Növbəti Brüssel görüşü: Azərbaycanın şərtləri yenə keçərli oldu - TƏHLİL

Növbəti Brüssel görüşü: Azərbaycanın şərtləri yenə keçərli oldu - TƏHLİL

Bu, Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyasının daha bir qələbəsidir

Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının da marağındadır. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Son proseslər göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Ümumiyyətlə, Avropa İttifaqı artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır. Aİ Azərbaycanla Ermənistan arasında mövcud problemlərin tezliklə həll olunması və tərəflər arasında sülh sazişinin imzalanmasını dəstəkləyir.

İyulun 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsi ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsi uzrə aparılan danışıqların növbəti raundu baş tutdu.

Qeyd edək ki, buna qədər, yəni 44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra liderlər Brüsseldə beş dəfə görüşmüşdülər. İyulun 15-də növbəti 6-cı görüşdə də Azərbaycanın şərtlri keçərli oldu. Hər iki tərəfin Avropa İttifaqına etimadı var. Burada xüsusilə, Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Prezident İlham Əliyev bütün dünyada nüfuzlu dövlət xadimi və xalqının maraqlarını qətiyyətlə qoruyan Lider kimi qəbul olunur. Bu səbəbdən də beynəlxalq birlik 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Şarl Mişelin bəyanatından da göründüyü kimi, Brüssel görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir.

Çünki Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təklif göndərib. Brüssel görüşündə bu məsələ də diqqət mərkəzində olub. Belə ki, görüşdə əldə olunmuş razılığa əsasən, ölkə rəhbərləri zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə müvafiq tapşırıq verəcəklər. Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması, humanitar addımlar, itkin düşən şəxslərin taleyi, minatəmizləmə prosesi ilə bağlı müsbət yanaşmalar ortaya qoyulub.

Bir sözlə, 6-sı Brüssel görüşü də əvvəlki görüşlər kimi Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi. Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlama verərək Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir.

ŞARL MİŞEL: "Bugünkü görüş Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamıdır"

"Bugünkü görüşümüz məhsuldar oldu. Bu görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamıdır". Bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib. O, Ermənistan və Azərbaycan liderlərinin sülh prosesinə sadiq qalmalarını təqdir etdiyini vurğulayıb.

ŞARL MİŞEL: "Liderlər 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı bağlılıqlarını bir daha təsdiqlədilər"

Görüşün ən diqqətçəkən məqamı tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması, hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan etmələridir. Şarl Mişel mətbuata açıqlamasında onu da bildirib ki, ilk dəfə rəqəmlərlə ifadə olunan, Azərbaycanın 86,6 min kv.km, Ermənistanın 29,8 min kv. km ərazisinin qarşılıqlı şəkildə tanındığı vurğulanıb: "Biz gündəlikdə olan bütün məsələləri müzakirə etdik. Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha tam şəkildə təsdiq etdilər".

"Tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı danışıqlarda aşkar irəliləyiş əldə ediblər", fikrini söyləyən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dildirdi ki, biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik.

Prinsip etibarilə rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə hörmət edir və tanıyır. Eyni qaydada Azərbaycan 1991-ci ilin Alma-Ata Bəyannaməsinə zidd heç nə etməyib. Ermənistan isə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək bu Bəyannaməni pozan tərəf idi. İndiki məqamda rəsmi Bakının bəyannaməni qəbul edib Ermənistanın ərazi bütövlüyünü tanıması simvolikdir. Lakin Ermənistanın məhz Brüsseldə bunu qəbul etməsi vacibdir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa Birliyi platformasında etiraf etdi. Ermənistan bundan sonra Azərbaycana ərazi iddiası ilə çıxış etsə və ya sərhəddə gərginlik yaratsa Qərb rəsmi Bakını atacağı addımlara görə asanlıqla tənqid edə bilməyəcək. Çünki Ermənistan Brüsseldə üzərinə götürdüyü öhdəlikləri pozmuş olacaq. Prinsip etibarilə tərəflərin Alma-Ata Bəyannaməsinə əsaslanması həm də sərhədlərin delimitasiyasını tezləşdirə bilər. Hər halda sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.

PREZİDENT İLHAM ƏLİYEV VƏ ŞARL MİŞEL TƏRƏFİNDƏN ƏSASI QOYULAN BRÜSSEL SÜLH GÜNDƏLİYİ

Yeri gəlmişkən, xatırladaq ki, Cənubi Qafqazda postmüharibə dövründə Azərbaycanın sülh və sabitliyə sadiqliyi, xüsusilə, dünyada ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqı tərəfindən yüksək səviyyədə dəstəkləndi. Aİ Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında intensiv dialoq və təmaslarla Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanmasında, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli istiqamətində əməli addımlar atılmasında özünü qabarıq büruzə verdi. Nəticədə, postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu və tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları gerçəkləşdirildi.

Xatırladaq ki, Brüssel sülh gündəliyində prioritet istiqamət olan sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.Və avqustun 31-də Brüsseldə keçirilən dördüncü üçtərəfli görüş dövlətimizin başçısı Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bildi. Beləliklə, bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Qeyd edək ki, yeni sənəddə Qarabağ mövzusu, həmçinin ATƏT-in Minsk Qrupu yer almayıb, MQ formatının artıq tarixdə fəaliyyətsiz bir qurum kimi qalması, əvəzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Aİ-nın vasitəçilik formatının mövcudluğu öz ifadəsini tapıb.

Bir sözlə, Azərbaycanın daxili işi olan Qarabağ mövzusunun müzakirə edilmədiyi qənaəti təsdiqlənib. Bununla belə sülh müqaviləsinin Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacağı nəzərdə tutulub. Bütün bunlar isə Ermənistanı sülhə məcbur edən "Dəmir yumruğ"un gücüdür. Bir sözlə, altınsı Brüssel görüşündə də…

NÖVBƏTİ ALTINCI ÜÇTƏRƏFLİ GÖRÜŞLƏRDƏ YENƏ DƏ AZƏRBAYCANIN ŞƏRTLƏRİ KEÇƏRLİ OLDU

Bu gün Azərbaycan 44 günlük müharibədə düşmən üzərində hərbi qələbə çaldıqdan dərhal sonra bölgədə sülhün bərqərar olması üçün diplomatik müstəvidə də ardıcıl və uğurlu addımlar atmağa başlayıb. Prezident İlham Əliyev əvvəlki görüşlərdə də bildirib ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm: "Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib".

Bəli, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatları ilə qazandığımız diplomatik qələbələr ötən ilin 26 noyabrında Soçi bəyanatı ilə daha da möhkəmlənib. Belə ki, Avropa İttifaqının vasitəçiliyi ilə "Brüssel prosesi" sayəsində isə üçtərəfli bəyanatlarda nəzərdə tutulan məsələlərin real müstəvidə həlli ilə bağlı əhəmiyyətli irəliləyişlərə nail olunub. Xüsusilə, üçüncü Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edildi. Yəni bu, o deməkdir ki, iki ölkə arasında imzalanacaq sülh müqaviləsi rəsmi Bakının irəli sürdüyü məlum baza prinsipi əsasında qurulacaq. Lakin Ermənistan hələ də bundan yayınsa da, bundan sonrakı Brüsseldə keçirilən dördüncü, beşinci və növbəti altıncı üçtərəfli görüşlərdə də yenə də Azərbaycanın şərtləri keçərli oldu və sülh prosesi ilə bağlı real addımlar atmağın mütləqliyini ortaya qoydu. Artıq iki ilə yaxın müddətdə hər cür hiylə, təxribatçı əməllərlə sülhə nail olmağı yubadan Ermənistanın bundan yayınmaq yolları bağlandı və o, sülh razılaşmasına məcbur edildi.
Bəli, növbəti altıncı Brüssel görüşü bir daha sübut etdi ki, şərtləri qalib lider diktə edir və məğlub olan ölkənin rəhbəri də bu şərtlərə əməl etməlidir. İstər Soçi, istərsə də Brüssel görüşlərində bir daha sübut olundu ki, Azərbacan Prezidenti qalib lider olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə də həqiqətləri açıqlayacaq və açıqladı da! Prezident müharibədən ötən bir il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda gördüyü böyük işləri göstərərək dünyaya bəyan etdi ki, Azərbaycan, hər zaman olduğu kimi, sülh tərəfdarıdır. Öhdəliklərin yerinə yetirilməsi də bölgədə təhlükəsizliyin təminatına xidmət edəcək. Ancaq görünən odur ki, Ermənistan yenə də hansısa bəhanələr uydurmaqla vaxt uzadır. Yəni, Azərbaycan bu istiqamətdə nəticəyönümlü addımlar atır. Amma Ermənistan da xoş məram sərgiləməlidir və Zəngəzur dəhlizi ətrafında manipulyasiyadan əl çəkməlidir. Çünki 10 noyabr 2020-ci il imzalanan üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi, maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.

Və görüşdə də Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə də, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıdığı vurğulanıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib ki, Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır: "Kommunikasiya. Bu məsələyə gəldikdə, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də aşkar irəliləyişə nail olublar. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik".

Şarl Mişel, həmçinin mətbuata açıqlamasında əsa məsələ humanitar yardımların olmasıdır: "Qarabağın erməni əhalisinin vəziyyətini, Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə etdik. Aydındır ki, mövcud vəziyyət dayanıqlı deyil və heç kimin marağına uyğun gəlmir. Vəziyyətin normallaşmasına kömək üçün mümkün konkret addımları da müzakirə etdik".

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Laçın yolunun açılması ilə bağlı üçtərəfli görüşdə bu yolun açılmasının vacibliyini vurğuladım: "Mən Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm".

ÖHDƏLİKLƏRİNƏ SADİQ ÖLKƏ – ALTINCI BRÜSSEL GÖRÜŞDƏ DƏ AZƏRBAYCAN HƏRTƏRƏFLİ ÜSTÜNLÜYÜNÜ TƏMİN ETDİ

Əvvəlki beş Brüssel görüşündə olduğu kimi, altıncı Brüssel görüşündə də Azərbaycan bir daha göstərdi ki, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə və Brüssel görüşlərində aparılan danışıqlar zamanı qəbul edilən qərarlara sadiqdir. Buna misal kimi sərhədlərin delimitasiyası komissiyasının dəhral yaradılmasını, eləcə də yeni Laçın yolunun 3 ilə deyil, daha tez hazır olmasını, Zəngəzur dəhlizinin açılması istiqamətində dəmir və avtomobil yolunun tikintisinin sürətləndirilməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bunlar regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlardır.
Bir sözlə, üçtərəfli görüşdən sonra Şarl Mişeliн verdiyi bəyaнata nəzər yetirdikdə aydın görünür ki, Avropa İttifaqı ilk növbədə regionda sülhün tezliklə bərqərar olmasında çox maraqlıdır. Kommunikasiyaların açılması, nəqliyyat-tranzit məsələlərinin həllini tapması Cənubi Qafqazın inkişafı ilə yanaşı, regionda sabitliyi daha da möhkəmləndirəcək. Ona görə də Avropanın siyasi mərkəzi olan Brüssel görüşləri sülh prosesinə töhfə kimi dəyərləndirilir.

Bəli, bundan öncə keçirilən beş görüşdə olduğu kimi, altıncı görüşdə də Azərbaycan hərtərəfli üstünlüyünü təmin etdi. Beləliklə, Avropa İttifaqı Şurasının və şəxsən prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar. Çünki artıq ermənilər də dərk edirlər ki, nəinki Qarabağda və Azərbaycanın sərhədləri daxilində, hətta Cənubi Qafqazda baş verən proseslər də qalib ölkənin maraqlarına uyğun şəkildə həyata keçirilir. Regionda baş verən bütün proseslərin hərəkətverici qüvvəsi rolunda Azərbaycan iştirak edir. Və Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətindəki israrı da reallaşacaq. Bununla da Cənubi Qafqazın nəqliyyat-logistika imkanları daha da genişlənəcək. Yeni imkanların yaranması ilk növbədə Ermənistanın düşdüyü acınacaqlı durumdan xilası ola bilər.

Bir sözlə, həm Soçi, həm də Brüssel görüşləri bir daha təsdiq etdi ki, qalib ölkənin qalib lideri Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 prinsipdən hər hansısa birini Ermənistan həyata keçirməkdən boyun qaçırarsa, sülh müqaviləsi imzalanmayacaq. İstənilən etirazı, təxribatı isə "Dəmir yumruq" əzəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə