"Sərhədçi olmaq Azərbaycanda böyük bir şərəf sayılır" - DEPUTAT ŞƏRH ETDİ

"Sərhədçi olmaq Azərbaycanda böyük bir şərəf sayılır" - DEPUTAT ŞƏRH ETDİ

“Həm Sovet dövründə, həm də müstəqilliyimizin ilk zamanlarında Sərhəd Xidməti həmişə dövlət təhlükəsizlik strukturlarının tərkibində olub. Ulu Öndər Heydər Əliyev 2001-ci ildə Sərhəd Xidmətini müstəqil quruma çevirmək barədə qərar qəbul etdi. Bu, Sərhəd Xidmətinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməsinə səbəb oldu. Ötən bu müddət ərzində müstəqil qurum kimi Dövlət Sərhəd Xidməti öz üzərinə düşən vəzifələri yüksək səviyyədə icra edir. Bu gün Azərbaycan sərhədləri möhkəm qorunur. Dövlətimiz sərhəd qorunmasında dünyanın inkişaf etmiş ölkələrinin istifadə etdiyi bütün texnika və texnologiyalara malikdir. Bu səbəbdən Azərbaycan ərazisinə qeyri-qanuni girişlərin qarşısı alınır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin məlumat bazası saxta pasportla və yaxud qeyri-qanuni yolla ölkəyə giriş-çıxış cəhdlərini həmin anda aşkar etməyə imkan verir: “Dövlət Sərhəd Xidməti həm birinci, həm də ikinci Qarabağ müharibəsində öz rəşadətini göstərdi. 44 günlük Vətən müharibəsində sərhədçilərimiz döyüşkən dəstək kimi qəhrəmanlıqla yadda qaldılar. Təsadüfi deyil ki, onların böyük bir qismi “Vətən Müharibəsi Qəhrəmanı” kimi fəxri ada layiq görüldülər. Demək olar ki, hər gün sərhədçilərimizin bu və ya digər sahədə sərhədləri pozmağa çalışan xarici ölkə vətəndaşlarının qarşısını ayıq-sayıqlıqla aldığının şahidi oluruq”.

Deputat sözlərinə davam edərək bildirib ki, bugünkü gündə sərhədçi olmaq Azərbaycanda böyük bir şərəf sayılır: “Gənclərimiz Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmağı özlərinə fəxarət bilirlər. Xidmət sıralarında qulluq edən gənclərimiz həmin günləri həyatlarının ən qürurlu günləri hesab edirlər. Həmçinin, bu il aprelin 23-də Laçın şəhərində sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın sərhəd bütövlüyünü təmin etdi. Bugünlərdə vaxtilə Meşəli soyqırımında iştirak edən qatil Xaçaturyanın saxlanılması onu göstərdi ki, heç kim Azərbaycana qeyri-qanuni şəkildə giriş-çıxış əldə edə bilməyəcək. Sərhədçilərimizi təsis olunduğu gün münasibətilə təbrik edir, onların fəaliyyəti ilə xalqımızın qürur duyduğunu bildiririk”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə