PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan qoşulmama hərəkatına sədrliyi dövründə üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub"
Bu günlər yenə də dünyanın diqqəti Azərbaycana yönəlib. İki gün – iyulun5-6-dək davam edən növbəti beynəlxalq tədbirə ev sahibliyi edən Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edib.
Qeyd edək ki, Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Və 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı.
PREZİDENT İLHAM ƏLİYEVİN HƏYATA KEÇİRDİYİ UĞURLU XARİCİ SİYASƏTİN NÖVBƏTİ TƏZAHÜRÜ - DAHA BİR İL
Bəli, Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Məhz Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il uzadıldı. Bəli, Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. Qeyd edək ki, dünyanın ərazi, əhali və iqtisadi baxımdan güclü olan ölkələri bu hərəkatın üzvüdür və Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmadan dünya miqyasında bütün problemlərin danışıq yolu ilə həll edilməsi və beynəlxalq hüququn əsas götürülməsini prioritet kimi götürür. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür.
"AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATINA SƏDRLİYİ DÖVRÜNDƏ ÜZV ÖLKƏLƏRİN QANUNİ MARAQLARINI QƏTİYYƏTLƏ QORUYUB"
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə söyləyib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.
Üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlət başçısı deyib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub.
Prezident İlham Əliyev, həmçinin onu da bildirib ki, Qoşulmama Hərəkatının institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Hərəkatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir: "Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq".
PREZİDENT QOŞULMAMA HƏRƏKATINA SƏDRLİYİ DÖVRÜNDƏ AZƏRBAYCANIN PRİORİTETLƏRİNDƏN DANIŞIB
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Hərəkata sədrliyi dövründə Azərbaycanın prioritetlərindən danışıb. Ehtiyacı olan ölkələrə yardım göstərilməsinin Azərbaycanın sədrliyinin prioritetlərindən biri olduğunu deyən dövlət başçısı bildirib: "Azərbaycan əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik".
Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb.
"ÖLKƏLƏRİN DAXİLİ İŞLƏRİNƏ MÜDAXİLƏ HALLARINA QARŞI ÖZ SƏSİMİZİ UCALTMALIYIQ"
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə bildirib ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. "Biz "Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Hərəkatın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.
"BMT TƏHLÜKƏSİZLİK ŞURASI KEÇMİŞİN QALIĞIDIR"
"Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır". Bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə söyləyib.
BMT Təhlükəsizlik Şurası (TŞ) keçmişin qalığı olduğunu və hazırkı reallıqları əks etdirmədiyini vurğulayan dövlət başçısı deyib: "Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır".
BMT TŞ-də Qoşulmama Hərəkatına bir daimi yerin verilməli olduğunu xatırladan Prezident əlavə edib: "Biz bu fikirdəyik ki, QH-yə, İƏT-ə və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar".
"FRANSA NEOKOLONİALİZMİ HƏLƏ DƏ DAVAM ETDİRƏN ÖLKƏLƏRDƏN BİRİDİR"
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə söyləyib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır: "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır". Dövlətimizin başçısı bildirib ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dövlətimizin başçısı qeyd edib ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
"FRANSA AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNDƏ ERMƏNİ SEPARATİZMİNİ DƏSTƏKLƏYİR"
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə söyləyib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır.
Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılmasının onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".
"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır",-deyən dövlətimizin başçısı ğunun utancverici və iyrənc hərəkət olduğunu qeyd edib: "Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik".
Prezident İlham Əliyev, eyni zamanda Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
"FRANSADA RƏSMİ ŞƏXSLƏR VƏ PARLAMENTARİLƏR TƏRƏFİNDƏN İRQİ NİFRƏT XARAKTERLİ ÇIXIŞLAR ARTMAQDADIR"
"Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır". Bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə səsləndirib.
Dövlətimizin başçısı deyib: "Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək".
"ƏLCƏZAİR ƏSİLLİ 17 YAŞLI YENİYETMƏNİN FRANSA POLİSİ TƏRƏFİNDƏN QƏTLƏ YETİRİLMƏSİ BU ÖLKƏDƏ İRQÇİLİYİN VƏ İSLAMOFOBİYANIN DAHA BİR ƏLAMƏTİDİR"
Prezident İlham Əliyev beynəlxalq tədbirdə Fransada polis tərəfindən öldürülən yeniyetmədən danışıb: "Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir".
Dövlətimizin başçısı qeyd edib: "Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik"
Dövlətimizin başçısı onu da bildirib ki, Fransa özünü Azrbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır: "Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil".
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır.
"İSLAMIN ZORAKILIQ VƏ TERRORLA EYNİLƏŞDİRİLMƏSİ CƏHDLƏRİNDƏN NARAHATIQ"
"Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı deyib.
Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə edən Prezident bildirib: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.
"AZƏRBAYCANIN VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏSİ BEYNƏLXALQ HÜQUQUN VƏ ƏDALƏTİN ZƏFƏRİDİR"
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı söyləyib ki, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində tarixi qələbəmiz oldu: "2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoydu".
İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir".
"AZƏRBAYCAN İNDİ BİR SIRA NƏHƏNG ÇAĞIRIŞLARLA ÜZ-ÜZƏDİR"
"Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bildirib.
Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycanın indi bir sıra nəhəng çağırışlarla üz-üzə olduğunu söyləyən dövlətimizin başçısı vurğulayıb: "Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir".
Azərbaycan Prezidenti Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətdiyini deyib. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdıldığını, qalanlarının isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini xatırladan dövlətimizin başçısı bunu bütün dünya müsəlmanlarına qarşı təhqir adlandırıb.
Prezident, həmçinin deyib ki, Azərbaycanın 60 min hektar meşəlik məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib.
Prezident İlham Əliyev onu da söyləyib ki, Ermənistan Naxçıvanla sərhəddə ekoloji fəlakət törətməkdə davam edir: "İndi Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində xarici şirkətin cəlb olunması ilə transsərhəd ekoloji fəlakət törətməkdə davam edir".
Bununla Ermənistanın 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir".
"AZƏRBAYCAN HAZIRDA DÜNYADA MİNALARLA ƏN ÇOX ÇİRKLƏNDİRİLMİŞ ON ÖLKƏ SIRASINDADIR"
"Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı söyləyib.
"İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır" - deyə dövlətimizin başçısı əlavə edib.
Dövlətimizin başçısı onu da vurğulayıb ki, Azərbaycan minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib: "Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib".
Dövlətimizin başçısı deyib ki, bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürüb.
Azərbaycan Prezidenti, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini dəstəkləyəcəklərinə əminliyini ifadə edib.
"ERMƏNİSTAN REGİONDA SÜLHDƏ MARAQLIDIRSA, ONUN SİLAHLI QÜVVƏLƏRİ QARABAĞDAN TAMAMİLƏ ÇIXMALIDIR"
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı deyib ki, münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib.
"Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.
"ERMƏNİSTAN ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASINA MANE OLUR"
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı söyləyib ki, Ermənistan, həmçinin Zəngəzur dəhlizinin açılmasına mane olur: "Zəngəzur dəhlizi Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktı ilə üzərinə götürdüyü digər öhdəlikdir və buna görə də yerinə yetirilməlidir".
İşğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığını bildirdən dövlətimizin başçısı qeyd edib ki, o, xüsusilə 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edir.
Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.
Nəticədə isə, dövlət başçımızın dediyi kimi: "Bu görüş səmərəli və nəticəyönümlü müzakirələrlə yadda qalacaqdır. Çünki Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub".
Qeyd edək ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü işini müzakirələrlə davam etdirib
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB