PREZİDENT İLHAM ƏLİYEV: "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi"
Tarixin bütün dönəmlərində "güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur" fikri öz təsdiqin tapmışdır. Belə ki, bəşər tarixinin son onillikləri müharibələrlə dolu olduğu bir zamanda hələ heç bir dövlət başçısı bu müharibələr zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Ancaq bir faktı da vurğulamaq lazımdır ki, qətiyyətli, nüfuzlu siyasi rəhbərə, dövlət başçısına beynəlxlaq marağın yüksək olması və bu marağın müharibə zamanı xüsusilə yüksək olması tam məntiqlidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir. Çünki bu gün Prezident İlham Əliyev müzəffər Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Dövlət başçımız dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində Azərbaycanın mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə, səlis izah edir, düşmənin iddialarını əks-arqumentlərlə yerindəcə ifşa edir.
Elə bu günlərdə dövlət başçısı İlham Əliyevin iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı və iştirakçıların suallarına cavabı Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olundu. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Cənab İlham Əliyev bu mühüm addımı belə əsaslandırdı ki, ötən il burada, Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə bu tədbirdə iştirak etmədim. Prezident Administrasiyasına göstəriş verdim ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır: “Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar.”
Ölkə Prezidenti İlham Əliyev Forumda bir daha Azərbaycanın beynəlxalq aləmdə qazandığı sabitlik məkanı, birləşdirici aktor kimi nüfuzuna diqqət yönəltdi. “Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır” söyləyən dövlət başçısı bildirdi ki, Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu vurğulayan cənab İlham Əliyev onu da qeyd etdi ki, belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir. Hətta elə ölkələr arasında ki, onlar hər zaman rəqabətdədir: “Yəni, bu, o vaxt idi ki, rəqabət dinc aparılırdı. İndiki şəraitdə isə Azərbaycanda belə təmaslar potensial olaraq yenə də bərpa edilə bilər”.
Elə bu günlərdə - avqustun 1-də Prezident İlham Əliyev “Euronews” telekanalına müsahbəsində əvvəlki müsahibələrində olduğu kimi yenə də yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirmişdir.
"MÜHARİBƏDƏ QALİB GƏLMƏK MƏNİM HƏYATIMIN, SİYASİ HƏYATIMIN MİSSİYASI İDİ VƏ O UĞURLA BAŞA ÇATDI. BİZ MÜHARİBƏDƏ QALİB GƏLDİK"
Bu müsahibəsində də ən həssas məsələlərə toxunaraq xalqımızı ən ağrılı problem kimi narahat edən düyünə düşmüş Qarabağ münaqişəsinin həllində düşmən ulu öndərin böyük məharətlə qurduğu və Prezident İlham Əliyevin Qafqazın ən güçlü hərbi qüvvəsi sayılan, müdrik və qətiyyətli Ali Baş Komandanı olan, qeyrəti və döyüşmənliyi ilə dünyanı heyrətə gətirən mobil bir ordu gördü. 44 günlük şərəf müharibəsində düşmən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik məharəti qarşısında sarsıldı və sözün həqiqi mənasında, diz çökdü, düşmən ordusu pərən-pərən oldu. Prezident İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə güclü ordumuzun rəşadətli əsgər və zabitlərin qəhrəmanlığı ilə xalqımızın 30 illik həsrəti bitdi, Qarabağın azad edilməsi ilə Vətən yenidən bütövləşdi. Müzəffər Ali Baş Komandan ikili standartlara pərəstiş edən dünya imperializmi ilə savaşaraq bəşəri ədalətin qələbəsini təmin etdi.
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində bir daha bildirdi ki, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik: «Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur»,-deyən dövlətimizin başçısı onu da bildirib ki, biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik: "Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər".
Bu yerdə rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkonun Azərbaycan Prezidenti İlham Əliyevin dünya miqyasında siyasət adamı olduğunu vurğulayıb və bildirib ki, rusiyalı izləyicilər, siyasi ekspertlər İlham Əliyevin çıxışların erməni rəqibi Nikol Paşinyanla müqayisə edərkən gördülər ki, Azərbaycan Prezidenti erməni həmkarından bir baş yox, deyərdim iki baş yuxarıda idi: "Bu rəy İlham Əliyevin dünya miqyasında siyasətçi olmasından ibarətdir. Bunu qəbul etmək lazımdır. Dünən milyonlarla rusiyalı İlham Əliyevin çıxışını izlədi və ona qarşı bir daha simpatiya oyandı. Xüsusi ilə də onun çıxışındakı yüksək dəqiqlikli arqumentlər, tezislərin ardıcıllığı, münaqişənin yenidən alovlanmasının əsas səbəblərinin ifadə olunması rusiyalı izləyici üçün hərbi əməliyyatlar və ümumilikdə münaqişə haqqında ətraflı məlumat oldu. Bu xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın əmin olmayan çıxışı fonunda daha çox hiss olunurdu. İlham Əliyev Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların bərpa olunmasına gətirib çıxaran əsas səbəbləri ardıcıl olaraq dilə gətirdi. Bu çox mühüm məsələ idi. İrəvanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesini uzatmaq arzusu və uzun müddətdir ki, Paşinyanın törətdiyi təxribatlar nəhayət geniş miqyaslı müharibəyə gətirib çıxarıb".
PREZİDENT İLHAM ƏLİYEVDƏN ERMƏNİSTANDAKI ERMƏNİLƏRƏ MESAJ: "BİLİRLƏR Kİ, MƏN ÖZ SÖZÜMƏ ƏMƏL EDİRƏM"
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Ermənistandakı ermənilərə mesaj haqda sualı cavablandırarkən deyib: "Mən heç zaman bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə belə sual verilir. Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik»,-deyən Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirib ki, onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır: «Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik".
Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində müsahibəsində onu da bildirib ki, Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar: "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm".
"ERMƏNİSTAN SÜLH İSTƏYƏRSƏ, BİZ ONA NAİL OLACAĞIQ"
Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində “İlham Əliyevin missiyası nədədir – müharibədə qalib gəlməkdə, yoxsa Ermənistanla sülhün yaradılmasında?” sualına cavabında bildirib ki, biz müharibədə qalib gəldik, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik: "Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik".
Prezident İlham Əliyev qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar: "Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər".
Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlara dair suala cavabında bildirib ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir: "Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik".
Dövlət başçısı qeyd edib ki, bu görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir: "Məsələn, sərhədlərin gələcək parametrləri - Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir".
"LAÇIN YOLUNDA HƏRƏKƏT AZADLIĞI BLOKLANMAYIB"
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” kanalına müsahibəsində Laçın yolu ilə bağlı sualı cavablandırarkən bildirib.
Dövlət başçısı qeyd edib ki, aprelin 23-dən - sərhəd keçid məntəqəsi qurulan vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəlib.
Azərbaycan Prezidenti əlavə edib ki, Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa edib. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu.
"ATƏŞKƏS SAZİŞİNİN VASİTƏÇİSİ RUSİYA OLUB"
Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Rusiyanın və Qərbin vasitçiliyinə dair suala cavabında deyib ki, əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil. Rusiya olub.
Dövlət başçısı bildirib ki, Ermənistanın baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu: "Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir".
Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Ukraynada münaqişənin başlamasından sonra Cənubi Qafqaz ölkələrinin Rusiya ilə münasibətlərinə dair suala cavabında deyib ki, Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Dövlət başçısı bildirib ki, ümumilikdə region haqqında demək çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir: "Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə, elə də ciddi dəyişiklik yoxdur. Çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır".
PREZİDENT İLHAM ƏLİYEV ŞARL MİŞELİN İŞTİRAKI İLƏ ERMƏNİSTANLA DANIŞIQLARA DAİR: "AVROPA İTTİFAQININ FƏAL OLMASI TƏBİİDİR"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində Şarl Mişelin iştirakı ilə Ermənistanla danışıqlara dair suala cavabında deyib: "Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir".
Dövlətimizin başçısı onu da bildirib ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir: "Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik".
Bir sözlə, son 20 illik fəaliyyəti dövründə Qüdrətli Prezident, Güclü Lider, Müzəffər Komandan İlham Əliyev cənablarının həm müharibəni gedişində, həm də sonra beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi necə bacardığının hər kəs şahididir.
Bax, budur, həqiqət! Çünki bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir və Paşinyan və Ermənistan yeni reallıqları qəbul etməli, həmin reallıqlarla barışmalıdır. Çünki Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq! Hər kəs həqiqəti bilməli və görməlidir. Çünki bu xalq öz qalib lideri İlham Əliyevlə yenilməzdir. Müzəffər rəhbər İlham Əliyev də onun ətrafında sıx birləşmiş xalqı ilə güclüdür.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB