"Qərb Quranı yandırmaqla cavan nəslin qüvvəsini xərcləməyə çalışır" - ŞƏRH EDİLDİ

"Qərb Quranı yandırmaqla cavan nəslin qüvvəsini xərcləməyə çalışır" - ŞƏRH EDİLDİ

"Dünyada çox təzadlı proseslər gedir və biz görürük ki, nəhəng qüvvələrin başı əsasən yeni ticari, iqtisadi zonaların ələ keçirilməsinə qarışıb. Bu fövqəl qüvvələr yenidən dünyada bölgü aparmağa, özlərinin maraqlarını təmin etmək üçün regionlarda yeni təsir qüvvələri yaratmağa çalışırlar. Faktiki olaraq, 2-ci Dünya Müharibəsindən sonra yaranmış bu nizam gücünü itirir. Ona görə də pərdəarxası çox böyük oyunlar gedir və bu oyunların arxasında böyük kapital və imperialist qüvvələr dayanır. Əlbəttə, onların əsas fikri bu proseslərin tez bir zamanda başlayıb sona çatdırılmasına yönəlib. Çünki bu, özü-özlüyündə ağrılı prosesdir, bəzi xalqlar da artıq ayılıblar və onları aldatmaq, öz istəklərini sırımaq mümkünsüzdür. Bu fövqəl qüvvələr də müxtəlif münaqişəli vəziyyət yaratmağa çalışırlar ki, döyüş və mübarizlik potensialı olan xalqların gücünü, enerjisini ikinci dərəcəli və əhəmiyyətsiz məsələlərə sərf etsinlər". Bu sözləri politoloq Tofiq Abbasov SİA-ya açıqlamasında bildirib.

"Qurani-Kərimin yandırılması çox mənfur bir hərəkətdir. Özünü “yekəxana” aparan, hamıdan öndə olan, çox irəliləyiş əldə etmiş tərəf kimi qərb həmişə şərqə “yuxarıdan aşağı” baxıb. Bu gün onların Quran yandırması, islamafobiyanı təbliğ etmələri onların üçüncü xalqları, millətləri əsarət altında saxlamağa çalışmalarından xəbər verir. Çünki anlayırlar ki, qlobal qarşıdurma zamanı nüvə silahının sahibləri bu gücdən istifadə edə bilər. Nüvə silahları onların özlərini məhv etsə belə bu, onların son ümididir. Buna görə də münaqişəni nüvə silahı istifadə etmədən həll etməyə və xalqları əsarət altında saxlamağa çalışırlar. Xalqlar da artıq köhnə zamanlardakı kimi deyil. Onların artıq düşünən beyinləri, intellektual qüvvələri var və qərbin zəif nöqtələrinin harada olduğunu bilirlər. Buna görə də Qərb özünəməxsus tərzdə Quranı yandırmaqla, İslama ləkə yaxmaqla, İslamı bədnam etməklə cavan nəslin qüvvəsini bu məsələlərə yönəltməyə çalışırlar ki, xırda taktiki və texniki problemlər çərçivəsində İslam dünyasının öncülləri, bacarıqlı qüvvələri öz imkan və enerjilərini xırda münaqişələrə sərf etsinlər, böyük mücadilə meydanlarında da gücsüz və aciz görünsünlər.

Fikrimcə, bu məsələnin sonu yoxdur. Çünki İslam dünyası həqiqətən də böyük potensiala malikdir, onun gücü tək enerji daşıyıcılarında deyil. İslam dünyasının, İslam birliyinin gücü ondadır ki, bu toplum özü-özlüyündə ilk növbədə sağlam, saf məram və niyyətlərə qulluq edir. Qərb dünyasında olan mənfur hərəkətlər, həmcinslərin evliliyi, dindən uzaq olan dəyərlərin təbliği kimi hərəkətlər İslam dünyasından uzaqdır. İslam dünyasının gücü ailə quruluşunu qoruyub saxlamaqda, insan nəslinin artmasının təmin edilməsindədir. Qərb dünyası da bundan qorxur - 20-30 ildən sonra bu anqlo-saksonlar, ağdərililərin sayları azalacaq. Ona görə də düz yerdə münaqişəli vəziyyətlər yaradıb gəncləri tələf etməyə, onların gücünü xərcləməyə, mənəvi cəhətdən onları tərkisilah etməyə çalışırlar. Lakin fikrimcə, bu, əbəs istəkdir. Çünki İslam birliyi güclüdür, onun ən böyük gücü Qurani-Kərimdir, İslam həmrəyliyinə söykənməsidir, ən böyük ümid yeri Allaha inancıdır. Bu şeylərlə İslam birliyini aciz etmək, haldan salmaq mümkünsüzdür. İslam birliyi bu proseslərdən alnı-açıq çıxacaq, öz sözünü deyəcək. Çünki İslam birliyinin həm də Türk Dünyası kimi tərkib hissəsi vardır. Belə bir deyim də vardır: “İslamı yaradan ərəblərdir, ən yaxşı təbliğatçısı farslardır, amma onun ümid yeri, gücü türklərdir”", - politoloq bildirib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə