ABŞ Azərbaycannı yaratdığı yeni reallıqları tam qəbul edir - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqdir"
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.
Bu barədə iyulun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.
BLİNKEN ABŞ-IN ERMƏNİSTAN İLƏ AZƏRBAYCAN ARASINDA SÜLH MÜQAVİLƏSİ ÜZRƏ MÜZAKİRƏLƏRƏ DAVAMLI DƏSTƏYİNİ İFADƏ EDİB
Antonii Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib
Dövlət katibi, həmçinin danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini qeyd edib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Və bu gün İkinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz, qətiyyətli mövqeyi bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanılan sazişə imza atılacaq. Çünki Azərbaycan Qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirib vaxt udmaq istəsə də buna nail ola bilmir. Səbəb isə bölgədə marağı olan güclər Cənudi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasında israrlıdırlar. Və bu gün dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Tərəflər arasında aparılan sülh danışıqları isə həm Rusiyada, həm də Avropada reallaşır.
Bəli, bu gün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda da diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda, vasitəçilik cəhdləri də təsdiqləyir. Danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsasən də ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir. Ən yüksək səviyyədə danışıqlara münasibət, tərəflərlə sıx əlaqələrin qurulması rəsmi Vaşinqtonun Cənubi Qafqazda qısa zamanda sülh arxitekturasının qurulmasında maraqlı olduğunu göstərir. Hətta ABŞ rəsmi şəxslərinin regional layihələrin perspektivini vurğulaması, həmin layihələrdə ölkələrinin təmsil olunma arzularını dilə gətirməsi də deyilənləri təsdiqləyir.
Sadəcə olaraq, iki ilə yaxındır ki, davam edən Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.
ABŞ PROSESİN BU XƏTT ÜZRƏ İNKİŞAFINI DƏSTƏKLƏYİR
Azərbaycanın yaratdığı reallıqlar göz önündədir - ölkəmiz böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış edir. Bu isə həm də Azərbaycanın tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilməsinə yol açır. Eyni zamanda, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ Azərbaycanın formalaşdırmağa çalışıdığı əməkdaşlıq platformalarının mühüm nəticələrini indidən görür desək, yanılmarıq. Bunun nəticəsidir ki, Ağ ev iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər yaratmağa çalışır. Belə ki, ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini diqqətdə saxlaması, sülh gündəliyinin davamlı olması üçün atdığı addımlar təqdirəlayiqdir. Bu hal, eyni zamanda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesin qlobal miqyasda da diqqət mərkəzində olduğunu deməyə əsas verir.
"QƏRB YOLU" ADI ALTINDA ERMƏNİSTANIN REGİONDA FRANSA VƏ DİGƏR MƏRKƏZÇİ AVROPA DÖVLƏTLƏRİNİN MARAQLARINA XİDMƏT ETMƏSİ AĞ EV ÜÇÜN QƏBULEDİLMƏZ HALDIR
Bu gün Ermənistanın hazırki mövqeyinin əsas hədəfləri bəllidir. Rəsmi İrəvan bir sıra istiqamətlərdə Azərbaycana qarşı “təzyiq” formalaşdırmağa çalışır ki, buna nail ola bilmir. Bu isə nəticə etibarı ilə İrəvanın özünə qarşı bumeranq effekti verir - ABŞ prosesi düzgün qiymətləndirir və öz mövqeyini ortaya qoyur: «Qərb yolu» adı altında Ermənistanın regionda Fransa və digər mərkəzçi Avropa dövlətlərinin maraqlarına xidmət etməsi Ağ Ev üçün qəbuledilməz haldır.
Beləliklə, ABŞ Ermənistanın oyun qaydalarını pozduğunu açıq şəkildə görür - hətta rəsmi Vaşinqtonu belə öz maraqlarına alət etməyə çalışır. O baxımdan ki, özünü Rusiyaya və Ermənistan ictimaiyyətinə “ABŞ-a yaxın” kimi göstərməklə mühüm məqsədlər güdür. Rusiyadan özünü konpensasiya edir, cəmiyyətdə isə reytinq artırmağı planlaşdırır...
Bir sözlə, ABŞ regionda prosesin inkişaf trayektoriyasını görür və dəyərləndirir. Ermənistanın anti-Rusiya mövqeyinin heç də səmimi olmaması, sadəcə, Fransanın timsalında Aİ-nin maraqlarına xidmət etməsi üçün müvəqqəti xarakter daşıdığı Vaşinqton üçün bəllidir. Ağ Ev anlayır ki, Ermənistan əlinə fürsət düşən kimi, daha doğrusu, Rusiya onun maraqlarını tam qarşılayacaq addımlar atmağa başlayan kimi Qərbdən üz döndərəcək. İndiki halda Ermənistanın əsas hədəfi sülhə mane olmaq, vaxtı uzatmaq, bu müddət ərzində isə hansısa “qazanc” əldə etməkdir. ABŞ isə bununla qəti şəkildə razı deyil. ABŞ-ın qısa zamanda sülhə nail olunması üçün verdiyi anonslar göz önündədir. Məsələn, bir müddət öncə ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataramanın Orta Dəhlizin inkişafını dəstəklədikləri ilə bağlı bəyanatı buna misal sayıla bilər. O qeyd etmişdi ki, bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq. Beləliklə, ABŞ-ın timsalında Qərb Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir. Ermənistan isə yaxın zamanda sülhü imzalamaq məcburiyyətindədir.
Bütün bu faktlar onu göstərir ki, bu gün ABŞ hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyev cənablarının apardığı siyasəti müsbət xarakterizə edir. Bu, Azərbaycan üçün müsbət hadisədir.
Və Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı da ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.
Bir sözlə, bütün bunlar bir daha göstərir ki, Azərbaycanın Zəfəri və müharibədən sonra yaratdığı yeni reallıqlar dünyanın aparıcı siyasi dairələri tərəfindən qəbul olunur..Bu isə öz növbəsində Prezident İlham Əliyevin müdrik siyasətindən və uğurlu diplomatiyasından xəbər verir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB