Meşəli sakinlərinin müraciətinə QHT rəsmilərinin baxışı - SORĞU

Meşəli soyqırımı qurbanları beynəlxalq ictimaiyyətə müraciət üvanlayıb. Onlar müraciətlərində beynəlxalq ictimaiyyətdən tələb edib ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirib.

“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova: “Mən 32 ildir ki, ermənilərin törətdikləri bu cinayətlərlə bağlı yalnız Azərbaycanda deyil, beynəlxalq aləmdə də tədbirlər, aksiyalar keçirdir, beynəlxalq konfranslara qatılıram. Əsas məqsədim odur ki, ermənilər cəzalanmalı, hərbi tribunala verilməlidir. Çünki onlar Azərbaycanda təkcə soydaşlarımızı qətlə yetirməyiblər, evlərimizi dağıdıb, mənəviyyatımızı zədələyiblər. Demək istədiyim odur ki, o soyqırımları görmüş, yaşamış insanlar artıq dünyasını dəyişiblər. Artıq o torpaqlardan olan yaşlı nəsil yoxdur. Orta nəsil isə vaxtından tez qocalıb. Ona görə də yalnız Meşəli hadisəsi deyil, o cümlədən, Qaradağlı faciəsini yaşayanlar da beynəlxalq məhkəmələrə müraciət etməlidir. Mən bir neçə il öncə Hollandiyada olarkən Haaqa məhkəməsinə də getdim. Onların xüsusi şərtləri var. Həmin şərtləri qarşılamaq üçün hökmən oradakı iş adamları yardım göstərməlidir. Çünki bu məhkəmələrə müraciət etmək üçün müəyyən qədər vəsait tələb olunur. Bu, sadəcə bəyanatlarla və ya beynəlxalq ictimaiyyətə müraciətlərlə alınan iş deyil. Ermənilərin layiqli cəzasını alması üçün dəstək göstərilməlidir.

Bugünkü gündə Meşəli hadisəsini törədənlərdən biri olan Vaqif Xaçaturyan gündəmdədir. İndi onun qızı boynun büküb gözyaşı tökür. Bəs, Xaçaturyan özü nə qədər Xocalı balalarını boynubükük qoyub? Bu gün Vaqif Xaçaturyan kimi Xocalıda soyqırım törədən 51 nəfər İnterpola və ya Haaqa məhkəməsinə verilmir. Ola bilər ki, onlar indi yaşlanıb və ömürlərinin sonuna çatıblar. Bunun bizə heç bir aidiyyatı yoxdur. Cinayət cəzasız qalmamalıdır. Biz bunun üçün hələ gec qalmışıq. Bütün bunları çoxdan etmək lazım idi”.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli: “Bildiyimiz kimi, Meşəli sakinləri beynəlxalq ictimaiyyətə müraciət edərək tələb edib ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Meşəli sakinlərinin müraciəti həm haqlı, həm də legitimdir.

Belə ki, müraciətdə tamamilə haqlı olaraq qeyd olunur ki, “32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər”.

Ümumiyyətlə hesab edirəm ki, müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən qarşı tərəfin və bəzi xarici təşkilatların onun azad edilməsinə çağırışlar etmələri, guya mülki şəxsin həbs edilməsi kimi Azərbaycana qarşı ittihamları tamamilə əsassızdir.

Hələ 2013-cü il noyabr ayının 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Vaqif Xaçaturyan beynəlxalq axtarışa verilmişdir. Vaqif Xaçaturyan artıq 10 ildir ki, beynəlxalq konvensiyalarla qadağan edilən müharibə cinayətləri törətdiyinə görə axtarışda olub.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələrinə əsasən V.Xaçaturyanın törətdiyi soyqırımı və əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq konvensiyaların da pozulmasıdır. V.Xaçaturyanın da iştirak etdiyi cinayətkar birliyin milli, etnik və dini zəmində törətdiyi əməlləri 1948-ci il 9 dekabr tarixli “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin və 1966-cı il 10 dekabr tarixli qəbul olunmuş “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın da pozulmasıdır. Həmin beynəlxalq normalar belə əməlləri törədənlərin cəzalandırılmasını tələb edir.

Lakin onu da qeyd etməliyik ki, humanistlik göstərərək, Meşəli sakinləri öz müraciətlərində Xaçatryanı qanun qarşısında cavab verməyə çağırsalar da, bu çağırışın Qarabağda yaşayan dinc erməni əhalisi ilə heç bir əlaqəsi olmadığını qeyd edirlər. Çunki onların Xaçatryan kimilərdən fərqli olaraq, dinc insanlarla heç vaxt düşmənçiliyi olmayıb.

Son olaraq, onu qeyd etmək istəyirəm ki, Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətdən tələbinə qoşularaq, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etmək üçün təsirli tədbirlərin həyata keçrilməsi üçün çağırıram”.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: “Xocalının Meşəli sakinlərinin beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət əslində təkcə bir kəndin deyil, bütövlükdə 90-cı illərin əvvəllərində erməni vandalizminə məruz qalmış Azərbaycan xalqının səsi hesab etmək olar. Bugünkü gündə beynəlxalq ictimaiyyətə bu müraciət ona görə ünvanlanır ki, özünü insan haqları müdafiəçisi kimi elan etmiş təşkilatlar son 30 ildə Azərbaycan xalqının Qarabağda insanlığa sığmayan və humanizm prinsiplərinə yad olan davranışla üzləşmiş insanların aqibətinə göz yumsa da, indi hansısa subyektiv mülahizələrdən çıxış edərək bizə qarşı haqsız ittihamlar səsləndirirlər. Bu təşkilatlar Azərbaycana Vaqif Xaçaturyanın azad edilməsi ilə bağlı təzyiqlər edirlər. Azərbaycan dövləti zaman-zaman xalqına qarşı törədilmiş faciələrlə bağlı cinayət işi açıb. Bir dövlərlər bu cinayət işlərinin perspektivinə o qədər də inam yox idi ki, bu hərbi caniləri cəzalandırmaq olacaq. Amma bu gün ilahi-ədalət öz sözünü deyir. Vaqif Xaçaturyan və onun “silahdaşları”nı artıq ədalət məhkəməsi qarşısına çıxmaq perspektivi gözləyir. Bu baxımdan Azərbaycan Hüquq Mühafizə Orqanlarının əlində həmin şəxslərlə bağlı kifayət qədər sübut var. Bu baxımdan beynəlxalq təşkilatlar məsələni yerindəcə araşdırmaq istəyirlərsə, buyurub gələ bilərlər. O zaman görəcəklər ki, onlar kimi müdafiə edirlər. Çox istərdim ki, Meşəli sakinlərinin müraciətinə həmin beynəlxalq təşkilatlar həssas yanaşsınlar və səsləndirilən məlumatların araşdırılmasına çalışsınlar”.

“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: “Azərbaycan dövləti hərb meydanında zəfər qazandıqdan sonra diplomatik müstəvidə də qələbəyə addım-addım yaxınlaşır. Tarixi ədalət öz yerini tutmağa başlayır. 30 il bundan öncə təsəvvür edə bilməsək də daxilimizdə bir inam hissi var idi ki, Azərbaycan xalqının qisası alınacaq, xalqımıza qarşı vəhşilik törətmiş insanlar nə vaxtsa cəzasını tapacaq. Bu cür bəyanatların yalnız Meşəli sakinləri ilə bağlı olduğunu düşünmürəm. Başqa bölgələrimizdə də insanlar erməni qəddarlığına məruz qalmış, öz dədə-baba yurdundan didərgin düşmüşdür. Təbii ki, bu proses tədricən davam edəcək və vəhşilik törətmiş insanlar layiqli cəzasını alacaq. Əminəm ki, Azərbaycan bu canilərin cəzasını alması üçün dünya praktikasında tətbiq olunan cəza sistemlərindən yararlanacaq. Məlumdur ki, bununla bağlı Azərbaycan Hüquq Mühafizə Orqanlarında geniş bir siyahı var. Vaxtı çatdıqda siyahıda olanların hər birinin cəzası veriləcək. Əslində, bu yalnız Azərbaycan xalqının deyil, ümumilikdə insanlığın zəfəridir. Bu, dünyaya bir mesajdır ki, insanları vəhşicəsinə qətlə yetirmək bəşəriyyətə yaraşmayan hərəkətdir. Dünyanın qabaqcıl insanları da bu prosesdə Azərbaycana dəstək olmalıdır. Hesab edirəm ki, Azərbaycan dövləti öz xalqına qarşı hərbi cinayət törətmiş insanların cəzalandırılması baxımından dünyaya bir örnək olacaq.

Meşəli faciəsini törədənlər arasında olan Vaqif Xaçaturyanla bağlı istintaq aparılır. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103 və 107. maddələri ilə ittiham olunur. Bununla bağlı kifayət qədər dəlil var və araşdırmalar hələ də davam edir. Xaçaturyan layiq olduğu cəzanı alacaq və beynəlxalq ictimaiyyət də buna şahid olacaq. Əminəm ki, bu proses ictimaiyyətə və mətbuata açıq olacaq. Necə ki bugünə qədər onun həbsi və saxlanması prosesi BQXK-nin və bütün mətbuatın nəzarəti altında həyata keçirilib, eyni şəkildə məhkəmə prosesini də beynəlxalq müşahidəçilər izləyəcək. Hər kəs Azərbaycan məhkəməsinin ədalətli qərarının şahidi olacaq”.

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev: “Sözsüz ki, Meşəlidə baş verənlər cinayət hadisəsidir. Bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayətdir. Bu cinayəti törədənlər öz cəzasını çəkməlidir. Kimlərsə elə hesab etmiş ola bilər ki, Azərbaycanda törədilmiş cinayətlərə qarşı açılmış işlər formal xarakterlidir. Lakin sonuncu hadisə bunun tam əksini göstərdi. Proses fasiləsiz şəkildə davam etdirilir və lazım olan anda qərar qəbul olunur. Vaqif Xaçaturyanın həbsi də sübut etdi ki, açılmış cinayət işləri heç vaxt dayanmır. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti amnistiya ilə bağlı bir çağırış etmişdi ki, biz bu məsələyə də baxa bilərik. Bu, ölkə başçısı tərəfindən atılmış ən humanist addımlardan biri idi. Lakin görünür ki, qarşı tərəf bunu da qəbul etmək istəmir. Əgər qəbul etmək istəmirlərsə, onda cəzasını özləri çəkəcəklər. Azərbaycan öz əzmkarlığı ilə öz yoluna davam edəcək. Bundan sonra da baş vermiş cinayətlərə görə cavabdeh olan şəxslər öz cəzasına çatacaq”.

“Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov: “Cari ilin iyulun 29-da BQXK-nin vasitəçiliyi ilə Xankəndindən müalicə adı altında Ermənistana getmək istəyən 1991-ci ilin 22 dekabrında Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlarda iştirak edənlərdən biri Vaqif Xaçaturyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən həbs olunaraq Bakıya təhvil verilib. Demək olar ki, illər boyu o cinayətkarlar Azərbaycan-Ermənistan arasında indiki sərhəd-keçid məntəqələrindən istifadə ediblər. Təəssüflər olsun ki, o zamanlar həmin körpüdə bizim keçid məntəqələrimiz olmadığı üçün cinayətkarları ələ keçirə bilməmişik. O cinayətləri törədən təkcə Vaqif Xaçaturyan deyil, bu baxımdan hazırda 300 nəfər Azərbaycan tərəfindən axtarışdadır. Onların etdikləri beynəlxalq səviyyədə cinayətdir. Təsəvvür edin ki, bir ailədən 4-5 nəfəri qətlə yetiriblər. Bu bir ailənin yer üzündən silinməsi deməkdir. Meşəli qırğını zamanı həmin kəndin 25 sakini öldürülüb, 14-dən çox yaralısı, 358 didərgini var. Məgər bu soyqırım deyil? Bir cani erməninin həbsinə görə beynəlxalq təşkilatlar bir-birinə dəyib. Bu necə ikili standartlarla yanaşmadır? O faciədə qətlə yetirilən, əlil olan və didərgin düşən insanların taleyi bugünə qədər beynəlxalq təşkilatları niyə maraqlandırmayıb? Ona görə də hazırda bizə qarşı aparılan bu təbliğatın qarşısını almaqdan ötrü Azərbaycan ictimaiyyəti, mediamız və diasporamız aktiv olmalıdır. Onların apardığı anti-Azərbaycan siyasətinə son qoyulmalıdır. Dekabrda keçirilən aksiyaların da nəticəsidir ki, biz bu gün sevincliyik. Əziyyətimiz hədər getmədi. Bütövlüklə orada bizə dəstək olan, təhlükəsizliyimizi qoruyan güc strukturlara da, mediaya təşəkkür edir, aksiyada iştirak edən həmkarlarımı da təbrik edirəm. O aksiyanın nəticəsidir ki, Həkəri üzərində keçid məntəqəsi quruldu. Bunun sayəsində bu gün cinayətkarlar bir-bir ələ keçirilirlər. Nə qədər ki ikili standartlarla yanaşmalar var, biz güclü olmalıyıq. Bu baxımdan beynəlxalq təşkilatlara müraciətlərimiz artmalıdır. Tələb etməliyik ki, o cinayətkarlar beynəlxalq qurumların əli ilə həbs olunub Azərbaycana təhvil verilsin”.

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri Elşad Məmmədli: “Bir neçə gün öncə Vaqif Çərkəzoviç Xaçatryanın Laçın postunda saxlanılması və qandallanaraq Bakıya gətirilməsindən sonra Ermənistan, separatçı rejim və onun havadarları çox həyasız bir davranış göstərirlər.

Bütün dünyaya Xocalı soyqırımı, Meşəli qətliamı məlumdur, Azərbaycan hələ uzun illər öncə bu faciələri törədənlərin barəsində axtarış elan edib.

Bu adamlar faktiki olaraq terrorçudur, soyqırım cinayəti bəşəri bir cinayətdir və onu törədənlərin cəzalandırılması beynəlxalq hüquq prizmasından yanaşdıqda hər bir özünə hörmət edən, terorçulqa, bəşəri, insalıq əleyhinə cinayətlərlə mübarizədə səmimi olan dövlətin, beynəlxalq qutumun marağında olmalıdır, buna dəstək verməlidirlər.

Xaçatryan konkret olaraq 25 Meşəli sakinin qətlinin, bəzilərinin diri-diri yandırılmasının təşkilatçılarından, iştirakçılarındna biridir. Onun həbsindən sonra terrorçu Ermənistanın hay-küyü onların tarixi əbləhliyinə, terror mahiyyətinə dəlalət edir.

Belə rəy yaratmağa çalışırlar ki, guya Xaçatryan bağışlanmalı idi, dəhşətli cinayətinə göz yumulmalı idi. Ən pisi odur ki, bəzi dövlətlər və təşkilatlar Xaçatryanı cəzadan azad etməyi, buraxmağımızı istəyir. Təsəvvür edirsinizmi, bizdən terrorçunu, soyqırım törədən adamı buraxmağımızı istəyirlər... Onlara ən layiqli cavabı elə Meşəli sakinləri bəyanatlarında veriblər.

Bu insanlar, habelə Xaçatyanın şəxsən işgəncə verdiyi, sinəsinə xaçla dağ basdıqları Mayıl Məmmədov dünyadan 30 il ədalət istəyiblər, onlara işgəncə verənin cəzalandırılmasını tələb ediblər. Lakin Xaçatryan və onun kimi caniləri beynəlxalq aləm cəzalandmadı. Nəhayət, Qarabağı azd etdikdən sonra Azərbaycan bu tarixi ədaləti də bərpa edir. Buna müqavimət göstərən hər bir dövlət və şəxs nadandır.

Kim nadanlığı, terrora dəstək vermədiyini göstərmək istəyirsə, Ermənistandan tələb etməlidir ki, könüllü bu terrorçuları Azərbaycana təhvil versinlər. Azərbaycan onların böyük bir qismini – Qarabada gizlənənləri yavaş-yavaş ələ keçirəcək. Amma fakt bundan ibarətdir ki, bu canilərin əksəri Ermənistanda və xaricdədir. Əlbəttə, inandırıcı deyil ki, Ermənistan onları təhvil verəcək. Biz Ermənistanın xislətinə bələdik. Ancaq özünə hörmət edən dövlətlər, beynəlxalq təşkilatlar bu işdə Azərbaycana dəstək verməlidir, Meşəli sakinlərinin haqlı tələbinə qoşulmalıdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə