Sərhəd tanımayan Azərbaycan-Türkiyə qardaşlıq birliyi - TƏHLİL

Sərhəd tanımayan Azərbaycan-Türkiyə qardaşlıq birliyi - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Pezident Ərdoğan ilə şəxsi dostluğumuz regional inkişaf və sabitlik baxımından çox mühüm faktordur"

Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri və xalq bir daha dünyaya nümayiş etdirdi ki, bu sarsılmaz qardaşlıq birliyi təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Çünki Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.

"BU, ÇOX GÖZƏL TƏMƏLDİR VƏ BİZİM ÖLKƏLƏRİMİZ MƏHZ BU TƏMƏL ÜZƏRİNDƏ İNKİŞAF EDİR VƏ BİR-BİRİNİ DƏSTƏKLƏYİR"

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyələyib ki, bizim Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktordur. Bu, regional inkişaf və sabitlik baxımından da çox mühüm bir faktordur.

Türkiyə ilə Azərbaycan xalqları arasında da münasibətlərin uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir və bir-birini dəstəkləyir".

Bu real faktordur ki, güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir".

Bəli, bu gün tarixi sınaqlardan çıxmış Güclü Azərbaycan - Güclü Türkiyə liderlərinin örnək qardaşlıq birliyi bütün dünyanın diqqətindədir. Sözsüz ki, bu danılmaz faktordur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr. Ən əsas amil isə ən çətin anlarda bir-birinin yanında olmaq.

Türkiyə-Azərbaycan sınaqlardan çıxmış qardaşlıq birliyi, ulu öndər Heydər Əliyevin söylədiyi "Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir" və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün bu iki güclü Liderlərin şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır.

"İKİNCİ QARABAĞ MÜHARİBƏSİNİN İLK SAATLARINDAN TÜRKİYƏ RƏHBƏRLİYİ VƏ XALQI BİZİMLƏ ÇİYİN-ÇİYİNƏ DAYANMIŞDI"

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, biz 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük: "İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi".

Prezident İlham Əliyev forumda çıxışında bir daha vurğulayıb ki, biz bütün 44 gün ərzində həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik: "Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi".

""ŞUŞA BƏYANNAMƏ"Sİ BİZİM QARŞIMIZDA YENİ ÜFÜQLƏR AÇIR"

"İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq".
Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlətimizin başçısı Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük nailiyyətdir, böyük sərvətdir. Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır”.
Bəli, iki il əvvəl, 2021-ci il 15 iyun tarixində Şuşada imzalanmış Bəyannamə iki qardaş ölkənin münasibətlərini yeni müstəviyə çıxaran tarixi və siyasi önəm kəsb edən müttəfiqlik haqqında hüquqi sənəddir. Bəyannamədə 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Ən əsası isə "Şuşa Bəyannaməsi" ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsindədir. Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfərini Azərbaycana etməsi bunun daha bir nümunəsidir. Prezident İlham Əliyev Türkiyə lideri Ərdoğanla birlikdə mətbuata bəyanatında qeyd edib ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.

Azərbaycan Prezidenti İlham Əliyev "Şuşa Bəyannaməsi"ni imzalayarkən bildirmişdir ki, bu sənəd tarixi anlaşmadır və bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vurğulayıb ki, "Şuşa Bəyannaməsi"nin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik.

Bəli, "Şuşa Bəyannaməsi" Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır. Və bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir.
Dövlətimizin başçısı forumda çıxış zamanı onu da bir daha vurğulayıb ki, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Bəli, müharibənin ilk günlərindən Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayanmağa vadar etdi. Prezident İlham Əliyev»Şuşa Bəyannaməsi»ni izalayarkən çıxışında bildirib ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək.

Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında onu da bildirib ki, "biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir. Gələcəkdə burada həm qlobal məsələlərdə, xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmlidir və vacibdir".

Ankaranın sabitləşdirici rol oynadığını vurğulayan dövlətimizin başçısı deyib: “Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir".

Bir sözlə, bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar və dövlət başçımızın dediyi kimi: "Pezident Ərdoğan ilə şəxsi dostluğumuz regional inkişaf və sabitlik baxımından çox mühüm faktordur".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə