Şuşa Qlobal Media Forumu: Gələcək üçün ideya və istiqamət - ANALİZ

Şuşa Qlobal Media Forumu: Gələcək üçün ideya və istiqamət - ANALİZ

Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin iştirakı, çıxışı, xarici və yerli jurnalistlərin verdiyi sualların cavablandırılması dünyanın müzakirə etdiyi mövzulardandır. Azərbaycan Prezidenti demək olar ki, heç bir sualı cavabsız qoymadı, hər birinə aydınlıq gətirdi, həm də verilən sualın dilinə uyğuncavab verildi. Adətən dövlət başçıları konkret sualları cavablandırır, digər sualların isə üstündən ustalıqla yayınırlar. Amma Azərbaycan Prezidenti dünyanın tanınmış media orqanlarını təmsil edən jurnalistlərə hər cür imkan yaratdı ki, qaranlıq qalan hər bir suala aydınlıq gətirilsin. Bütün bunlar dövlət başçısının hazırlığından xəbər verir, həm də görülmüş və görüləcək işlərdə Azərbaycanın haqlı tərəf olduğuna, eyni zamanda bütün bunların şəffaflıq şəraitində baş verdiyinə bir işarə idi. Yəni biz haqlı tərəfik və bütün sualların cavabı da obyektivliklə uzlaşır.

Qəhrəman Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması təsadüfi sayıla bilməzdi. İlk dəfə idi ki, dünyanın aparıcı media, jurnalist təşkilatlarının rəhbərləri, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Şuşada bir araya gəlmişdi. Prezident İlham Əliyevin Forumda çıxışı zamanı toxunduğu məsələlər, həmçinin regionda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərin normallaşdırılması ilə bağlı fikirləri önəmli idi. Dövlət başçısının Forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. İlham Əliyev regionun gələcəyi ilə bağlı hədəfləri göstərdi, strateji inkişaf istiqamətlərini müəyyənləşdirdi, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi məsələlərinin ön planda dayandığını bildirdi. Xüsusi olaraq qeyd edildi ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı perspektivlər açır. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda Azərbaycanın hazırkı inkişaf modelini dünyaya bir daha təqdim etdi.

Qeyd edək ki, sual-cavab formatında keçirilən Forum tarixi həqiqətlərə işıq salaraq ölkəmiz barədə dolğun məlumatın əldə edilməsində zəngin mənbə olacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, forum iştirakçıları üç saata yaxın davam edən müzakirələr sayəsində ölkələrinə çox yaxşı nəticələrlə qayıdacaq.

İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif gələcək üçün bir ideya, istiqamətdir. Bütün dövrlər üçün informasiya mübarizəsinin vacibliyini nəzərə alsaq belə tədbirlərin, daha dəqiq desək, beynəlxalq miqyas alan forumların keçirilməsi mütləqdir. Dövlət başçısı İlham Əliyevin bu forumun müntəzəm olaraq keçirilməsini və buna birinci Şuşa Qlobal Media Forumu adının verilməsini təklif etməsi də bu məqsədə xidmət edir.

Qətiyyətlə demək olar ki, Şuşa Forumu Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında öz sözünü deyəcək. Tədbirdə dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıq çağırışlarından, hazırkı dövrün əsas hədəfləri olan “Böyük Qayıdış” proqramının uğurlu icrasından və hərbi gücümüzün artırılmasının prioritetliyindən geniş bəhs etdi. Bu məqam da xüsusi vurğulandı ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar dünya gücləri tərəfindən qəbul olunur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib. Getdikcə daha çox sayda bəyanatlar eşidilir ki, Qarabağ Azərbaycanın ərazisidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı.

Dövlət başçısının Forumdakı çıxışı özündə mühüm mesajları, çağırışları ehtiva edir. Hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Ermənilər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür. Cənab İlham Əliyevin “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır” çağırışı qarşı tərəfi ciddi düşündürməlidir”.

Azərbaycan Transxəzər boru kəmərinin əleyhinə deyil…

Şuşa Qlobal Media Forumu öz işini başa çatdırsa da müzakirə edilən məsələlər, ən əsası dövlət başçısı İlham Əliyevin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirlər ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Prezident İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapıb. Dövlət başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilib. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə həmrəylik var. Birinci planda, dayanıqlı inkişaf məsələləri dayanır. İstənilən şəraitdə və vəziyyətdə iqtisadiyyatın dayanıqlı olmasını təmin etməliyik. Valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar əlavə imkanlar qazandırır.

Hazırkı dövrün əsas çağırışı olan Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət başçısı bildirib ki, sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və bu bölgə yüksək risk zonasından çıxmış olacaq. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Təbii ki, burada Qarabağın və Şərqi Zəngəzurun malik olduğu potensial da nəzərdə tutulur. Hazırda bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının prioritetliyini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə zəngin potensiala malik olduğu inkaredilməzdir.

Prezident İlham Əliyev Şuşada keçirilən Media Forumunda çıxışı zamanı deyib ki, Azərbaycan qazının tədarük coğrafiyası genişlənir. O, 2023-cü ilin sonuna kimi daha iki Avropa ölkəsinin idxalçılar siyahısına qoşulacağına ümid etdiyini bildirib. Türkmənistan Avropa İttifaqı ilə əməkdaşlığa qərar verərsə və Transxəzər boru kəmərinin tikintisi ilə bağlı razılığa gələrsə, bu siyahı daha da genişlənə bilər. Azərbaycan qazı da Şərqə - Pakistana gedəcək. İslamabad və Bakı arasında saziş imzalanacaq.

Bakı və İslamabad Azərbaycanın mayeləşdirilmiş təbii qazının (LNG) ilk dəfə Pakistana gedəcəyi tarixi hadisəni qeyd edir. Prezident İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında ilkin razılaşmaya əsasən, çatdırılmalar hər ay tankerlər tərəfindən güzəştli qiymətlərlə həyata keçiriləcək. İyunun əvvəlində Şahbaz Şərif Bakıda səfərdə olub. Pakistanın neft və qaz naziri Musadiq Malik Pakistan mətbuatına bildirib ki, İslamabad Azərbaycandan 12 LNG tankeri alacaq. Bu, qış mövsümündə ölkədə qaz qıtlığı probleminin həllinə kömək edəcək.

Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr ixrac etməyi planlaşdırır ki, bunun da 12 milyard kubmetri Avropaya çatdırılacaqü. Macarıstan və Slovakiya Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniya kimi Azərbaycan qazının artıq daimi alıcılarına əlavə olunacaq. Albaniya ilə də danışıqlar aparılır. “Azərbaycan bu ölkənin 700 milyon kubmetr qaza olan tələbatını tam ödəməyə hazırdır. Lakin Albaniyada yerli qaz paylama sisteminin olmaması səbəbindən çətinlik var. Hazırda onun tikintisinin mümkünlüyü məsələsi müzakirə olunur.

Xatırladaq ki, Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi və TANAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə Avropaya nəql olunur. Prezident İlham Əliyev Avropa ölkələrində qaz hasilatını və satışını artırmaq üçün TANAP-ın genişləndirilməsi planlarını açıqlayıb. Bundan əvvəl o, həmçinin qeyd edib ki, Azərbaycanın Avropaya qaz tədarükünü 2027-ci ilə qədər ən azı 20 milyard kubmetrə çatdırmaq potensialı var. İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə Azərbaycanın ən azı 100 il Avropa üçün etibarlı qaz tərəfdaşı olaraq qala biləcəyi fikrini bildirib, bunun üçün lazımi resurslar və siyasi iradə var.

Qonşu Türkmənistan da uzun illərdir ki, öz karbohidrogenlərini Avropa bazarına çatdırmaq imkanlarını nəzərdən keçirir. Türkmənistan uzun illər əvvəl Transxəzər boru kəmərini tikmək niyyətini bəyan etmişdi. Türkmənistan və Azərbaycan arasında Xəzərdə Kəpəz (Sərdar) “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı, işlənməsi və işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra konkret addımlar atılmağa başlanılıb.

Prezident İlham Əliyev vurğulayıb ki, “Trans-Əfqan kəmərinin tikintisinin təşəbbüskarı olmaq və ona sərmayə qoymaq bizim işimiz deyil”. Azərbaycan rəhbəri qeyd edib ki, təşəbbüs ilk növbədə qaz tədarükçüsü olan ölkədən, yəni Türkmənistandan gəlməlidir. “Xəzər dənizinin şərq sahilindən əlavə qaz həcmlərini təmin etmək üçün, birincisi, Transxəzər qaz kəmərini onun dibi ilə çəkmək, ikincisi, Bakıdan Avropaya doğru uzanacaq “Cənub Qaz Dəhlizi”ni inşa etmək lazımdır”, deyə Prezident planı açıqlayıb. Dövlət başçısının sözlərinə görə, əsas məsələ bu mühüm layihələrin maliyyələşdirilməsidir.

Beləliklə, Türkmənistanın öz karbohidrogenlərini Avropa bazarına çatdırmaqda maraqlı olmasına baxmayaraq, onların uğurla həyata keçirilməsi üçün layihənin maliyyələşdirilməsi kimi bəzi maneələr aradan qaldırılmalıdır. İlham Əliyev onu da qeyd edib ki, hazırda Avropa bankları mədən layihələrini maliyyələşdirməyə hazır deyil və Transxəzər layihəsi üçün vəsait toplamaq ciddi çətinlik yaradacaq. Azərbaycan keçmişdə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirərkən müxtəlif qurumlardan, o cümlədən Avropa İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlardan vəsait cəlb edib. Lakin hazırda bu iki Avropa qurumu belə layihələri maliyyələşdirmir, əksinə, maliyyələrini yaşıl enerji sahəsində layihələrə yönəldirlər.

Qeyd edək ki, türkmən qazının Avropaya nəqli məsələsi həddən artıq siyasiləşib, əslində bu, siyasətdən çox kommersiya məsələsidir. Türkmənistanla Avropa Komissiyası arasında türkmən qazının tədarükü ilə bağlı danışıqlar aparılır və kommersiya strukturları bu danışıqlarda iştirak etmir. Bu səbəbdən Transxəzər qaz kəmərinin hansı xarakter daşıyacağını təsəvvür etmək çətindir. Türkmənistan qazının kimin, hansı həcmdə və nə qədər müddətə alıcı olacağını anlamaq vacibdir ki, Azərbaycan Cənub Dəhlizinə çıxışı təmin edə bilsin. Konsorsium olmadığı üçün layihənin həyata keçirilməsindən danışmaq hələ tezdir. Brüssel və Aşqabad mövcud kommersiya imkanlarını nəzərə alaraq qarşılıqlı istək ifadə etsələr, o zaman Türkmənistan qazının Avropaya nəqli reallığa çevrilə bilər.

“Siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz…”

Şuşa Qlobal Media Forumda Prezident İlham Əliyevin media nümayəndələrinə təəssüratları barədə dediyi fikirlər də maraqlıdır: “Mən sizə deyə bilərəm ki, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Media ilə təmaslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz. Çünki hər bir prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə də Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Eyni zamanda, fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən bir də görürsünüz, cəmiyyətin nəbzini müəyyən qədər hiss etməmək olur. Çünki cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olubdur və ya mən digər məsələlərlə məşğul olmuşam, hətta mənim nəvələrim mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur. Bəzi məsələlər var ki, məni də müəyyən dərəcədə qıcıqlandırır. Ölkəmizdə ədalətsizlik, bürokratiya, pis idarəçilik və ya digər mənfi hallar, əlbəttə ki, bizim həmvətənlərimiz, hər bir vətəndaş kimi məni də qıcıqlandırır. Ona görə də mənim kommunikasiya kanallarım fərqlidir, müxtəlifdir. Postmüharibə dövrünü və hazırkı vəziyyəti nəzərə alsaq, təhlükəsizlik məsələləri, sülh prosesi, enerji diplomatiyası, qlobal təhlükəsizlik və Azərbaycanın inkişafı mənim gündəlik fəaliyyətimin böyük hissəsini, əsasını təşkil edir. Ona görə də belə bir şəraitdə müəyyən məsələlər mənim diqqətimdən yayına bilər. Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və ona dərhal reaksiya verim. Sizə deyə bilərəm ki, bir çox hallarda müəyyən dövlət məmurlarının reaksiyası verilir, hətta bir ağacın belə kəsilməsi, - mən onu mediadan bilmişəm, - o, məmurlarda da intizam yaradır…”.

Qeyd edək ki, Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərlə yanaşı, dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər müzakirə edilib.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə