Davam edən DİPLOMATİK MÜBARİZƏ – TƏHLİL

Davam edən DİPLOMATİK MÜBARİZƏ – TƏHLİL

Bakı ilə İrəvan arasında danışıqlar prosesini izlədikdə bəlli olur ki, bu proses planlı şəkildə mürəkkəbləşdirilir və həmin prosesin mürəkkəbləşdirilməsində maraqlı qüvvələr var. Brüsseldə keçirilən altıncı görüşdən sonra bir daha tam çılpaqlığı ilə göründü ki, Ermənistan tərəfi hələ də danışıqlara, razılaşmalara uyğun davranış sərgiləmir. Qarabağda özünü elan etmiş hərbi birləşmənin qalıqlarının rəsmi İrəvan tərəfindən maliyyələşdirilməsi, Ermənistan silahlı dəstələrinə mənsub bölmələrin və silahlı qruplaşmalarının həmin ərazilərdə hələ də olması, görüşlər zamanı erməni diplomatların absurd fikirlər səsləndirmələri məsələnin mürəkkəbləşməsinə gətirib çıxaran səbəblərdəndir və bu səbəblərdən də diplomatik danışıqlar davamlı xarakter alır. Çünki qanunsuz müdaxilələr dayandırılmadan, sadalanan fəaliyyət məhdudlaşdırılmadan, aradan qaldırılmadan İrəvanın ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatları belə inandırıcı görünmür.

Sözsüz ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, təkbaşına heç nəyə qadir deyil və hansısa qüvvələrə sığınan, arxalanan, zaman-zaman buna görə “dilləri uzanan” ermənilərin hələ də səsləri bu səbəbdən çıxır. Bir sözlə, məsələnin mürəkkəbliyi təkcə İrəvanın mövqeyi ilə bağlı deyil, xüsusən, uzun illər onların “miatsum” kimi axmaq layihələrinə “qarant” olan, Ermənistanı qorumaq funksiyasını sanki üzərinə götürən Moskvanın siyasəti ilə də bağlıdır. Bu gün Xankəndidə səs-küy salan, hətta utanmadan ultimatum dili ilə danışanlar da gözlərini Kremlə dikiblər və rusların onları müdafiə edəcəyini guman edirlər deyə orada qalmağa cəsarət edirlər. Əks halda, ya çoxdan ərazilərimizi tərk edib gedərdilər və səslərini belə çıxarmazdılar, ya da rəsmi Bakının şərtlərinə razılaşaraq ərazilərimizdə sakit yaşamağa davam edərdilər. Amma hələ də Rusiyanın dəstəyinə göz dikənlər axmaqcasına elə zənn edirlər ki, nə zamansa ruslar gəlib onlara xüsusi imtiyazlar verə bilərlər, halbulki Moskvanın nə belə bir səlahiyyəti var, nə Kreml erməni oyunlarına alət olmaq kimi bir çıxılmaz yol qarsında qalmayıb, nə də hayların halına yanmaq üçün ayıracaq vaxt da yoxdur. Sadəcə, Rusiya indi Cənubi Qafqazdakı yerini kimlərə isə, hansısa qüvvələrə isə güzəştə getmək istəmir deyə müəyyən məsələlərlə bağlı mövqeyindən əl çəkmir və ermənilər də bu görüntünün fonunda elə hesab edirlər ki, nə zamansa ruslar yenə onları bu rüsvayçı durumda xilas edəcəklər deyə kənara çəkilmirlər, regionda baş verənlərə təsir etməyə çalışırlar. Bəli, Rusiya regionda baş verənlərə təsir etməyə çalışır, amma bu dəfə ermənilər üçün deyil özü üçün buna çalışır və ermənilər özləri alətə çevriliblər.

Hələ də haylar başa düşməkdə çətinlik çəkirlər ki, Rusiya özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və bundan sonra ermənilər üçün, onların torpaq iddiaları uğrunda nəinki döyüşə, heç diplomatik mübarizəyə də qoşula bilməz. Uzaq başı gizli şəkildə proseslərə müdaxilə edə bilər ki, bu da erməni maraqları naminə deyil. Məsələn, Rusiya Sülhməramlı Kontingentinin məsuliyyət zonasında müvəqqəti yerləşən rusların ərazidə qeyri-qanuni idarəçilik və erməni silahlı birləşmələri ilə əlbir olması faktiki olaraq Moskvanın öz siyasətinə xidmət edir, regionda mövcudluğunu qorumaq naminədir, erməni maraqları naminə yox. Azərbaycanın suverenliyinin tam bərpası rusların geosiyasi istəklərinə uyğun deyil və Qarabağda mövcudluğunu saxlamaq üçün Rusiyanın məqbul variant axtarması Moskvanın öz maraqları üçün yürütdüyü siyasətdir. Amma məsələ burasındadır ki, bu siyasət, bu fəaliyyət qeyd olunduğu kimi, prosesi mürəkkəbləşdirir, gərginləşdirir, ən azından ləngidir.

Təbii ki, Moskvanın bütün hərəkətləri Qarabağda qeyri-qanuni formalaşmanı gücləndirir. Xarici şəxslərin, eləcə də şəxsi heyətin, hərbi yüklərin Ermənistana keçirilməsindən tutmuş Vardanyanın deportasiyasına qədər hər bir addım qeyri-qanuni əməllərə yol açır. Bundan da erməni separatçıları sui istifadə edirlər və bundan sonra da istifadə etməyə çalışacaqlar. Laçın keçid məntəqəsində baş verən hadisə də ermənilərin məhz sui istifadə cəhdləri idi. Rusiya birbaşa olaraq bu məsələdə iştirakçı olmasa belə, erməni separatçılarının, təxribatçıların törətdiklərinə rəvac verən rusların öz yürütdükləri siyasətdir ki, bunun fonunda haylar özlərini arxalı, güvənli hiss edərək, hay-küy salmağa cəsarət edirlər. Halbuki, Həkəri çayı üzərindəki körpüdə Azərbaycanın dövlət bayrağına qarşı hörmətsizlik nümayiş etdirilməsi Moskvanın Bakıya təsir etmək üçün effektiv siyasi alətlərinin olmamasından xəbər verir. Bunu ermənilər vaxtında başa düşsələr, anlasalar artıq-əskik hərəkətlərə yol verməzlər. Ən azından başa düşərlər ki, belə hərəkətlərə görə

Laçın Buraxılış Məntəqəsi tibbi məqsədlərdən başqa bütün məqsədlər üçün bağlandı, bundan sonra eyni zamanda bütün maraqlı tərəflərə Ağdam - Xankəndi yolundan istifadə etmək təklifi olundu və deməli, ruslara arxayın olub, güvənib hay-küy salan haylar öz vəziyyətlərini mürəkkəbləşdirmiş oldular.

Rəsmi Bakı beynəlxalq hüquq normalarına qüsursuz şəkildə riayət edir və erməni cəmiyyətinin Azərbaycana qarşı mənfi fikir belə formalaşdırmaq cəhdləri fiaskoya uğrayır. Azərbaycan tərəfinin qanuni şəkildə Laçında yaratdığı məntəqəyə görə haray-həşir qoparan, bunu qondarma olaraq “humanitar böhran” kimi təqdim etməyə çalışan ermənilər özlərini gülünc vəziyyətə qoymuş olurlar. Əvvəla ona görə ki, beynəlxalq hüquq normalarına görə də Azərbaycanın buna haqqı çatır, görülən işlər qanuni şəkildə həyata keçirilib və indi erməni cəmiyyətinin əsassız spekulyasiyaları belə yersiz səslənir. Məhz belə hüquqi hərəkətlər, qanuni addımlar istənilən platformalarda aparılan danışıqlar zamanı Azərbaycanın irəliləyişlərinə töhvə verir və bundan sonra nailiyyətlərə ümidlərimizi artırır. Amma erməni cəmiyyətinin, yaxud bölgədə maraqlı olan tərəflərin, qüvvələrin apardığı siyasət sülh danışıqları istiqamətində gedən prosesləri mürəkkəbləşdirir, diplomatik mübarizənin davam olmasına şərait yaradır. Məsələn, Kreml bir tərəfdən humanitar vəziyyəti dramatikləşdirir, “Laçın dəhlizi”nin açılması barədə fikirlər səsləndirir, digər tərəfdən isə bəyan edir ki, “bu şərtlər daxilində, yəni, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması şərti daxilində Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü dövlətlərin üzərinə atılmamalıdır”, yəni faktiki olaraq bəyan edir ki, onlara hərbi və siyasi dəstək verilməməlidir. Deməli, rəsmi Moskva həm məsuliyyətin üçüncü dövlətlərin üzərinə atılmamalı olduğunu bəyan etdiyi halda, Laçın dəhlizini müzakirəyə belə çıxarırsa, təbii ki, prosesin mürəkkəbləşməsinə şərait yaradır. Amma sözsüz ki, bununla nəyə isə nail olunacağı heç də mümkün görünmür və bunu ermənilər də, ruslar özləri də hamıdan yaxşı başa düşürlər.

Diqqətə çatdıraq ki, bu arada Qarabağdakı qeyri-qanuni birləşmənin lideri Arayik Arutyunyan əyalət kobudluğu ilə ifrat tədbirlərə getdiyini bəyan edərək, oturaq tətil elan etdi. “Mən bu ifrat addımı atmağa məcburam ki, Ermənistan, Rusiya, ABŞ, Fransa, Aİ, BMT Təhlükəsizlik Şurası və digər dövlətlər Azərbaycanın indiki və gələcək təcavüzkar hərəkətlərinə və cinayətlərinə məhəl qoysunlar, sonra isə, üçtərəfli bəyanat, beynəlxalq məhkəmənin qərarı və digərləri ilə əlaqədar öz öhdəliklərini yerinə yetirsinlər”, deyə Arutyunyan öz hərəkətini əsaslandırmağa çalışıb. Maraqlıdır, Araik kimə səsləndiyini düşünür? Xankəndidəki bu avantüristin, separatçının oturaq tətil etməsindən kimlərin, özü də hansı itgiləri ola bilər ki, belə bir axmaq fikir səsləndirir? Bu axmaqlığı ilə kimləri nəyə məcbur etmək istəyir və əks təqdirdə hansı qüvvəyə, hansı gücə və hansı potensiala güvənir axı? Sözsüz ki, onun üçün güvəniləcək nə potensial var, nə də güc və onsuz da gec-tez erməni birləşmələri, o cümlədən yerli dəstələr Qarabağ ərazisini tərk etməli olacaqdılar. Bu Araik adlı separatçı başa düşməlidir ki, nə Tehran, nə Vaşinqton, nə Brüssel, nə Paris, nə Moskva, hətta İrəvan özü də bir ovuc quldurun tərəfində döyüşə girməyəcək. Başa düşməlidir ki, özünü hakimiyyət adlandıran qurumların nümayəndələri Bakının mərhəmətinə nə qədər tez təslim olsalar bir o qədər tez fəlakətdən yaxa qurtara bilərlər. Bəli, belə axmaq və absurd addımlara əl atanlar ruslara ünvanlanmış olurlar, amma Rusiyaya göz dikənlər başa düşməlidirlər ki, Moskva danışıqlar aparacaqsa da, Azərbaycanda iqtisadi maraqlarını da olsa nəzərə alaraq aparacaq. Rusiya üçün maraqlar və perspektivlər o qədər böyükdür ki, onları Qarabağda illüziya mövcudluğu naminə qurban vermək yolverilməzdir və bu reallığı Moskva diqqətdən qaçıran deyil. Heç şübhəsiz ki, Moskvada keçiriləcək növbəti danışıqlar raundunda Bakının irəli sürdüyü ədalət prinsipləri əsasında regionda sülhün təşviqinə Rusiya öz töhfəsini verməli olacaq. Amma hər bir halda, ümumilikdə dünya ictimaiyyəti diplomatik mübarizənin davam etdiyinin şahidi olur və məsələnin nə qədər mürəkkəbləşdirilməsindən asılı olmayaraq, Azərbaycanın diplomatik qələbələrinə, uğurlarına, irəliləyişlərinə hər kəsin ümidi böyükdür, çünki hər dəfə, hər bir platformada və hər danışıqlar masasından bunun əyani şahidi olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə