Usyan adı altında ƏNƏNƏVİ ERMƏNİ TRAGİKOMEDİYASI – TƏHLİL

Usyan adı altında ƏNƏNƏVİ ERMƏNİ TRAGİKOMEDİYASI – TƏHLİL

İllərin təcrübəsi və hadisələrin gedişi təsdiq edir ki, ermənilərin etdikləri üsyan hər zaman mənasız olub və bir növ, əvvəlcə lətifəyə, gülüş doğuran hadisələrə bənzərliyi, sonda isə özləri üçün faciələrlə nəticələnməsi ilə yadda qalıb. Daha dəqiq desək, tarix boyu hayların məskunlaşdıqları ərazilərdə qaldırdıqları üsyanların mənasızlığı, gülünc olduğu, komikliyi ən qısa zamanda ortaya çıxıb, nəticə etibarı ilə erməni cəmiyyətinə baha başa gəlib və bu baxımdan da cəsarətlə deyə bilərik ki, usyan adı altında qaldırılan səs-küy sadəcə olaraq, ənənəvi erməni tragikomediyasıdır.

Bir neçə il əvvələ səyahət etsək görərik ki, çox pafoslu çıxışlarla ortaya atılan beli çantalı küçə nümayişçisi Nikol eynən indiki usyançılar, etirazçılar kimi gülünc görünməsinə baxmayaraq erməni cəmiyyəti tərəfindən ciddi qarşılanmışdı və ondan həmin cəmiyyətin gözləntiləri yüksək idi. Amma qısa zaman keçməsinə baxmayaraq tamamilə başqa mənzərə ortaya çıxdı. Doğrudur, səsi tutulana qədər qışqıran həmin o saqqallı, beysbol papaqlı, solğun köynəkli və beli çantalı küçə nümayişçisi Ermənistanın şəhərlərində usyan qaldıra bildi və sonda da öz məqsədinə, yalnız öz məqsədinə nail oldu, yəni hakimiyyəti ələ keçirdi. Fəqət, üsyan qaldıran zaman erməni xalqına “qızıl dağlar” vəd edən həmin o küçə nümayişçisi Nikol Paşinyan xalqına nəinki heç nə verə bilmədi, ümumiyyətlə, hakimiyyəti qamarladıqdan sonra bu haqda heç düşünmədi də. “Qarabağ Ermənistandır və nöqtə”, deyən Vovayeviç kapitulyasiya sənədinə imza atandan bir qədər sonra Azərbaycanın da, ölkəmizin Qarabağ iqtisadi rayonunun da ərazi bütövlüyünü tanıdığını bəyan etmək, daha doğrusu etiraf etmək məcburiyyətində qaldı. O, nə erməni xalqını “ağ günə” çıxara bildi, nə heç bir sahədə ölkəsinin irəliləyişinə, təmsil etdiyi cəmiyyətin rifah halının yaxşılaşdırılmasına, səfalətin aradan qaldırılmasına nail olmadı, nə də erməni yalanlarının ayaq tutub yeriməsinə kömək belə edə bilmədi. Hətta, Nikolun hansı şəkildə transformasiya olunduğunu, həmçinin, hayların məkrli niyyətlərini reallaşdıra bilməməsini, çarəsizliyini belə nəinki biz, eləcə də ermənilər özləri də gördülər. Bu isə, erməni cəmiyyəti üçün tragediya sayılır, çünki uzun illər başqalarına məxsus olanı ələ keçirmək məqsədi ilə verdikləri itgilərinin də, əməllərinin də puç, mənasız olduğu erməni baş nazirinin etirafından, ölkəmizin ərazi bütövlüyünü tanıması barədə bəyan etməsindən sonra bir daha öz təsdiqini tapdı.

Mütəmadi olaraq Ermənistana məxsus mətbuat səhifələrində erməni cəmiyyətinin düçar olduğu hər bir bədbəxtliyə, rəzalətə, rüsvayçı məğlubiyyətə, tələfata, itgilərə, səfalətə görə Paşinyanın günahkar olduğu barədə qeyd olunur, halbuki bütün bunlar mənfur əməllərin məntiqi nəticəsi olduğu bəllidir. Bir zaman ermənilərin az qala, “xilaskar” kimi qələmə verdikləri həmin adam elə erməni cəmiyyətində indi hədəfə alınıb və ona, “satqın”, “kapitulyant”, hətta “Türkiyənin agenti” də deyilir. Ermənistanda kütlənin “qəhrəman” adlandırdığı adam çox qısa zaman fasiləsində “satqın” adlandırıldı, qınanıldı, təhqir olundu, düşmən kimi görünməyə başladı. İndi həmin hadisənin xronologiyasını xatırladıqda görürük ki, beli çantalı küçə nümayişçisinin meydanlara gəlişi və ermənilərə “yağlı” vədlər verməsi gülünc göründüyü kimi, indi də erməni cəmiyyətinin gözündə onun satqın, düşmən gözündə görünməsi, çarəsiz vəziyyətdə, məğlub durumda qalması da həmin cəmiyyət üçün də, özü üçün də faciəli görünür. Sanki sehrli çubuqla Nikolun hər şeyi dəyişəcəyi təəssüratı yaradan hadisələrin başlanğıcı komik, amma qısa müddət sonrası, yəni satdın, xain damğası almasından sonrası isə onun üçün də, cəmiyyəti üçün də tragediya olduğu baxımından prosesi erməni tragikomediyası adlandırmaq zənnimcə, qüsur sayılmaz. İndi analoji vəziyyətin yenə də başlanğıcıdır və ənənəvi erməni tragikomediyası növbəti dəfə təzahür etməkdədir.

İyulun 24-də bir qrup Ermənistan vətəndaşı İrəvanda Xancyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsini bağlayıb. Maraqlıdır, hansı məqsədlə bunu ediblər və niyyət nədən ibarət olub? Belə məlum olub ki, onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisinə guya dəstək vermək istəyirlərmiş. Toplaşanların əllərində, "həyat yolunu aç", "biz qondarma humanizmə yox deyirik", "biz Artsaxıq" şuarları yazılan plakatlar olan üsyançılar birlik şuarları da səsləndiriblər, amma hansı birlikdən söhbət getdiyi bəlli olmadığından, bu məqam da gülməli görünür. Gülməli olan məqamlar içərisində ən komedik olanı Qarabağ iqtisadi rayonu barədə iddialılıqdır. Həqiqətən də, Azərbaycanın öz əzəli və əbədi torpaqlarını erməni işğalından xilas etməsindən, mükəmməl qələbə qazanaraq ərazi bütövlüyünü təmin etməsindən, ermənilərin çox böyük, hələ də altından çıxa bilmədikləri itgilərə məruz qalmalarından, rəzalət, səfalət halına düşmələrindən sonra belə bir iddia gülüş doğurmaya, komik görünməyə bilməz. Əvvəla ona görə ki, uydurduqları dırnaqarası “Artsax” kəlməsi belə rüsvayçı məğlubiyyətlərindən sonra dərhal tarixin zibilliyinə atılıb. Digər tərəfdən də axı onlar kimdirlər ki, belə bir iddia ilə çıxış etsinlər və İrəvanın küçələrində hansı haqla sayıqlayırlar? Həm də axı həmin torpaqların sahibləri öz ərazilərini qanları, canları bahasına 44 günlük müharibədə əldə etdikləri qələbə ilə işğaldan azad edərək, xalqımıza məxsus olanı geri qaytardılar, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. İndi ermənilərin belə sayıqlamaları necə gülünc görünməyə bilər? Bəlkə yenə də ərazi iddiası ilə müharibə, nəticədə də itgilər vermək, faciə ilə yenidən qarşılaşmaq arzusundadırlar? Bax budur erməni tragikomediyası. Özü də bu, ənənəvi erməni tragikomediyasıdır, çünki periodik olaraq təkrarlanılmasını haylar özləri həm arzulayırlar, həm də reallaşdırırlar.

Görəsən, bütövlükdə erməni xalqı öz “qəhrəmanı” Nikol kimi nə vaxt transformasiya olunacaq və nə vaxt əsassız iddialardan, cəfəngiyyatlardan, uğursuz miflərdən, ərazi iddialarından, başqalarına mənsub olanı ələ keçirmək, oğurlamaq arzusundan əl çəkib normal, sülh şəraitində yaşamaq fikrinə düşəcək? Bəs bu toplum nə vaxt normal qonşuluq, sülh şəraitində yaşamaq məqsədi ilə marginallaşmış vəziyyətdən xilas olmaq qərarına gələcək? Hələ neçə ənənəvi erməni tragikomediyası müşahidə edilməlidir ki, bu toplum dərs alsın? Etiraf etmək lazımdır ki, erməni xislətini nəzərə alaraq, bu barədə proqnoz vermək də olmur. Heç İrəvandakı etirazçıların şüurunun da nə vaxt transformasiya olunacağı məlum deyil və ancaq bunun da hansısa faciə ilə nəticələnməsindən sonra müəyyən nəticələr hasil olacağı barədə söyləmək olar. Amma görünən odur ki, ermənilər faciədən, tragikomediyadan yaxa qurtarmağı yox, növbəti mif haqqında spekulyasiya etməyi daha vacibdir hesab edirlər. Ermənilər məhz Ağdamdan keçməklə Xankəndinə humanitar yüklərin çatdırılması barədə Azərbaycanın təklifi haqda deyil, ənənəvi erməni tragikomediyasının yeni zirvələrini fəth etmək, sujet xəttinin, ekspozisiyanın kuliminasiyasına çatmaq barədə düşünürlər. Ola bilsin ki, İrəvanın başqa küçələrini də bağlamaq, Azərbaycana məxsus olan Qarabağ torpaqlarında yaşayan ermənilər barədə də daha axmaq fikirlər irəli sürmək ağıllarına gələ bilər. Amma əmin olsunlar ki, onların bu axmaqlıqları Azərbaycanın Qarabağ iqtisadi rayonunda qeyri-qanuni məskunlaşan Ermənistan pasportu daşıyanlara qətiyyən kömək etməyəcək. Əksinə, belə qənaətə gəlinməsi onlar üçün daha acınacaqlı, faciəvi vəziyyətin yaranmasına gətirib çıxara bilər ki, bu da növbəti tragikomediya kimi yaddaşlarına yazılar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə