"Kimliyindən asılı olmayaraq dövlətə qarşı çıxanlar cəzasını almalıdır" - QHT RƏSMİLƏRİ - SORĞU

"Kimliyindən asılı olmayaraq dövlətə qarşı çıxanlar cəzasını almalıdır" - QHT RƏSMİLƏRİ - SORĞU

ABŞ, Almaniya, Böyük Britaniya və Fransanın Azərbaycandakı səfirlikləri Qubad İbadoğlunun həbsi ilə bağlı birgə bəyanat yayıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin iyulun 27-də yaydığı məlumatda deyilir: "Biz hörmətli beynəlxalq səviyyəli alim Dr. Qubad İbadoğlunun iyulun 23-dəki həbsini yaxından izləyirik. Azərbaycanın öz vətəndaşlarının, o cümlədən Dr. İbadoğlunun əsas azadlıqlarını və insan hüquqlarını Azərbaycan konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi çox vacibdir. Biz Azərbaycan hökumətini Dr. İbadoğlunun dərman vasitələrin təminatı və ədalətli məhkəmə prosesi daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşmasına təmin etməyə çağırırıq".

Hüquqi aspektdən bu bəyanatı nə dərəcədə əsaslı saymaq olar? SİA mövzu ilə əlaqədar QHT rəsmiləri arasında sorğu keçirib.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu: “Özünü demokratiya beşiyi hesab edən bir sıra dövlətlərin demokratiya əleyhinə davranışları – haqdan danışaraq açıq haqsızlıq etmələri çox gülünc görünür. Dünyanın insan hüquq və azadlıqları sahəsində qəbul etdiyi vahid beynəlxalq standartları kobudluqla pozan Qərb və Avropa dövlətləri, onların təşkilat formalı təmsilçiləri qırmızı xətti nümayişkaranə şəkildə pozmaq ənənəsini uzun illərdir Azərbaycana qarşı tətbiq etməkdədirlər.

Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində ərazilərinə sığınaraq Cənubi Qafqazda sülhün yaranmasına imkan verməyən erməni terrorçularını dəstəkləmək azmış kimi, indi də Azərbaycanda ittiham olunan şəxslərlə bağlı istintaq prosesinə müdaxilə etməyə çalışırlar. ABŞ, Fransa, Almaniya, Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin yaydıqları birgə bəyanatda əksini tapan “Azərbaycanın öz vətəndaşlarının, o cümlədən doktor İbadoğlunun əsas azadlıqlarını və insan hüquqlarını Azərbaycan konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi çox vacibdir” ifadəsi bəyanat müəlliflərinin onların funksiyasına qəti aid olmayan işlərə baş qoşduqlarını göstərir. ABŞ-da son 5 ildə mindən çox qaradərili polislər tərəfindən vəhçicəsinə qətlə yetirilib, Fransada polisin 17 yaşlı yeniyetməni öldürməsinə etiraz olaraq aksiya keçirən vətəndaşları qanlarına qəltan edirlər, Almaniyada türk millətindən olanlara qarşı amansızlıq rəsmi Berlinin dövlət siyasətinin tərkib hissəsinə çevrilib, ABŞ rəhbərliyinin əməllərini təsisçisi olduğu “WikiLeaks” saytında yayan jurnalist Culian Assancı həbsdə saxlayan Böyük Britaniya hüquq sistemi bu ilin iyununda onun apellyasiya şikayətini də rədd edib. Jurnalistin ABŞ-a təhvil verilməsi gözlənilir, belə olan təqdirdə Culian Assanc 175 il azadlıqdan məhrum ediləcək. ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, Assanc casusluq haqqında qanunu pozmaqda ittiham olunur və yerli hakimiyyət onu jurnalist kimi tanımır. Halbuki Assanc Quantanamo həbsxanasındakı dəhşətlərdən, ABŞ ordusunun İraqı necə, niyə işğal etməsindən, başqa bir ölkənin suveren ərazilərini dağıtmasından yazırdı.

İndi görün hansı ölkələr Azərbaycana hüquq, insan haqları, azadlıqları dərsi keçir.

Bir haşiyə də çıxım: Qubad bəyin qardaşı deputat Vüqar Bayramlı mediaya açıqlamasında deyib ki, araşdırmaların obyektiv aparılacağına və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcəyinə inanır. Belə olan təqdirdə səfirlərin “Roma Papasından artıq katoliklik” etməsi çox yersiz görünür, yamaq təsiri bağışlayır. Səfir funksiyasına aid olmayan işlərə qarışan bu kimi diplomatların rəsmi tədbirlərdə hansı statusla iştirak edəcəkləri də açıq sual olaraq qalır”.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: “Ümumiyyətlə, beynəlxalq hüququn subyektləri olan bir ölkənin digərinin daxili siyasəti və ya məhkəmə-hüquq sistemində özünü məsul hesab edərək müdaxilə cəhdləri yolverilməzdir. Nəzərə alsaq ki, münasibət bildirilən məsələ həmin ölkələrlə bilavasitə əlaqəli deyil, bu çox absurd hərəkət sayılır. Bugünkü gündə Azərbaycanın üzv olduğu bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, Avropa təşkilatları var. Bu təşkilatlar Azərbaycan üzv olarkən bir sıra öhdəliklər götürüblər. Yalnız bu təşkilatlar kollegial şəkildə verilmiş hansısa bəyanatlarla məsələlərə münasibət bildirə bilər. Bu münasibətin obyektiv və ya subyektiv olacağı da bir başqa məsələdir. Amma ayrı-ayrı dövlətlər, xüsusilə ABŞ, Fransa, Britaniya və Almaniya kimi dövlətlər və onların hansısa səfirlikləri başqa ölkədə baş verən məsələlərə beynəlxalq təşkilat səviyyəsində münasibət bildirirlər. Bu, nə beynəlxalq hüquqa, nə də ikitərəfli münasibətlərə uyğun davranışlar deyil. Biz eyni yanaşmanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribat cəhdlərinə münasibətdə də görürük. Həmin ölkələrin diplomatik nümayəndələri və ya səfirləri Azərbaycana qarşı təhdidedici, o cümlədən, məcburedici bəyanatlar verirlər. Görünən odur ki, bütün bu cəhdlər nəticəsizdir. Ona görə də yaxşı olar ki, adıçəkilən dörd dövlət və başqaları da bundan sonra hazırkı vəziyyətdən bir qədər örnək götürsünlər. Gələcək yanaşmalarında düzgün şəkildə davranmaları həm beynəlxalq hüquqa hörmət etmək, həm də ikitərəfli münasibətlərə müsbət töhfə vermək deməkdir”.

“Qızılbaş” Gənclərin Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər: “Görəsən, Avropa dövlətləri bizə göstərdikləri təzyiqi öz üzərlərində hiss etsələr necə reaksiya verərlər? Qardaş Türkiyədə baş verən 15 İyul hadisəsi göstərdi ki, biz necə qəddar bir terror təşkilatı ilə üzbəüzük. Təbii ki, illərdir vurğulayırıq ki, FETÖ ilə mübarizə davamlı şəkildə həyata keçirilməlidir. Əgər dövlət terrora qarşı mübarizə göstərirsə, nə üçün Avropa buna qarşı çıxmalıdır? Yəni, Avropa bu terror şəbəkəsindən Türkiyəyə qarşı istifadə edir. Eyni zamanda, bu terror təşkilatı Azərbaycanın parlaq zəfərini kölgədə qoymaq və türk dünyasına sızmaq niyyətindədir. Onların ipi ABŞ və Avropanın əlində olduğu və bu dövlətlərin kəşfiyyat orqanlarının maşası olduqları üçün heç bir şəkildə Azərbaycanda mübarizəni dəstəkləmirlər. Madam ki onlar hər hansı bir qanunsuzluq olduğunu düşünürlər, o zaman nə üçün istintaqa müdaxilə edərək və istintaq sirlərini yayaraq Azərbaycan dövlətinə qarşı hörmətsizlik edirlər? Həmin dövlət səfirlərinin birmənalı şəkildə həm Qarabağ, həm də hazırkı FETÖ məsələsində tutduğu mövqe qanunsuz olmaqla bərabər, həm də hörmətsizlikdir. Azərbaycan qalib dövlətdir və hər kəs həddini bilməlidir”.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili: “Azərbaycanda və qardaş Türkiyədə FETÖ terror təşkilatı çox ayaq açıb. 2016-cı il 15 iyulda Türkiyənin başına gətirilən hadisələrdən Azərbaycan xalqı da nəticə çıxarmalıdır. Bugünkü gündə baş verən həbslər onu deməyə əsas verir ki, FETÖ terror qruplaşması Azərbaycanda yenidən dirilməyə cəhd göstərir. Sevindirici hal ondan ibarətdir ki, dövlətimiz və cəmiyyətimiz bu məsələyə vaxtında reaksiya verdi. Bu həbslər onu göstərdi ki, Azərbaycana xarici müdaxilənin edilməsi yolverilməzdir. Kimliyindən asılı olmayaraq dövlətə qarşı çıxan hər bir şəxs cəzasını almalıdır.

Qubad İbadoğlunun həbsinə gəldikdə isə hələ istintaq davam edir. Lazım olsa qanun çərçivəsində cəza veriləcək. Bununla bağlı fikir yürütmək hələ ki tezdir. Amma absurd bir haldır ki, hələ istintaq davam etdiyi halda ABŞ, Almaniya, Britaniya və Fransa səfirliyi nümayəndələri artıq Qubad İbadoğlunun, o cümlədən, FETÖ terror təşkilatının müdafiəsinə qalxıblar.

30 ildir Azərbaycan torpaqları işğal altında qalanda, Xocalı soyqırımı törədiləndə, 44 günlük Vətən müharibəsində Azərbaycanın mülki vətəndaşları erməni terrorçuları tərəfindən şəhid olduqda səsi çıxmayan ABŞ və bəzi Avropa dövlətləri ortada bir qərar olmadığı halda aləmi bir-birinə qatıb. Bu, Azərbaycan xalqının gözünə kül üfürməkdən başqa bir şey deyil. İllərdir ki, Avropanın Azərbaycana qarşı yürütdüyü ikili standartların şahidi olmuşuq. Özlərini demokratik ölkə sayanlar bilməlidir ki, Azərbaycanla zor gücü ilə danışmaq mümkün deyil. Bizim xalqımız ağı qaradan seçməyi çox yaxşı bacarır. Təbii ki, biz kiminsə günahsız həbs olunmasını istəmirik. Lakin hələ ortada bir şey yoxdur və Avropa ayağa qalxıb. Ona görə də biz sonunadək dövlətimizin yanındayıq. Azərbaycan və türk xalqının iradəsini heç kim qıra bilməz. Bir neçə səfirliyin Azərbaycana qarşı birgə bəyanat verməsi bizim daxili işlərimizə qarışmaqdır. Buna heç kimin haqqı yoxdur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə