QƏRBİN SİYASİ RİYAKARLIĞI - TƏHLİL

QƏRBİN SİYASİ RİYAKARLIĞI - TƏHLİL

Qərb siyasətçilərinin bəyanatlarındakı eyhamlardan belə görünür ki, ATƏT-in Minsk Qrupunu dirçəltmək üçün müəyyən cəhdlər edilir. Qərb, o cümlədən ABŞ yenə də həmin o ATƏT-in Minsk Qrupunu, fəaliyyəti böyunca heç bir iş görməyən, yaxud görə bilməyən, uğursuzluğu, nəticəsiz fəaliyyəti sayəsində, belə demək mümkünsə, ölmüş, hətta tarixin qəbristanlığında basdırılmış bir qurumu “diriltmək” niyyətində görünür. Əsrin üçdə birinə yaxın müddət ərzində Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxmayan, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində heç bir əməli fəaliyyət sərgiləməyən, münaqişənin həllinə zərrə qədər təsir etməyən, nəticədə də lazımsız bir quruma çevrilən ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etmək niyyəti Qərbin siyasi riyakarlığının təzahürüdür.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən uzunmüddətli işğalı dövründə fəaliyyətsiz qalan və nəticədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində bir addım irəliləyişə kömək belə etməyən bir qurumun, yəni həmin o ATƏT-in Minsk Qrupunun faydasızlığı aksiom hesab olunur və bunun isbata ehtiyacı belə yoxdur, çünki hər şey göz önündə olub. Göz önündə o olub ki, BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinə əməl etməyə rəsmi İrəvanı məcbur etmək üçün həmin o ATƏT-in Minsk Qrupu lazımi təzyiq belə göstərə bilmədi, yaxud göstərmədi. Sual oluna bilər ki, indi belə bir qrumun dirçəldilməsi, dirildilməsi kimin nəyinə lazımdır? Köbud şəkildə desək, bu qurumun, məhz ATƏT-in Minsk Qrupunun məsələlərə bundan sonra burnunu soxmasına nə ehtiyac var? Axı Azərbaycan BMT-nin qətnaməsinə müvafiq olaraq, məsələni ATƏT-in Minsk Qrupunun yuxusuna belə girməyəcək müddətdə özü həll edib, ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü özü təmin edib. ATƏT-in Minsk Qrupu, həmin qrupun ABŞ, Fransa və Rusiya kimi guya vasitəçi sayılan həmsədr ölkələri bir neçə ildir Azərbaycanın böyük coşqu ilə Zəfər Gününü qeyd etdiyini də görə bilməyibmi? Əgər bunu da olsa görüblərsə, bilməlidirlər ki, bizə “toydan sonra nağara” nazım deyil.

Ara-sıra Qarabağ münaqişəsinin həllinin zəruriliyi barədə fikir bildirən, özü də konkret şəkildə ünvanlanmayan deklarativ bəyanatlarla 30 il müddətində baş girələyən bir qurumun, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin həmin dövr ərzində bölgəyə səfərlərinin də eyni ilə turist səfərlərinə bənzədiyini həmsədrlər özləri hamıdan yaxşı bilirlər. Münaqişənin mahiyyətinə onillər ərzində varmadan, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan həmin illər ərzində fəaliyyət göstərdiyini iddia edən, əslində isə, fəaliyyətsizliyi dəfələrlə özünü biruzə verən bir qurum tarixin arxivinə yazıldığı halda, onun barədə spekulyasiyalar belə yersiz və mənasızdır. Tarixin arxivində toz-torpaq basımış bir qurumu elə həmin o arxivdən çıxarmaq niyyəti belə heç bir halda xoş niyyət kimi görünmür. Qərbin bu niyyətinin arxasında yaxşı halda, öz maraqları dayana bilər, hansı ki, bunlar Azərbaycan üçün heç də maraqlı deyil. Azərbaycan üçün heç bir əhəmiyyər kəsb etmətən maraqların təmin edilməsi cəhdləri isə siyasi riyakarlıqdan başqa bir şey ola bilməz. BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında işğala və erməni təcavüzünə son qoymaq üçün beynəlxalq birlikdən mandat verildiyi halda, onillər ərzində heç bir tədbir görməyən bir qurum, yəni ATƏT-in Minsk Qrupu indiki durumda, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda ümumiyyətlə, lazımsızdır.

İkinci Qarabağ Müharibəsi və əldə etdiyi qələbə ilə Azərbaycan Qarabağ problemini hərbi yolla müstəqil şəkildə həll etdikdən sonra ATƏT-in Minsk Qrupunun formal olan mövcudluğuna belə ehtiyac qalmadı və qeyd edək ki, 2020-ci il 12 dekabr tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinə bunu xatırladıb. “Buraya gəlmək sizin ideyanız olub. Bunu bir daha kameralar qarşısında təkrar edə bilərəm ki, Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin Minsk Qrupunun nümayəndələrinin gəlmək istəməsi barədə mənə bildirildikdə, etiraz etmədim. Bəlkə mənə deyəcək nə isə var. Bunu kameralar qarşısında etmək istəyirsinizsə, söyləyin”, deyə Azərbaycan Prezidenti bildirib. Ölkə rəhbərimizin dedikləri əslində, həmin qurum üçün, Minsk Qrupunun nümayəndələri üçün ən kəskin və layiqli cavab sayılır, hansıki bundan öz nəticələrini çıxarmalı idilər. Nəticə çıxarmalı idilər ki, ATƏT-in Minsk Qrupu arıq ən azından Azərbaycan üçün ölü bir qurumdur. Elə isə, indi həmin qurumu Qərbin bir daha gündəmə gətirmək istəməsi ölünü diriltmək kimi görünür və buna da siyasi riyakarlıqdan başqa ad vermək olmur.

Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il Rusiya-Ukrayna müharibəsi və eləcə də Rusiya ilə Qərb arasında qarşıdurma başlayandan sonra ATƏT-in Minsk qrupunun formal mövcudluğu barədə hətta danışmaq da gülünc səslənir. Hətta Moskvanın məhz Paris və Vaşinqton əleyhinə çıxış edərək, onları məhv olmaqda olan ATƏT-in Minsk Qrupunu tamamilə məhv etməkdə ittiham etməsindən sonra sözügedən həmin o formal qurum barədə spekulyasiyalar belə absurddur. 2022-ci ilin noyabrında ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə xüsusi nümayəndəsi Filip Riker tərəfindən ATƏT-in Minsk Qrupunun “ölümü”, yəni, məhv olması barədə bəyənatı da yaddadır. Amma məsələ burasındadır, Riker qeyd edib ki, ABŞ-ın fikrincə, həmsədrlərin qarşılıqlı fəaliyyəti dayandırılsa da, ATƏT-in Minsk Qrupunun mandatının özü hələ də faydalıdır. “Minsk qrupu, məlum olduğu kimi, fəaliyyət göstərmir. Mandat və məqsədlər isə hələ qalır", deyən Riker, bununla, mahiyyətcə artıq ölü sayılan bir qurumu sözsüz ki, diriltmək ehtimalına da işarə edirdi. İndi Qərbin həmin o ölü sayılan qurumu diriltmək niyyəti məsələnin nə yerdə olduğunu, çirkin məqsədləri tam şəkildə ifşa edir. Aydın olur ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, əslində isə bu günə qədər ATƏT-in Minsk Qrupu ilə bağlı illüziyalarından əl çəkməyən, hər fürsətdə həmin ölü qurumu danışıqlar prosesinə cəlb etməyə çalışan Ermənistanla Qərb eyni oyun oynamaq fikrindədir, hansıki bunun da adı ikiüzlülük və siyasi riyakarlıqdır.

Ən maraqlı məqam isə, hal-hazırda Rusiya və Qərbin sözün əsl mənasında ziddiyyətdə olduğu, hətta nüvə müharibəsi təhlükəsi barədə proqnozların yayıldığı bir zamanda bu “ölü” qurumun yada düşməsidir. Təəccüblüdür, bir-biri ilə düşmən mövqedə, müharibə və qarşıdurma vəziyyətində olanlar Ermənistandan, Ermənistan-Azərbaycan münaqişəsinin həllindən söhbət gedəndə düşmənçiliklərini unutdular, yoxsa qarşıdurma heç nəzərə də alınmadı? Ukraynadakı müharibə və bununla bağlı münaqişənin, ən kəskin sanksiyaların, hədələrin, düşmənçiliyin fonunda Fransa, ABŞ və Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlığı bərpa etməyə hazırlaşması həqiqətən çox iyrənc bir görüntü ortaya çıxarır. Bütün bunlar Qərbin Azərbaycana qarşı ikiüzlü siyasətini və ölkəmizin 30 ilə yaxın işğalla üzləşdiyi dövrdə ikili standartların mövcudluğunu bir daha təsdiqləyir. İndi siyasi riyakarlıq nümayiş etdirən Qərb bunu təkcə Azərbaycana qarşı etmir, Ukraynaya qarşı da edir. Son əsgərinə qədər vuruşmağı Kiyevdən tələb edən, bu tələbi fonunda əks-hücum əməliyyatları zamanı Ukraynaya çox lazım olan silahların çatdırılmasını süni şəkildə gecikdirən Qərbin indi də həmin dövlətlə müharibə şəraitində olan ölkə ilə, düşməni ilə ATƏT-in Minsk Qrupu çərçivəsində əməkdaşlığı bərpa etmək niyyətinə siyasi riyakarlıq demək də azdır. Bunun daha iyrənc adı olmalıdır və bu adı Qərb öz ikiüzlülüyü ilə artıq çoxdan qazanıb.

Sözsüz ki, ATƏT-in Minsk Qrupu bizə sözün əsl mənasında kökünə qədər tanışdır və bu qurumun “nə” olduğunu Azərbaycan ictimaiyyəti də, dövləti də çox yaxşı bilir. Onu da bilir ki, ATƏT-in Minsk Qrupunu dirçəltmək üçün bütün cəhdlər onsuz da uğursuzluğa məhkumdur. Hər bir halda, rəsmi Bakı nə Qərbin, nə də Rusiyanın çirkin oyunlarında iştirak etməyəcək və ATƏT-in Minsk Qrupunun bərpası cəhdi, ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılması bizim üçün qəbuledilməzdir. Qarabağ problemi deyilən məsələ artıq keçmişdə qaldı və bu məsələni öz gücü, öz qüdrəti, öz potensialı ilə, həmrəyliyi ilə müstəqil şəkildə həll edən Azərbaycan xalqı bu məsələdə də həmrəydir və bizə ATƏT-in Minsk Qrupu heç lazım da deyil. Bununla belə, artıq çılpaq şəkildə özünü biruzə verən Qərb siyasi riyakarlığı da növbəti dəfə ifşa olundu və belə riyakarlıq nümayiş etdirənlərin diriltmək istədikləri ölü qurumun da, ATƏT-in Minsk Qrupunun da riyakarlığı təəccüb doğura bilməz və belə riyakarlar bizdən uzaq olmalıdırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə