Cənubi Qafqazda mövqe uğrunda ARTAN RƏQABƏT – TƏHLİL

Cənubi Qafqazda mövqe uğrunda ARTAN RƏQABƏT – TƏHLİL

İlk baxışdan görünən odur ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Rusiya, Avropa və Amerika olmaqla eyni vaxtda üç istiqamətdə iş aparılır. Doğrudur, 44 günlük müharibədə üçtərəfli danışıqların təşkilatçısı kimi Rusiya bu məsələlərdə özünü öndə göstərmək istəyir, amma Avropanın da, Amerikanın da səyləri göz önündədir və bunu, yəni səylərini təkzib etmək mümkün deyil. Elə bu fonda da Rusiyanın hər dəfə bir addım irəlidə olmaq cəhdləri onu göstərir ki, vasitəçilər arasında şiddətli rəqabət hələ bundan sonra daha da qızışa bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sonuncu dəfə brifinqdə birmənalı açıqlamaları onu deməyə əsas verir ki, rəqabətin olduğu artıq etiraf da edilir.

Lavrovun açıq şəkildə bəyan etdiyi ifadələrdən aydın olur ki, Ermənistan-Azərbaycan danışıqlarında Rusiya hakim olaraq çıxış edə bilməsə də, ən azı birinci dərəcəli, daha yaxın, eləcə də yeganə sülhməramlı vasitəçi rolunda olduğunu göstərərək, daha qətiyyətli mövqe sərgiləmək niyyətindədir. Danışıqlarda ABŞ və Avropanın daha da yaxından iştirak etmək istəyinin və səylərinin Moskvada qıcıq yaratdığı da Rusiya XİN rəhbərinin fikirlərində aydın şəkildə hiss olunur. Hiss olunur ki, Brüssel və Vaşinqtonun davamlı şəkildə münasibətlərin normallaşdırılması istiqamətində olan səyləri Kreml üçün rəqabət mühiti yaradıb. Təsadüfi deyil ki, Moskva mütəmadi olaraq 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın mövqelərindən çıxış edir və kobud şəkildə desək, bunu hər dəfə öz rəqiblərinin gözünə də soxur.

Sözsüz ki, digər rəqibləri kimi, Rusiyanın da niyyətinin məhz münaqişə tərəflərinə kömək etmək, yaxud da regionda sülhün təmin olunmasına öz töhvəsini vermək olduğunu iddia etmək kimi bir məramımız yoxdur. Təfərrüatlara diqqət edəndə heç belə də görünmür. Görünən odur ki, Cənubi Qafqazda mövqelərin möhkəmləndirilməsi, regiondakı proseslərdə yaxından iştirak etmək uğrunda rəqabət gedir, hətta bu rəqabət artmaqdadır. Əlbəttə ki, Azərbaycan üçün öz milli maraqları, xüsusən də ərazi bütövlüyü çərçivəsində məsələnin həll olunması lazımdır və bununla bağlı nəticələrdə hansı tərəfin rolunun olduğu heç də fərq etmir. Rəsmi Bakı istənilən halda öz məqsədlərinə nail olmaq əzmindədir və sərhədlərinin delimitasiyası, demarkasiyası, eləcə də öz ərazisinin separatılardan təmizlənməsindən tutmuş, regionda təhlükəsizliyin təmin olunmasın qədər bütün məqsədlərinə nail olacaq.

Məsələ burasındadır ki, Moskva elə məhz regionda öz təsir dairəsini kimlərləsə bölüşmək niyyətində olmamasını gizlətmir də. Lavrovun fikirlərində də bu öz əksini tapır. “Biz münasibətlərin normallaşmasının əsasını o zaman qoyduq ki, Rusiya Prezidenti Vladimir Putinin şəxsi müdaxiləsi sayəsində 2020-ci ilin noyabrında yekun nizamlanma prinsiplərinə dair ilk Üçtərəfli Bəyanat imzalandı, daha sonra isə Ermənistanla Azərbaycan arasında və ümumilikdə Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması üçün daha bir neçə üçtərəfli bəyanatlar qəbul edildi”, deyən Rusiya XİN rəhbəri sadaladıqlarını münasibətlərin normallaşdırılması istiqamətində arqument olaraq qeyd edib və ölkəsinin rəqiblərindən öndə olduğunu vurğulamağa çalışıb. Bu artıq onu deməyə əsas verir ki, Cənubi Qafqazda mövqe uğrunda rəqabət aktiv fazaya keçib və artıb.

“ABŞ-ın indi gördüyü işlərdə, eləcə də Avropa İttifaqının gördüyü işlərdə biz artıq razılığa gəlməyə kömək etmək arzusunu yox, regiona nüfuz etmək, Rusiya Federasiyasının qanuni maraqlarını sıxışdırmaq və özünü regionda az qala həlledici rol oynayacaq bir qüvvə kimi təsdiqləmək kimi istəkləri görürük. Bu, eyni prosesi, yəni Qərbin məhz NATO-ya üzv ölkələrə, eləcə də Avropa İttifaqının sərhədlərindən uzaqda yerləşən regionlara öz nüfuzunu genişlənmək istəyini əks etdirir. Bunun isə, vəziyyətin sabitləşməsinə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi yoxdur”, deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu fikirləri onu göstərir ki, rəsmi Moskva Amerikanın da, Avropa İttifaqının da öz nüfuzunu Cənubi Qafqaza doğru genişləndirmək səylərinin fərqində olduğunu bəyan edir və hətta guya Bakı və İrəvana xəbərdarlıq da edir. Rusiya XİN rəhbərinin Qərbin planlarını bu şəkildə açıqlaması sözsüz ki, Cənubi Qafqazda mövqe uğrunda artan rəqabətdən, eləcə də bu rəqabətə görə Kremlin qıcıqlanmasından xəbər verir.

“Ümid edirəm, İrəvandakı və Bakıdakı tərəfdaşlarımız başa düşürlər ki, onlarla açıq şəkildə baş verənləri müzakirə edirik və bir daha vurğulayıram ki, razılaşmaların əldə edilməsi yalnız Rusiya Federasiyası Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış həmin üçtərəfli sazişlərin tam icrası çərçivəsində mümkündür”, deyə Lavrov fikirlərini açıq şəkildə ifadə edir və ölkəsinin mövqeyini bir növ, hətta aqressiv şəkildə bildirməkdən də çəkinmir. Rusiyalı diplomatın az qala ultimatum formasında dedikləri bir daha təsdiq edir ki, rəsmi Moskva rəqiblərinə, yəni ABŞ və Avropa İttifaqına güzəştə getmək, Cənubi Qafqazda öz mövqeyini bölüşmək fikrində deyil. Əlbəttə ki, Fransa kimi bir Avropa dövlətinin belə regiona marağı rusların diqqətindən kənarda qala bilməz və Rusiya XİN rəhbərinin fikirləri təkcə amerikalılar üçün deyil, elə avropalılar üçün də eyni rakursda bir mesaj hesab olunur.

Qeyd etdiyimiz kimi, nə Rusiyanın, nə Amerikanın, nə də Avropa İttifaqının, yaxud hansısa Avropa ölkəsinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kimi bir niyyətindən söhbət getmir. Niyyətin nədən ibarət olduğu artıq göz önündədir və hər birinin niyyətinin regionda öz maraqlarını təmin etmək olduğu gün kimi aydındır. Əks halda, buna nail olmaq imkanlarından çoxdan istifadə edərdilər. Məsələn, əgər Rusiya həqiqətən də bizim regionda sülh istəyirsə, o zaman rəsmi İrəvanı nəhayət sülh müqaviləsi imzalamağa məcbur etmək üçün Moskva daha çox əzmkarlıq nümayiş etdirərdi. Çünki ruslar yaxşı bilirlər ki, yekun razılaşmalara və sülhə gedən yolda hər cür maneələr törədən, prosesi əngəlləyən Azərbaycan deyil, Ermənistandır. Ermənistana istənilən formada, yəni istər siyasi, istərsə də iqtisadi təzyiq rıcaqlarının məhz Moskvanın əlində olduğu hamıya bəllidir və Rusiyanın öz forpostunu idarə etmək imkanları təkzib edilə bilməz. Elə isə sual yaranır ki, bəs nəyə görə bu rıcaqlardan istifadə olunmur? Sözsüz ki, cavab da bəllidir və bu məsələdə məqsəd münasibətləri normallaşdırmaq yox, regionda mövqeləri əldən verməməkdir və canfəşanlıq da buna görədir.

Bəli, erməni silahlı qruplaşmalarının, separatılarının Qarabağdan çıxarılmasının zəruriliyi ilə bağlı Bakının mövqeyini Moskva sözdə dəstəkləyir. Bu, müharibənin dayandırılması şərtləri ilə əsas sənəddə, yəni 2020-ci ilin noyabrında qəbul edilən Üçtərəfli Bəyanatda da öz əksini tapır. Lakin Ermənistan tərəfinin bu məsələyə, ortada olan tələbə məhəl qoymamasını rusların sadəcə kənarda seyr etməsi, yəni müşahidəçi mövqedə olması onu deməyə əsas verir ki, tərəflər arasında münasibətlərin normallaşdırılması, eləcə də sülh sazişi heç də Kreml üçün önəmli deyil. Hətta keçmişdə qalan münaqişə dövründə belə Rusiya elə həmin o ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini İrəvanın yerinə yetirməməsinə göz yumduğu da deyilənləri təsdiqləyir. Yeri gəlmişkən, təkcə Rusiya deyil, elə həmin o uğursuz, mənasız qrupun digər iki həmsədr ölkəsi olan Amerika və Fransa da məsələnin həlli üçün heç nə etmədi, hansı ki, hər birinin özünə məxsus şəkildə təsir imkanları o zaman da olub. Bütün bunlar əsl reallığı, həqiqəti ortaya qoyur və həmin reallıq da ondan ibarətdir ki, məqsəd yalnız Cənubi Qafqazda mövqelərə sahib olmaq olub, hansıki, indi də bunun üçün canfəşanlıq edilir. Bəli, Cənubi Qafqazdakı proseslərə tam nəzarət etmək arzusu “rəqiblər” arasında rəqabəti daha da artırıb.

Qeyd etdiyimiz kimi, Azərbaycan üçün, prinsipcə, kimin vasitəçi olacağı zərrə qədər fərq etmir. İstər Rusiya, istər ABŞ, istərsə də Avropa İttifaqının vasitəçiliyi bizim üçün maraqlı deyil. Ölkəmiz üçün maraqlı olan regionda sülh və sabitliyin olmasıdır. Azərbaycan üçün ən vacib, ən önəmli olan regionda, Cənubi Qafqazda sabitliyə, inkişafa nail olmaqdır və bir daha xatırladaq ki, bunun üçün ölkəmizin real imkanları, potensialı var və istənilən halda rəsmi Bakı öz resursları hesabına ölkəmizin milli maraqları çərivəsində istədiyinə nail olmaqdadır. Qaldı ki, Rusiya tərəfinin Üçtərəfli Bəyanatın həyata keçirilməsi ilə bağlı yorulmadan xatırlatdığı məsələlərlə bağlı mümkün olan hər şeyi rəsmi Bakı edir. Münasibətlərin tənzimlənməsi uğrunda guya canfəşanlıq edən vasitəçilər arasında isə ancaq rəqabət artır və məqsəd də Cənubi Qafqazda mövqe uğrunda mübarizədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə