan tərəfinin utopiyaları və eyforiyaya qapılması tamamilə mənasız və yersizdir.
Heç bir fakta, heç bir arqumentə istinad etmədən qondarma və dırnaqarası “aclıq”, “soyqırım” deyə hay-həşir salan haylar bilməlidirlər ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycanın məlum məsələ ilə əlaqədar yetərincə arqumenti var. Ağdam-Xankəndi yolu barədə Azərbaycanın təklifi qüvvədədir və Ağdamdan yüklərin daşınması üçün yol açıqdır. Sual oluna bilər ki, niyə ermənilər bu yoldan istifadə etməkdən boyun qaçırır, imtina edirlər? Səbəb nədir ki, ancaq Laçın yolndan istifadə etmək ermənilər üçün bu qədər maraqlıdır? Belə bir sual elə BMT tərəfindən də Ermənistana verilə bilər. Məhz bu sualın fonunda elə BMT Təhlükəsizlik Şurası özü müzakirələrdən sonra sadəcə olaraq, həmin yoldan istifadə etməyi tövsiyə edər. Yox, əgər, Ermənistan tərəfi məhz 2020-ci il tarixli Üçtərəfli Bəyannaməyə istinad edərək, “azad və maneəsiz giriş öhdəliyi” barədə tələblə çıxış edərsə, bilməlidir ki, həmin sənəddə Laçın yolu ilə bağlı “sərbəst və maneəsiz giriş” öhdəliyi yoxdur, hansıki bu məqam BMT üçün də qaranlıq deyil. Diqqətə çatdıraq ki, həmin sənəddə maneəsiz əlaqə öhdəliyi yalnız Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən yola, yəni Zəngəzur dəhlizinə münasibətdə göstərilir. Biz sözlə, növbədənkənar iclasın çağırılması tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edən hayların nəyə isə ümid etmələri axmaqlıqdır. Ən maksimun halda, ermənilərin BMT Təhlükəsizlik Şurası sədrinin hər iki tərəfin korrektə olunmuş mövqelərini əks etdirən bəyanatından başqa nə isə gözləmələri elə utopiyadır.
Ən diqqətçəkən məqam odur ki, bu sadalananlar barədə elə Nikol Paşinyan özü də, onun hakimiyyət komandası da bilir. Bilir ki, bu müraciət də onlara heç nə verən, reallığı, Azərbaycanın yaratdığı reallığı dəyişən deyil. Elə isə niyə rəsmi İrəvan buna əl atır? Məsələ burasındadır ki, işğalçı ölkənin mövcud hakimiyyəti bunun son ümid yeri olduğu qənaətindədir və separatçıların əlində oyuncağa çevrilən həmin hakimiyyət bir növ elə separatçıların özlərinə də bunu göstərmək istəyir. Göstərmək istəyir ki, separatçılar yaxlarından əl çəksinlər. Axı Ermənistanın marionet hakimiyyəti məhz separatçıların girovu kimi nə isə edə bilmir və ümid edir ki, bu dəfə onlar reallıqları öz gözləri ilə görüb yerlərində oturarlar. Amma çətin ki, belə olsun, çünki rəsmi İrəvan həmin separatçılara qarşı qətiyyət göstərmədən, siyasi iradə nümayiş etdirmədən yaxasını onların əlindən xilas edə bilməyəcək. Deməli, ilk növbədə separatçılardan yaxa qurtarmaq gərəkir, əks halda, Ermənistanın marionet hakimiyyətinin son ümidi də puç olacaq və görünən odur ki, utopiya, eyforiya, dekonstruktivizm heç bir nəticə vəd etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB