"Təəssüf ki, İran bunu qiymətləndirə bilmədi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Təəssüf ki, İran bunu qiymətləndirə bilmədi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İranın bu gün beynəlxalq birlikdəki vəziyyəti apardığı xarici siyasətin nəticəsidir. Azərbaycan heç vaxt İranın daxili və xarici işlərinə qarışmayıb. Bundan sonra da qarışmaq fikrində deyil. Azərbaycan həmişə İranla normal, hətta mehriban qonşuluq münasibəti saxlamağa çalışıb. Amma təəssüf ki, İran bunu qiymətləndirə bilmədi". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, İranın işğalçı Ermənistanla 30 il yaxşı münasibətlər saxlaması, hətta ona dəstək verməsi işğal tarixini uzatdı: "İran indi də Ermənistana bəzən Azərbaycanın milli maraqlarına və beynəlxalq hüquqa zidd olan formada kömək etməyə çalışır. Bu ilin fevral ayında isə İranın mərkəzində Azərbaycan səfirliyinə qarşı terror hadisəsinin törədilməsi İranın Azərbaycana qarşı ikili münasibətinin göstəricisi oldu. İran həmin terrorçunu az qala milli qəhrəmana çevirdi və onun bu hərəkəti ilə bağlı ciddi bir araşdırılma aparılmır. Videodan da göründüyü kimi terrorçunun qarşısını almaq üçün İran heç bir addım atmır.

Digər dövlətlərin də müxtəlif səbəblərdən İrana qarşı münasibətləri soyuqdur, yaxud ona qarşı sanksiyalar tətbiq edirlər. Bu İranın dünya və digər dövlətlərlə qurduğu münasibətlərindən asılıdır. Belə bir vəziyyətin İran üçün hansı nəticələrə səbəb olacağını gələcək göstərk. Azərbaycan qonşu dövlətlərlə, hətta Ermənistanla belə yaxşı münasibət saxlamağa çalışır. Eyni münasibəti biz onlardan da gözləyirik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə