“Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prioritetləri də dəyişdi” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prioritetləri də dəyişdi” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın ən uğurlu fəaliyyət dövrüdür. Sədr kimi üzv ölkələrin qanuni maraqlarını ən yüksək səviyyədə müdafiə etməsi yekdil qərarla Azərbaycanın sədrliyinin daha bir il uzadılması ilə nəticələndi. Məhz bu dövrdə Hərəkatda “Bandunq prinsipləri” əsasında ədalətin, beynəlxalq hüququn aliliyi təmin olundu. Eyni zamanda Hərəkatın institusional inkişafı da nəzərəçarpacaq dərəcədə genişləndi. 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin əsas nailiyyətlərindən biri oldu. Yeni yaranacaq Qoşulmama Hərəkatının qadınlar platforması da təsisatın fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu hərəkata sədrlik həm də Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü kimi nüfuzunun daha da möhkəmlənməsinə zəmin yaratdı: "Bakı toplantısında çıxışı zamanı Prezident İlham Əliyevin də söylədiyi kimi, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. Azərbaycan bu təsisatın sədri kimi Hərəkatın dünya nizamında öz yerini tapmasına çalışır".

Deputat sözlərinə davam edərək bildirib ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır: "Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq” deyən dövlət başçımız bir daha ən nüfuzlu təşkilat – BMT-də ciddi islahatların aparılmasının vacibliyinə də diqqət çəkdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməsinin tərəfdarıdır.
Eyni zamanda Azərbaycan neokolonializm meyillərinin artmasından da narahatdır. Əsas prioritetlərdən biri müstəmləkəçiliyə qarşı qətiyyətlə mübarizə aparmaq və onun tamamilə aradan qaldırılmasına töhfə verməkdir. Bu xüsusda neokolonializmi hələ də davam etdirən ölkələrdən biri kimi Fransanın özünü erməni milli azlığının müdafiəçisi kimi təqdim etməsi absurddur. Korsika dilinə qadağa qoyan, etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransanın bu ikili standartlar siyasəti ikrah hissi oyatmaya bilməz. Bakı toplantısı vasitəsilə Fransanın iyrənc siyasəti bir daha pisləndi və bəyan olundu".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə