İnformasiya savaşının qalibi - ŞƏRH

İnformasiya savaşının qalibi - ŞƏRH

Tarixin bütün dönəmlərində «güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur» fikri öz təsdiqin tapmışdır. Belə ki, bəşər tarixinin son onillikləri müharibələrlə dolu olduğu bir zamanda hələ heç bir dövlət başçısı bu müharibələr zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Ancaq bir faktı da vurğulamaq lazımdır ki, qətiyyətli, nüfuzlu siyasi rəhbərə, dövlət başçısına beynəlxlaq marağın yüksək olması və bu marağın müharibə zamanı xüsusilə yüksək olması tam məntiqlidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir. Çünki bu gün Prezident İlham Əliyev müzəffər Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Dövlət başçımız dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində Azərbaycanın mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə, səlis izah edir, düşmənin iddialarını əks-arqumentlərlə yerindəcə ifşa edir.

Belə ki, iyulun 21-də Prezident İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı və iştirakçıların suallarına cavabı Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olundu. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Cənab İlham Əliyev bu mühüm addımı belə əsaslandırdı ki, ötən il burada, Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə bu tədbirdə iştirak etmədim. Prezident Administrasiyasına göstəriş verdim ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır: “Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar.”

Ölkə Prezidenti İlham Əliyev Forumda bir daha Azərbaycanın beynəlxalq aləmdə qazandığı sabitlik məkanı, birləşdirici aktor kimi nüfuzuna diqqət yönəltdi. “Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır” söyləyən dövlət başçısı bildirdi ki, Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu vurğulayan dövlət başçımız onu da qeyd etdi ki, belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir. Hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir: “Yəni, bu, o vaxt idi ki, rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə Azərbaycanda belə təmaslar potensial olaraq yenə də bərpa edilə bilər.”

Eyni zamanda, dövlətimizin başçısının 49 ölkəni təmsil edən 150 xarici media nümayəndəsinin iştirakı ilə keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibəsi əvvəlki müsahibələrində olduğu kimi yenə də yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Ermənistandakı ermənilərə mesaj haqda sualı cavablandırarkən deyib: «Mən heç zaman bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə belə sual verilir. Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik»,-deyən Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirib ki, onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır: «Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik».

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır və regionda baş verən bütün proseslərə təmkinlə yanaşır.

Vətən müharibəsindən sonra regionda vəziyyətin mürəkkəb olmasının səbəbi Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Ermənistanın öhdəsinə düşən vəzifələri icra etməkdən boyun qaçırması vəziyyətin daha da mürəkkəbləşməsinə və əngəllərə yol açır. Regionda təxribat xarakterli proseslər baş verir və bunlar kifayət qədərdir. Əslində, bu addımlar ona hesablanıb ki, sülh danışıqları pozulsun və nəticəsiz qalsın. Azərbaycan tərəfi sülhə və təhlükəsizliyə təhdid olan bütün təxribatları pisləyir, bunların aradan qaldırılması üçün bütün müstəvilərdə səylərini davam etdirir. Digər tərəfdən, dövlətimizin başçısı tərəflər arasında sülh sazişinin imzalanacağına ümid etdiyini də bildirdi və bunun üçün Ermənistanın siyasi rəhbərliyini tutduğu destruktiv mövqedən yayınmağa çağırdı.

Azərbaycan Prezidenti Ermənistan ictimaiyyətinə üz tutaraq bildirdi ki, rəhbərləri onları 30 il ərzində aldatmağa çalışıb, əsl həqiqəti gizlədiblər. Real prosesləri diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğuladı ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdırlar. “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm», – deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin onlara normal həyat təklif etdiyini bildirdi.

Dövlətimizin başçısının “Euronews” televiziyasına müsahibəsində qeyd etdiyi kimi, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hansısa qondarma və özlərini “parlamentari”, “nazir” elan etmiş şəxslərin sözü ilə oturub dursalar, onların aqibətləri daha acınacaqlı olacaq. Çünki bu şəxslərin artıq Azərbaycan daxilində heç bir səlahiyyəti yoxdur, onlar çox yaxşı bilirlər ki, onları nə Ermənistanda, nə Azərbaycanda qəbul etməyəcəklər. Ona görə belə cəhdlərlə özlərini qorumağa və insanlardan girov kimi istifadə etməyə çalışırlar.

Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində “İlham Əliyevin missiyası nədədir – müharibədə qalib gəlməkdə, yoxsa Ermənistanla sülhün yaradılmasında?” sualına cavabında bildirib ki, biz müharibədə qalib gəldik, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik: «Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik».

Prezident müsahibəsində: “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi»,-deyərək vurğulayıb ki, müharibə də uğurla başa çatdı: «Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq»”.

Göründüyü kimi, müsahibədə Prezident İlham Əliyev Ermənistanı həm sülhə dəvət edir, həm ona havadar olan dairələrə mesaj ünvanlayır, həm də Azərbaycanın zərurətlərdən irəli gələcək addımlarını sadalayır. Azərbaycan Prezidenti "Euronews" telekanalına müsahibəsində Şarl Mişelin iştirakı ilə Ermənistanla danışıqlara dair suala cavabında bildirib ki, bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi: «O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir».

Dövlətimizin başçısı onu da bildirib ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir: «Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik».

Həmçinin, Prezident İlham Əliyev müsahibəsində Laçın yolundakı vəziyyəti, Ermənistanın əl atdığı siyasi oyunları qeyd edərək real mənzərəni diqqətə çatdırıb. Laçın yolu humanitar məqsədlər üçün hər zaman açıq olub, insanların rahat hərəkəti təmin edilib. Amma Ermənistan tərəfi bu yolla qanunsuz daşımalar həyata keçirib, təxribatlar törədib, hətta atəş açaraq sərhədçimizi yaralayıb. Son vaxtlar onlara təklif olunan daha təhlükəsiz yoldan imtina edərək Laçın yolu ilə bağlı siyasi şoular düzəldib və elə sanıb ki, bu oyunlarla guya Azərbaycana təsir edə biləcək. Təbii ki, bu mümkün deyil. Eləcə də Prezidentimizin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bağlı səsləndirdiyi fikir diqqət çəkdi. Bu qurum da fəaliyyətini düzgün istiqamətdə qurmalıdır. Çünki Xankəndi Azərbaycan şəhəridir. Bu zaman sual çıxır ortaya: komitənin Xankəndindəki ofisi hansı əsasla İrəvandakı mərkəzə tabe olur? Bu, birbaşa beynəlxalq prinsiplərin pozulmasıdır. Odur ki, komitə bunu mütləq nəzərə almalıdır.

Bir sözlə, Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirlər müxtəlif məqamları özündə ehtiva edən sualların Ermənistana və ona havadarlıq edən dövlətlərə ünvanlanması ilə diqqətdə oldu. Və hər bir sual özündə gələcəklə bağlı müəyyən məsələlərin müzakirəsini aktuallaşdırır.

Beləliklə, mətbuat konfransları Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunu bir daha göstərdi. Ən qürurverici odur ki, mətbuat konfransında KİV nümayəndələri, eləcə də bütün dünya mətbuatında dövlətimizin başçısının sualları yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, təfərrüatlı, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə, özü də müxtəlif dillərdə cavablandırması, bir çox önəmli mesajlar verməsi Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha təsdiqlədyib.

Bax, budur Liderlik! Necə də qürur duymayasan. Güclü ölkənin güclü, qətiyyətli lideri olmaq budur. Bu uğurlar, əlbəttə ki, bu, son 20 illik prezidentlik fəaliyyəti nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi. Hər zaman ilklərə imza atan Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsi ilə dövlətimizin başçısı daha bir ilkə imza atdı..

Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Azərbaycan Prezidenti bir daha dünyanın diqqətini özünə cəlb etdi. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi.

Bir sözlə, həm hərb meydanının, həm də informasiya savaşının sərkərdəsi cənab Ali Baş Komandan ön cəbhədə döyüşən əsgər və zabitlərimizə öz əmrlərini verərək onlardan qələbə qazanmağı tələb etdiyi zamanda, eynilə dünyanın tanınmış KİV-lərinə müsahibə verərkən həm də yerli media nümayəndələrinə informasiya savaşında məğlub olmamaq tələbini göstərməklə bir daha bütün dünya İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfiyyətlərinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin şahidi oldu. Və bu gün məhz qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir və Paşinyan və Ermənistan yeni reallıqları qəbul etməli, həmin reallıqlarla barışmalıdır. Çünki Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq! Hər kəs həqiqəti bilməli və görməlidir. Çünki bu xalq öz qalib lideri İlham Əliyevlə yenilməzdir. Müzəffər rəhbər İlham Əliyev də onun ətrafında sıx birləşmiş xalqı ilə güclüdür.

SEYFƏDDİN ƏLİYEV,

YAP Masallı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə