"Azərbaycan-İsrail hərbi əməkdaşlığında yeni addımlar atıla bilər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan-İsrail hərbi əməkdaşlığında yeni addımlar atıla bilər" - POLİTOLOQ ŞƏRH ETDİ

İsrailin müdafiə nazirinin Azərbaycana səfər etməsi mühüm məsələdir çünki Azərbaycan və İsrail arasında həm siyasi, həm hərbi, həm də bütün sferalar üzrə əməkdaşlıq iki ölkə rəsmilərinin davamlı əlaqələrini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

A.Nərimanlı vurğulayıb: "Xüsusən hazırda İsrailin müdafiə nazirinin yenidən Azərbaycana gəlməsi göstərir ki, Azərbaycan-İsrail arasında hərbi əməkdaşlıqla bağlı yəqin ki, müəyyən addım atılacaq. İsraildən silah alınması, istərsə də hava silahlarının birgə istehsalı məsələsi vardır. Bu layihənin nə qədərinin həyata keçirilməsi və bundan sonrakı dövrdə də silahların birgə istehsalı məsələsi də ola bilər, bir çox istiqamətdə addımlar atıla bilər. Hərbi əməkdaşlıq kontekstinə baxdıqda bu, gözlənilən bir addımdır və xüsusən İsrail nazirinin səfərinin iki günlük olması bu proqramın geniş olduğunu göstərir. Bu da o deməkdir ki, İsrailin müdafiə naziri ilə geniş əməkdaşlıqdan söhbət gedə bilər".

Politoloq qeyd edib ki, başqa məsələlərin də müzakirəsi gözlənilir: "Nazirin səfərində qeyd edilir ki, regiondakı vəziyyət də müzakirə olunacaq. Burada diqqət əsasən, İranın üzərinə yönlənir. Çünki İran tərəfinin Azərbaycana ciddi təhlükələr yaratdığını bilirik, lakin müəyyən qədər “atəşkəs” vəziyyətinin olduğunu da demək mümkündür, münasibətlərin düzəlməsi istiqamətində müəyyən addımlar atılıb. Lakin bir məsələ də vardır ki, İran tərəfi nə öz tələblərindən geri çəkilir, nə də ki, xüsusən də səfirliklə bağlı Azərbaycanın tələblərini yerinə yetirir. Bu o deməkdir ki, münasibətlər hələ də tam düzəlməyib. İsrailin müdafiə nazirinin Azərbaycana səfəri həm də İranla münasibətlərin son vəziyyəti və atılan addımlarla bağlı ola bilər. Çünki bu məsələdə İsrail də maraqlıdır və məlumdur ki, İranla İsrail arasında qarşıdurma vardır. Bu cəhətdən Azərbaycan-İran münasibətlərinin İsrail üçün maraqlı olması sirr deyildir. Ümumilikdə, geniş tərkibli bir görüşlər olacaqdırvə xüsusən, hərbi əməkdaşlıqda daha yeni bir mərhələnin başlana biləcəyini demək mümkündür".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə