Uğurlu dövlət siyasəti: vətəndaşların sosial rifahı TƏHLİL

Uğurlu dövlət siyasəti: vətəndaşların sosial rifahı TƏHLİL

İqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı, aparılan davamlı iqtisadi islahatlar sosial sahədə əhəmiyyətli dərəcədə irəliləyişə səbəb olub. Təbii ki, bu inkişafın təməlində Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması ilə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır. Ölkə rəhbərinin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir". Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır. Bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini əhatə edir. Cari ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı dövlətin yeni sosial paketinin işə başladığını təsdiqləmiş oldu. İmzalanan Sənəd bir daha təsdiq edir ki, ölkədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir.

"SİYASƏTİMİZİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR"

Bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Əlbəttə ki, həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Aparılan islahatlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq gerçəkləşir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Qeyd etdiyimiz Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanması yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncama əsasən, minimum əməkhaqqı 345 manata çatdırıldı və Vahid Tarif Cədvəli üzrə əməkhaqları artırıldı. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırıldı.
Ötən illər aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. İqtisadi siyasətin əsasən, sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması Cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycan öz daxili siyasətində insan amilinə xüsusi diqqət yetirməklə həm iqtisadi, həm sosial, həm də siyasi proseslərdə önəmli mövqe qazanıb. Cənab Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah və firavan yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarda ilk olaraq, məhz insanları düşünür. "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyən Prezident İlham Əliyev əməli fəaliyyətində bunu göstərir. Əlbəttə, Azərbaycan dövləti, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır, onun firavan yaşayışını, təhlükəsiz həyatını təmin etmək gücündədir.

ŞƏHİD AİLƏLƏRİNİN SOSİAL MÜDAFİƏSİ GÜCLƏNDİRİLİR

Qeyd etdiyimiz kimi, son 5 ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. 1 milyon vətəndaşa məşğulluq xidmətləri göstərilib, 400 min nəfər münasib işlə təmin olunub, 62 min nəfər özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Postmüharibə dövründə şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə iştirakçılarından ibarət 18 min şəxsin məşğulluğu təmin edilib.
Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Vurğulamaq yerinə düşər ki, Ulu Öndərin təşəbbüsü ilə "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanun qəbul olunmuşdu və bu qanun, məhz Heydər Əliyevin 1993-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bu gün Ulu Öndərin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən bu günə kimi, görülən işlər bunu sübut edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanı ilə şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi həssas qrupların sosial müdafiəsinin gücləndirilməsində mühüm addımlardan biri idi. 2019-cu il 28 yanvar tarixli Fərman isə, birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrasının nəticəsi olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" 15 aprel 2019-cu il tarixli Fərmanda isə müharibə veteranlarına Prezidentin aylıq 80 manat məbləğində təqaüdü təsis olundu.

ŞƏHİD AİLƏLƏRİ QARŞISINDA MƏNƏVİ BORC

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən mənzillə təminatı işlərinin sürətlənməsinə şərait yaradıb. "Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi" – deyən Cənab Prezident bildirib ki, 2021-ci ildə isə 3 min mənzil verildi: "Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək… Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq". Qeyd edək ki, 2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə 13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.
2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata çatdırılıb. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb. Belə ki, Prezidentin aylıq təqaüdü müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manata çatdırılmaqla bərabər, digər tərəfdən bütün kateqoriyalara aid əlilliyi olan şəxslər üçün müavinət də orqanizmin funksiyalarının 81-100 faiz, 61-80 faiz və 31-60 faiz pozulmasına görə müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. Eləcə də ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdü 300 manata, bu kateqoriyadan olan digər şəxslər üçün isə 200 manata çatdırılıb. Bütün bunlarla yanaşı, İkinci Qarabağ müharibəsində əlil olmuş hərbçilərimiz ən müasir protezlərlə təmin edilib. Bütün bunlar əlbəttə ki, Azərbaycanın sosialyönümlü ölkə olduğunun isbatıdır.Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə