Ermənistanın hələ də sülh danışıqlarından yayınmaq və müxtəlif çirkin niyyətlərə, təxribatlara əl atmaq cəhdləri Cənubi Qafqazda sabitliyə təhlükə olaraq qiymətləndirilir. İşğalçı ölkənin hələ də pozuluculuğa meyilli olması diplomatik müstəvidə səylərindən də aydın şəkildə görünür. Məsələn, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransa Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornunun dəvəti ilə nümayəndə heyətinin müşayiəti altında Fransaya getməsi bu rakursda diqqəti cəlb edir. Hazırkı Ermənistan-Fransa gündəmində işğalçı ölkəyə silah-sursat tədarükü və bununla birbaşa bağlı olaraq Fransanın İrəvandakı səfirliyinə yeni hərbi attaşe təyinatı müvafiq qənaətə gəlmək üçün əsaslı və məntiqi zəmin yaradır və sabitliyə mane olmaq niyyətini ortaya qoyur.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna hələ aprel ayında İrəvana səfəri zamanı Fransanın Ermənistandakı diplomatik missiyası yanında yeni hərbi attaşenin təyin olunacağını demişdi. Təsadüfi deyil ki, İrəvana Fransanın 50 zirehli transportyorunun mümkün tədarükü ilə bağlı ötən həftə Ermənistan mətbuatında xəbərlər də yer almışdı. Belə xəbərlər təkcə ötən həftə deyil, bir qədər əvvəldən də yayılmışdı, belə ki, zirehli texnikanın tədarükü ilə bağlı məlumatlar hələ mayın ortalarında da bir çox mənbələrdə yer alırdı. Hətta bunu Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun direktoru Emmanuel Dyupyui də öz müsahibələrinin birində təsdiqləmişdi. O, Fransanın Ermənistana 50 ədəd zirehli transportyoru tədarük edəcəyini qeyd edərək, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınlarının da Ermənistan tərəfindən alınması imkanlarının müzakirə olunduğunu bildirmişdi. Yəni, bütün bunlar Ermənistanın sülh danışıqlarına, sülh prosesinə deyil, məhz silahlanmaya, məntiqi olaraq isə təxribatlara meyilli olduğunu söyləmək üçün kifayət edəcək arqumentlərdir. Amma heç də faktların və arqumentlərin bununla bitməməsi işğalçı ölkənin silahlanma niyyəti ilə bağlı həmin fikirdə israrlı olmaq üçün kifayət edir və məqsədin yenə də sabitliyə mane olmaq olduğu ortaya çıxır.
Xüsusilə diqqətə çatdıraq ki, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlığın intensivləşməsi müdafiə naziri Papikyanın ötən ilin sentyabrında Parisə səfərindən və fransalı həmkarı Sebastyan Lekornu ilə yaxından söhbətindən sonra müşahidə edilməyə başladı. Həmin ilin oktyabrında isə Fransa Silahlı Qüvvələri Nazirliyinin nümayəndə heyətinin Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan ilə və eləcə də həmin ölkənin yüksək texnologiyalar sənayesi naziri ilə görüşlərdən sonra İrəvana gəlməsi də, İrəvanda Fransanın müdafiə məsələləri üzrə daimi attaşesinin təyin olunmasına “xeyir-dua verilməsi” də təsadüfi sayıla bilməz. Görünən odur ki, regionda sabitlik kimlərəsə sərf etmir və buna mane olmaq cəhdlərini heç gizlətmirlər də.
Ən çox diqqət çəkən məqam, Fransadan Ermənistana gözlənilən hərbi tədarüklər haqqında bu ilin mart-aprel aylarında yayılan məlumatlardır, hansıki müxtəlif beynəlxalq nəşrlərdə də bu barədə informasiyalar öz əksini tapıb. Məsələn, beynəlxalq təhlükəsizlik üzrə Amerikanın “Global Security Review” analitik resursu Fransanın “Mistral” zenit-raket komplekslərinin Ermənistana çatdırılma ehtimalı barədə məlumat yayıb. Parisin Ermənistana silah ixracına hazırlaşmağa başladığı barədə məlumatların artıq müxtəlif mənbələrdə yayılması təsadüfi sayıla bilməz. Fransanın Cənubi Qafqazdakı fəaliyyətinin bir sıra aparıcı dünya mediası tərəfindən qeyd edilməsi də, hətta İran mətbuatının da bu barədə informasiyalar yayması da məsələnin ciddiliyindən xəbər verir, çünki rəsmi Tehranın özünün də İrəvana bu kimi yardımlarda maraqlı olduğunu bilirik. Hətta Ermənistana silah göndərilməsi ilə bağlı Parisin verdiyi hərbi-siyasi qərara əsas dəstəyin şəxsən prezident Emmanuel Makron tərəfindən göstərilməsi barədə İranın “Yazeco” xəbər agentliyinin yaydığı məlumat daha çox diqqəti cəlb edir. Ona görə ki, hər zaman Ermənistanın silahlanmasına cəhd edən bir ölkə kimi İranın bu məlumatı açıq-aşkar yayması bir çox məqamlara aydınlıq gətirmək üçün kifayət edir. “Biz Ermənistana imkan yaratmalıyıq ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni silahlanmasına kömək etməliyik”, deyən Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Devinaz işğalçı ölkənin silahlandırılması barədə fransız bacılarının niyyətini aydın şəkildə bildirirsə, deməli, rəsmi Parisin yenidən Cənubi Qafqazda gərginlik yaratmaq arzusu bəlli olur. Bəlli olur ki, Ermənistana silah tədarükü məsələsində Parisin inadkarcasına canfəşanlıq etməsində məqsəd yenə də regionda sülhə, təhlükəsizliyə, sabitliyə mane olmaqdan ibarətdir və bu, elə onların erməni bacılarının niyyəti ilə üst-üstə düşür.
Artıq keçmişdə qalan Qarabaq məsələsi ilə bağlı düz otuz il ərzində heç bir nəticə hasil edə bilməyən, heç bir uğura imza atmayan, elə buna görə də yararsız sayılan ATƏT-in Minsk Qrupunun dağılmasından sonra bu mənasız qurumun həmsədri olan Fransa bölgədə, regionda iştirakını da sual altında gördüyü üçün artıq əldən-ayaqdan gedir. Rəsmi Paris bilir ki, Ermənistan-Azərbaycan danışıqlarında Fransa öz iştirakını tamamilə itirib. Bu isə o deməkdir ki, Fransa vasitəçi ola bilmir və ilk növbədə, Cənubi Qafqazda maraqlarının təbliği məsələsi də sual altında qalır. Deməli, Fransa Ermənistanla Azərbaycan arasında qarşıdurmada həmişə olduğu kimi, yenə də maraqlıdır və regionda gərginlik ocağının qorunub saxlanması Parisin həmin ərazilərdə mövcudluğunu qoruması üçün lazımdır. Elə bu məqsədlə də Fransa onillər boyu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi üçün bacardığını etdi, əlindən gələni də əsirgəmədi. Elə indi də gərginlik yaratmaq üçün əlindən gələni əsirgəmir desək, haqlıyıq. İşğalçı bir ölkəni silahlandırmağa, qarşıdurmalara, təxribatlara təhrik etməyə nə ad vermək olar? Ən yaxşı yalda və ən qısa şəkildə buna, öz maraqları namirə sabitliyə mane olmaq demək mümkündür.
Azərbaycan öz hüquqlarını, haqlarını müdafiə etmək əzmində olduğunu təkcə sözdə deyil, artıq əməldə də təsdiq edib. Ölkəmiz suveren hüquqlarından istifadə edərək müstəqil siyasət yürüdür və bu zaman xarici qüvvələrin mövqeyini nəzərə almaq kimi bir niyyətinin olmadığını ortaya qoyur. İstənilən diplomatik görüşdə, istənilən beynəlxalq platformada ölkəmiz öz milli maraqları fonunda çıxış edir və haqlı mövqeyimizin layiqincə qorunması əzmində olduğumuz göz önündədir. Bu isə görünür heç də hamını qane etmir. Görünür, İrəvanla hərbi əməkdaşlıq yolu ilə Paris Bakıya təzyiq göstərmək üçün səylərini əsirgəmir və bunun üçün də bütün regionun təhlükəsizliyinə təhdid yaratmağa, sabitliyə mane olmağa çalışır və oynadığı oyunlar da buna görədir. Sözsüz ki, İrəvan və Parisin təhlükəli hərbi-siyasi oyunları səbəbindən bütün regionun sabitliyi bununla da təhlükə altında ola bilər və bunu özləri hamıdan yaxşı bilirlər.
Hələ də haylar oyun oynamağa çalışırlar, sülhə nail olmağa yox. Sözsüz ki, oyunları planlaşdıranda da havadar hesab etdikləri, əslində isə, regionda sabitliyi pozmaq niyyətində olanların dəstəyinə arxalanmaq arzusundadırlar. Məsələn, indi də Laçın postunun bağlanmasından sonra guya “fəlakət” yarandığı görüntüsünü yaratmaq istəyən separatçı qüvvələr daha bir oyuna əl atıblar. Belə ki, separatçıların qondarma və dırnhaaqarası “dövlət naziri” Qurgen Nersisyan mağazalarda yeni rejimin tətbiq edildiyini, bir alıcının bir maldan çox sayda ala bilməyəcəyini bildirməklə, hiyləgərcəsinə diqqəti cəlb etməyə çalışıb. “Bunu təşvişə səbəb olmaq üçün demirəm. Lakin balanslı yanaşmalı, istehlakda ehtiyatlı davranmalıyıq. Bundan sonra fərdi avtomobillərin yanacaqla təmin edilməsi prosesi dayandırılır, xidməti avtomobillərin yanacaqdan istifadəsi də ya dayandırılacaq, ya da minimuma endiriləcək”, deyən Nersisyan qara-qışqırıq salıb bununla elə Fransanın timsalında regiona müdaxilə etmək istəyənlərin əlinə bir bəhanə vermək niyyəti güdür. Yenə də yalandan “humanitar böhran” deyib çığır-bağır salmaq istəyən separatçılar Bakıya təzyiq edilməsi, özləri də silah-sursat ələ keçirilmələri üçün hər dona girir, hər sifətə düşürlər. Məsələ burasındadır ki, bu hiyləgər addımları ilə regionda sabitliyə, təhlükəsizliyə zərbə vurmuş olurlar, amma bunun fərqində olsalar belə veclərinə deyil.
Şüşa-Xankəndi yolunda aksiya başlayan zamanda belə eyni ssenaridən istifadə edərək, gah yalandan “blokada”, gah da qondarma “böhran” deyə süparatçı hayların hay-küy salması da həm silah əldə etmək, həm də sabitliyə mane olacaq qüvvələri regiona yeritmək, ən azından dəvət etmək məqsədi daşıyıb. Elə indi də belə bir niyyət tam çılpaqlığı ilə ortadadır və Fransa kimi bir Avropa ölkəsinin işğalçı ölkəyə silah-sursat təminatı da bundan qaynaqlanır. Elə həmin aksiya zamanı da separatçı haylar ərzağı gizlədərək, ərazilərimizdəki erməni əsilli insanlara talon tətbiq edərək bu gün yaratmaq istədikləri səhnəciyi məharətlə düzəltmişdilər. O zaman da Fransa atılıb ortaya düşmüşdü və fransız bacıları guya hayların halına yanan çıxmışdılar. Dünyaya da səs salıb həmfikir axtarırdılar, amma alınmadı, çünki beynəlxalq ictimaiyyət tərəfindən artıq “erməni yalanı” qəbul edilmir və bundan sonra da qəbul edilən deyil. Amma niyyət, məhz sabitliyə mane olmaq niyyəti ortadadır. Bu niyyət haylar kimi, onlara silah daşıyan və bundan sonra da daşımaq istəyində olan fransız bacılarının da, iranlı qardaşlarının da niyyətidir. Məsələ burasındadır ki, bu çirkin niyyət heç birinə fayda verəsi deyil və elə həmin niyyətləri ürəklərində də qalacaq. Çünki Azərbaycan istənilən anda istənilən təxribat xarakterli ssenarinin qarşısını almaq əzmindədir və Cənubi Qafqazda sabitliyə mane olmaq niyyətləri özlərinə baha başa gələ bilər. Ona görə ki, Azərbaycanın öz ərazilərində hərbi əməliyyatlar keçirməsi, separatizmi ləğv etməsi üçün isə heç bir maneə yoxdur...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB