"Ruh yüksəkliyi bizim qələbəmizin əsas göstəricisi idi” - DEPUTAT ŞƏRH ETDİ

"Ruh yüksəkliyi bizim qələbəmizin əsas göstəricisi idi” - DEPUTAT ŞƏRH ETDİ

“26 İyun Silahlı Qüvvələr Günü Azərbaycanın əhəmiyyətli tarixlərindən biridir. Tale elə gətirdi ki, uzunmüddətli hazırlıqdan, çox ciddi münaqişələrdən sonra dövlət başçımızın rəhbərliyi ilə xalqımız öz ərazi bütövlüyünü bərpa etdi. Bu, silahlı qüvvələrin gücü hesabına baş tutdu. Təbii ki, o gücün arxasında isə Azərbaycan Prezidentinin iradəsi, xalqın dövlət maraqları, əsrlərlə inkişaf edən milli vətənpərvərlik hisləri dayanırdı. Sovetlər Birliyi dağıldıqdan sonra bizə miras qalan bir ordu yox idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, Sovet ordusunun tərkibində müəyyən qüvvələr var idi: “Onun zabit heyəti yaxşı ki, ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin siyasəti və uzaqgörənliyi ilə hazırlanmışdır. Elə həmin zabit heyəti bizim milli ordumuzun qurulmasında mühüm rol oynadı.

Azərbaycan Prezidenti dəfələrlə belə bir həqiqət söyləyib ki, ərazimizi işğaldan azad edən ordumuzda xidmət göstərən gənclərin hər biri onun ölkəmizə rəhbərlik etdiyi dönəmdə yetişib. Bunun əsas mənası ondan ibarətdir ki, 2000-ci illərdən bəri yüksək vətənpərvərlik duyğuları ilə böyüyüb. Ölkənin siyasəti, iqtisadiyyatı, mədəniyyəti və mənəviyyatında elə proseslər gedir ki, bu cür vətənpərvər gənclərimiz yetişib. Bu ruh yüksəkliyi bizim qələbəmizin əsas göstəricisi idi”.

Deputat sözlərinə davam edərək bildirib ki, ordumuzun inkişafında başqa bir cəhət isə türk dünyası ilə əlaqələrin möhkəmlənməsi idi: “Əlbəttə ki, onların içində Türkiyə ilə strateji əməkdaşlığımız bizim ordumuzun güclənməsinə əhəmiyyətli təsir göstərdi. Bunun son nəticəsi olaraq Şuşa Bəyannaməsi hazırlandı. Ordularımız da xalqlarımız kimi qardaşlığını ifadə etdi. Bu da ordumuz üçün böyük göstəricidir. Bugünkü gündə Azərbaycan Ordusunun həm mənəvi, həm texniki, həm hərbi hazırlığı, həm də intellekti var. Azərbaycan Prezidenti, dövlətimiz və xalqımız bundan sonra da çalışacaq ki, ordumuz öz qüdrətini nümayiş etdirməyə həmişə hazır olsun. Ona görə ki hələ də bizim torpaqlarımıza göz dikən qonşularımız var və istənilən vaxt onlarla hesablaşmaq lazım gələcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə