"Biz Ermənistan hökumətini məsuliyyətli idarəetməyə çağırırıq" - RƏY BİLDİRİLDİ
"Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq biz hər zaman Ermənistan tərəfindən sərhəd ərazilərimizdə ekoloji fəlakətə yol açan işlərin görülməsini qətiyyətlə pisləyir və müxtəlif etirazlar formasında belə işlərin görülməsinin qarşısını almağa çalışırıq. Çünki bu proseslər təkcə Ermənistanın və Azərbaycanın ekoloji sisteminə təhdid deyil, eyni zamanda Cənubi Qafqaz regionunun ekoloji vəziyyətinin pisləşməsinə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında “Şəfəq” Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev deyib.
Onun sözlərinə görə, ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır: "Bu problemlərin qarşısının birdəfəlik alınması üçün zəruri tədbirlərin görülməsinin artıq vaxtının çatdığını görürük. Biz eyni zamanda Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da ölkədə genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyirik. Ona görə də hazırda Azərbaycan QHT-ləri olaraq beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı narahatlığı ifadə edən məktubu bu ölkənin baş naziri Nikol Paşinyana ünvanlamışıq.
Bizim N.Paşinyana ünvanladığımız açıq məktub beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılması tələbidir. Qeyd edim ki, BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 3-cü, 6-cı, 12-ci, 13-cü, 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxır".
V.Babayev sözlərinə davam edərək bildirib ki, Ermənistanda aparılan dağ-mədən sənayesi işlərində heç bir ekoloji norma və prinsiplər gözlənilmədən istehsalat işləri aparılır: "Ermənistan bu işlərin görülməsinə bir sıra xarici şirkətləri də cəlb edərək, onları törətdikləri cinayətlərə şərik edirlər. Təəssüf edirik ki, xarici şirkətlər də transsərhəd kontektsində zavodların fəaliyyətində heç bir beynəlxalq hüquq normalarını gözləmir.
Belə ki,
- Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir;
- Əkərək Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. Kombinatın Davazam tullantı anbarının suyu Araz çayına tökülür;
- Göyçə vilayətindəki Daşdəm Qızıl Mədəni yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Bərgüşad çayı Araz çayına tökülür;
- Ermənistanın Lori vilayətindəki mis və qurğuşun istehsal edən Axtala mədəninin Tona çayına tökülən tullantı sularında insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Həmin çay Kür çayına tökülür;
- Qafan Manqan Zavodu nəinki Ermənistandakı, dünyanın ən böyük manqan zavodlarından biridir. Zavoddan çıxan çirkləndiricilər tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəng də daxil olmaqla, bir sıra sağlamlıq problemləri yaradır. Zavod həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir;
- Ellər zavodu mis, sink və qurğuşun istehsal edən metallurgiya zavodudur. Zavod Arpaçayını mis, qurğuşun və digər insan sağlamlığına mənfi təsir göstərən ağır metallarla çirkləndirir. Zavodda yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır;
- Göyçə Mis Əritmə Zavodu Ermənistanda əsas mis əritmə zavodlarından biridir. Zavod atmosferə çoxlu miqdarda kükürd dioksidi və digər çirkləndiricilər atır ki, bu da havanın çirklənməsinə və turşu yağışlarına səbəb olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçayına axıdır. Arpaçay isə öz növbəsində çirkləndirici maddələri Araz çayına daşıyır. Çirkab suları Arpaçayda su canlılarını məhv edir;
- Beynəlxalq qurumlar tərəfindən fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları da Bərgüşad çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Amuldağ yatağının istismarı təbii mineral su yatağı olan İstisu mineral bulaqlarına məhvedici zərər vurur.
- Naxçıvanla həmsərhəd Arazdəyən kəndində ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi də ətraf mühitin, ekosistemin pozulmasına, biomüxtəlifliyin məhvinə, havanın zəhərli tullantılarla çirklənməsinə, mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxaracaq. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq. Onu da qeyd edim ki, Azər¬baycan tərəfi ilə razılaşdırmadan sərhəd¬də belə bir müəssisənin tikintisi “Trans¬sərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə po¬zulmasıdır. “Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir.
Qeyd olunan faktlar Cənubi Qafqaz regionu üçün təhlükə saçan fəlakətlərin bir qismidir. Çünki, Ermənistan torpaqlarımızın işğalı dövründə tarixi abidələrimizi, təbiət ərazilərimizi məhv etməklə məşğul olmuşdur. Bunun əyani sübutunu biz daim görmüşük, eyni zamanda belə terrorçu hərəkətləri beynəlxalq ictimaiyyətə çatdırmaqda müvafiq addımlar atmışıq. Hər zaman olduğu kimi Ermənistan hakimiyyəti transsərhəd kotekstində regionun ətraf mühitinə mənfi təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcü, azərbaycanlı və o cümlədən ermənilərin bu günədək rəylərini, fikirlərini nəzərə almayıb və onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib.
Biz Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza və ölkəmizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırırıq".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB