“Fransa, Rusiya, İran kimi dövlətlərin hədəfləri bölgədə gərginliyin mövcudluğunu diktə edir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Fransa, Rusiya, İran kimi dövlətlərin hədəfləri bölgədə gərginliyin mövcudluğunu diktə edir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən davamlı olaraq təxribatlar törədilir, sərhədlərimizdə atəş açılır. Təəssüf ki, Ermənistan bu addımları atmaqla bir sıra çox ciddi bölgəmiz üçün nəticələr doğuracaq hədəflərə nail olmaq istəyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, Ermənistanın taktiki və strateji hədəflərini araşdırmaq lazımdır: “Ermənistanın mövcud hakimiyyəti taktiki hədəf olaraq öz hakimiyyət müddətini uzatmaq və Ermənistanla Azərbaycan arasında imzalana biləcək hər hansı bir razılaşmadan sonra hakimiyyətinə qarşı yarana biləcək təhlükələri sığortalamağa çalışır. Burada başlıca hədəf təbii ki, mümkün qədər Azərbaycanla razılaşmaların, danışıqların, sülh müqaviləsinin imzalanmasını uzatmaqdır. İkinci mühüm istiqamət isə Ermənistanın strateji baxışlarıdır. Burada Ermənistanın yanaşması ilə, eyni zamanda, Cənubi Qafqazda yeni oyunlar oynamaq istəyən tərəflərin də maraqları var. Çünki həm bölgəmizdə olan, həm də bölgədən kənar bir sıra güclər Ermənistanı alət etməklə Cənubi Qafqaz maraqlarını həyata keçirmək istəyirlər. Təbii ki, müəyyən dövlətlərin Cənubi Qafqaz maraqları Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmasını məqbul variant qəbul etmir. Məhz bu yanaşmadan Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi onların maraqları üçün ciddi zərbədir. Fransa, Rusiya, İran kimi dövlətlərin hədəfləri bölgədə gərginliyin mövcudluğunu diktə edir. Bu gərginlik üzərindən özlərinin maraqlarını həyata keçirməyə çalışırlar. Bu gün Laçın nəzarət buraxılış məntəqəsi ətrafında yaradılan şou, “humanitar böhran” məsələləri daha çox Qərb paytaxtlarında hazırlanaraq, Ermənistana ötürülür. Lakin Azərbaycanın ortaya qoyduğu siyasət nəticəsində bu layihələr və təxribatların müəllifləri istədiklərinə nail ola bilmədilər. Buna görə də mümkün qədər yeni elementlər daxil etməklə, münasibətləri gərginləşdirmək və Azərbaycana qarşı beynəlxalq müstəvidə təzyiq kampaniyası həyata keçirmək üçün hüquqi əsaslar yaratmağa çalışırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə