Bəli, bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasi xəttinin uğurlu nəticəsi olaraq Azərbaycan lider bir ölkə kimi çıxış edir. Ölkəmiz dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın 2012-ci ildə dünyanın ən mötəbər beynəlxalq təşkilatının - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-cu ildə isə dünyanın ikinci ən çoxsaylı beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik etməsi gənc dövlətin beynəlxalq iştirakçılıq sahəsində yüksək fəallığının təkzibedilməz sübutudur. Dünya birliyi əyani şəkildə gördü ki, əvvəlki illərdən fərqli olaraq, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətində dinamiklik bərpa edildi, koronavirus kimi qlobal çağırışa qarşı mübarizədə bir çoxlarına örnək ola biləcək qətiyyətli mövqe ortaya qoyuldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək.
Bir sözlə, ötən müddət ərzində regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Belə ki, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü Azərbaycanın hərəkatdakı önəmini bir daha sərgiləmiş oldu.
Qoşulmama Hərəkatının Nazirlərinin görüşündə Prezident İlham Əliyev çıxışında bir daha müasir dünyada hələ də ikili standartların, ədalətsizliyin hökm sürməsi barədə həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırdı. Bu gün millətlərin azadlığının, dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün qorunmasının təminatçısı olmalı olduğu BMT əslində bir neçə dövlətin maraqlarını müdafiə edən yararsız bir quruma çevrilmişdir. Dövlətimizin başçısı onu da bildirdi ki, bu gün Fransa və bir sıra ölkələr öz gözlərində tiri görmədikləri halda başqalarının gözündə tük axtarmaqla məşğuldurlar. İnsan haqlarından, demokratik dəyərlərdən ağızdolusu danışanlar ilk növbədə insanların azadlıq hüququna, millətlərin suverenliyinə dəstək olmalıdırlar. Bu gün elə regionumuzda baş verən hadisələrə Fransanın münasibəti göstərir ki, bu ölkənin rəhbərliyi əslində bəşəri dəyərlərə qiymət verməyənlərdir. Cənab Prezident bunu öz çıxışında tutarlı faktlarla əsaslanaraq qeyd etdi ki, “özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən" Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır.
Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi: "Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik".
Prezident İlham Əliyev çıxışı zamanı Fransa hakimiyyətinə bir çox ölkələrdən üzr istəməsini tövsiyyə edib: “Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur. Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.
Dövlət başçımız bildirib ki, “Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.
Fransanın Korsika dilinə qadağa qoyduğunu, etnik azlıqlar konsepsiyasını qəbul etmədiyini vurğulayan Azərbaycan Prezidenti bildirib ki, “lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Fransa erməni separatizmini dəstəkləyir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə çalışır. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır”.
Çıxışı zamanı 2020-ci ildə Azərbaycanın Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoyduğunu qeyd edən dövlətimizin başçısı bildirib: "İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir. Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdi. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Ermənistan 1992-ci ildə Xocalı şəhərində 613 azərbaycanlını, o cümlədən 106 qadını və 63 uşağı yalnız etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdi. Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir".
Lakin təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Fransa dövlətinin törətdiyi bu cinayətlər barədə səslərini belə çıxarmadılar.
Bir sözlə, Prezident İlham Əliyev yeganə dövlət başçısıdır ki, Fransa dövlətinin və dövlət başçısı Makronun təcavüzkar, işğalçı siyasət aparmağını Qoşulmama Hərəkatının tribunasından qətiyyətlə bütün dünyaya çatdırdı. Və sözü imzası qədər dəyərli, güclü və keçərli olan Azərbaycan Prezidenti bir daha bildirdi ki, kapitulyasiya aktını imzaladıqdan sonra da Ermənistan məhz Fransa kimi havadarlarına arxayın olaraq öhdəliklərini yerinə yetirməkdən, xüsusən Zəngəzur dəhlizini açmaq öhdəliyindən yayınmaq istəyir. Lakin zaman indi başqadır və şərtləri regionda şərtləri qalib ölkənin qalib lideroi diqtə edir. Çünki Azərbaycan bu gün bir dövlət olaraq dünya birliyində öz layiqli yerini tutmuş və sözünü demişdir. Məhz Qalib ölkəmizin Qalib Lideri Prezident İlham Əliyev cənablarının son 20 ildə apardığı məqsədyönlü siyasət ölkəmizə bu imkanı qazandırmışdır. Çünki biz kimsənin torpaqlarına iddia etmirik, lakin öz azadlığımızı və suverenliyimizi təhdid edən hər bir kəsə də layiqli cavab verməyə hazırıq. Necə ki, cənab Prezident Fransa və digər erməni havadarlarının cavabыnı verdiyi kimi: "Fransa müstəmləkəçi keçmişinə və soyqırım aktlarına görə üzr istəməlidir".
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurvsının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB