QHT rəsmiləri Ermənistanın eko-terroru ilə bağlı NƏ DEDİ? - SORĞU

QHT rəsmiləri Ermənistanın eko-terroru ilə bağlı NƏ DEDİ? - SORĞU

Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət edib. Müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur. SİA sözügedən məsələ ilə bağlı QHT rəsmiləri arasında sorğu keçirib.

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib: "Bu gün biz Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq BMT-yə təcili şəkildə müraciət ünvanlamışıq. Belə ki, Ermənistan respublikası tərəfindən hava və suyun çirkləndirilməsi nəticəsində insanların həyatı və ətraf mühitlə bağlı çox ciddi təhlükə var. Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində nəinki Ermənistan və Azərbaycan, ümumiyyətlə region ciddi ekoloji təhdid altındadır. Bu, bizi çox narahat edir.

Belə ki, sənaye müəssisələrinin plansız, nəzarətsiz, beynəlxalq standartlara uyğun olmayan fəaliyyəti insan sağlamlığı və təhlükəsizliyinə, ekosistemə ciddi mənfi təsirlər göstərir. Bu tullantılar Ermənistandan Həkəri, Oxçu çayı vasitəsilə Araz çayına axıdılır. Araz çayının suyu isə Azərbaycanda suvarma suyu kimi istifadə edildiyindən geniş təsərrüfatlara çox ciddi problem yaradır. İçməli su təchizatlarına dəyən ziyan isə birbaşa yoluxucu xəstəliklərin, xərçəng xəstəliyinin yaranmasına zəmin yaradır. Bu isə təkcə Azərbaycan və Ermənistan yox, eyni zamanda regionda ciddi ictimai böhran yarada bilər. Hazırda Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üçün çox böyük qrantlar alır. Biz Avropa İttifaqına müraciət edərək bildiririk ki, həmin qrantlarla həyata keçirilən layihələrdə ekoloji tarazlığın pozulmasına, canlı təbiətin məhv edilməsinə deyil, təyinatı üzrə istifadəsini təmin etsinlər. Ermənistan BMT-nin bir çox konvensiyalarının, o cümlədən transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında konvensiyasının, su və sağlamlıq haqqında protokolun, BMT-nin Avropa İqtisadi Komissiyasının təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət haqqında Bazel konvensiyasının və bu kimi bir çox konvensiyaların heç birinin əsas prinsiplərinə heç bir məhəl qoymur, prinsipləri kobud şəkildə pozur.

Biz düşünürük ki, BMT kimi nüfuzlu bir təşkilat və beynəlxalq ictimaiyyət bizim səsimizə səs verəcək. Ermənistanın heç bir beynəlxalq normalar, ekoloji standartlar, şəffaflıq təmin edilmədən göstərdiyi fəaliyyət nəticəsində su hövzələrimiz və ətraf mühitə çox ciddi zərərlər verib. Bu isə insan sağlamlığına çox ciddi təsir göstərir. Belə ki, ağır xəstəliklər və xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Bu gün Azərbaycanda fəaliyyət göstərən təşkilatlar olaraq bir müddət bundan əvvəl Arazdəyəndə iri metallurgiya zavodunun tikintisinə başlanıldığı dövrdə biz bəyanat imzaladıq. Onun ardınca isə yenə dağ-mədən sənayesi nəticəsində Ermənistanın ətraf mühitdə yaratdığı problemlərlə bağlı Nikol Paşinyana açıq məktubla müraciət etmişdik. Bütün bu müraciətlərə məhəl qoymayan Ermənistan öz fəaliyyətini davam etdirir və biz düşününrük ki, bu gün BMT və beynəlxalq ictimaiyyət bizim səsimizə səs verəcək. Ermənistanın ətraf mühitə qarşı törətdiyi ekoloji terrorun dayandırılması üçün müəyyən addımlar atacaqlar. Ermənistanın dağ-mədən sənayesi nəticəsində su hövzələri, hava çirklənir, bio-müxtəliflik məhv olur. Bütün bunlar isə bəşəriyyət üçün ciddi problemlər yaradacaq. Hər zaman səsləndirdiyim fikir var: Ekoloji problemlər sərhəd tanımır. Hər hansı bir ölkənin daxilindəki ekoloji problem həmin sərhəddə bitmir. Hava, içməli su hövzələri, suvarma suları vasitəsi ilə qonşu ölkələrə keçir və bu, bəşəriyyəti ciddi narahat edir".

"Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib: "Ermənistan respublikasının dağ-mədən sənayesinin ətraf mühitə, insanların sağlamlığına vurduğu zərər təkcə öz ölkəsinin əhalisi və ətraf mühiti üçün deyil, təkcə regional mahiyyət daşımır, eyni zamanda qlobal mahiyyət daşıyır. Ola bilər Ermənistan respublikası ətraf mühitə, öz vətəndaşının sağlamlığına laqeyd yanaşsın, bu, onun öz daxili problemidir. Lakin biz Azərbaycan Respublikasının ictimaiyyəti olaraq həm öz ölkəmizin vətəndaşları, həm də qlobal eko-terror hadisəsinə laqeyd qala bilmərik. Ermənistanın dağ-mədən sənayesi, xüsusilə də, son dövrlərdə adı tez-tez hallanan Qafan dağ-mədən kombinatının fəaliyyəti həm çayların çirkləndirilməsi, eyni zamanda insanların səhhətinə vurulan ziyan, transsərhəd sularına axıdılan tullantı materialları və bu kimi bütün hallar beynəlxalq hüquq normalarına, birgə yaşayış qaydalarına, beynəlxalq hüququn tələblərinə ciddi ziddir və saymamazlıqdır. Bu qanuna zidd və cinayətkar əməlləri sübut edən kifayət qədər dəlillərimiz, əsaslandırılmış faktlarımız var. Bununla bağlı ən böyük sübut isə 30 il ərzində Şərqi Zəngəzur və Qarabağın işğalı dövründə vətəndaşlarımızın viran qalmış evləri, tarix və mədəniyyət abidələri, eyni zamanda, qırılmış meşələrimiz, çirklənmiş çaylarımız, məhv olmuş faunamızdır.

Biz bu məsələləri qabardıb BMT, Avropa İttifaqı və bu kimi digər nüfuzlu beynəlxalaq və ekoloji təşkilatların diqqətini cəlb etməklə Ermənistanın əməllərinə son qoyulmasını və ciddi yanaşılmasını tələb edirik və etməliyik. Biz beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirik ki, özünü qədim xalq adlandıran Ermənistanın davranışları tarixdən tanıdığımız vəhşi barbarların davranışlarından heç nə ilə fərqlənmir. Əslində, Ermənistana xatırlatmaq lazımdır ki, biz artıq orta əsrlər dövründə yaşamırıq, müasir dünyanın öz tələbləri, normaları, normativ aktları, hamının qəbul etdiyi konvensiyaları var. Bunların tələblərinə əməl etmək lazımdır. Bu konvensiyalardan BMT-nin transsərhəd su axınlarının və göllərin istifadəsi, mühafizəsi konvensiyası, BMT-nin Avropa İqtisadi Komissiyası zərərli tullantıların transsərhəd daşınması və utilizasiyasına nəzarət Bazel konvensiyası kimi rəsmi sənədləri, eyni zamanda su və sağlamlıq haqqında protokol kimi bir çox rəsmi sənədləri vardır. Hesab edirəm ki, bu konvensiyaların tələblərini ciddi şəkildə pozduğu üçün Ermənistan tərəfi ciddi məsuliyyət daşımalıdır, çirkin, qanunsuz əməllərini dayandırmalıdır".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə