"ABŞ regionda Rusiyanın yerini tutmağa çalışır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"ABŞ regionda Rusiyanın yerini tutmağa çalışır" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“ABŞ-ın Cənubi Qafqazda öz maraqları var. Rusiyanın Ukrayna müharibəsində zəifləməsi fonunda ABŞ çalışır ki, Rusiyanın yerini regionda o tutsun”. Bu sözləri SİA-ya açıqlamasında polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

“Diqqət etsək görürük ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları üç masada aparılır - Moskva, Brüssel və Vaşinqton. ABŞ digər masalardan fərqli olaraq tərəflər arasında vasitəçisiz danışıqların tərəfdarıdır. Məsələ ondadır ki, regionda ABŞ ilə yanaşı bir neçə böyük gücün marağı var. Fransa da Rusiya regiondan çıxsa onu əvəz etmək istəyir. Bununla yanaşı İran da müqavimət göstərir. Rusiyanın asanlıqla regiondan çıxacağı isə gözlənilmir”-, deyə o əlavə edib.

Ekspert sözlərinə davam edərək bildirib ki, ABŞ Dövlət Katibi Antoni Blinken bu məsələdə səmimi ola bilər: “Ancaq ABŞ-nin də öz maraqları var. Görürük ki, hər bir ölkə sülhün tərəfdarı kimi çıxış edir. Ancaq heç bir ölkə Qarabağdakı silahlıların çıxarılması yönündə nə hərəkət edir, nə də vəd verir. Ona görə də, indiki məqamda hansı ölkənin sülh paketinin daha səmərəli olması müəmmalıdır. Azərbaycanın tələbləri var və o tələblərdən geri addım atmayacaq. Hansı güc mərkəzi bu tələbləri yerinə yetirə bilərsə, rəsmi Bakı da onunla işbirliyinə gedə bilər. İndiki məqamda uzlaşmanın olduğunu görmürük, proseslər daha çox vaxtı uzatmağa hesablanıb. ABŞ və digər ölkələr də bilir ki, əgər sülh sazişi imzalanmasa və proses belə davam etsə, rəsmi Bakı güc yoluna əl atacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə