"Tatarıstan hər zaman Azərbaycana mümkün dəstək nümayiş etdirib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Tatarıstan hər zaman Azərbaycana mümkün dəstək nümayiş etdirib" - POLİTOLOQ ŞƏRH ETDİ

“Ötən həftə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanovun Azərbaycana səfəri baş tutdu. Bu səfər çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə baş çəkildi. Orada həm Vətən müharibəsindən sonra yenidən qurulan yaşayış məskənlərinə baş çəkildə və sakinlərlə görüşüldü. Eyni zamanda, bir sıra infrastruktur layihələrin yenidən qurulması, tikintisi, həyata keçirilən işlər, vətəndaşlarımızın geri qayıdışını təmin edəcək proseslərlə bağlı Tatarıstan Respublikasının rəhbərinə geniş məlumatlar verildi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, Tatarıstan Respublikası hər zaman Azərbaycana mümkün dəstəyini nümayiş etdirib: “Hesab edirəm ki, həm bu səfər çərçivəsində müzakirə edilən məsələlər, həm də bu iki dövlət arasında geniş və tarixi köklərə əsaslanan münasibətlərin bundan sonra daha da sürətlənəcəyini demək mümkündür. Azərbaycan və Tatarıstan arasında siyasi, mədəni, diplomatik əlaqələri müstəqilliyin ilk illərinə təsadüf edir. Azərbaycan Ermənistan tərəfindən ərazi iddiaları ilə üzləşdiyi və torpaqlarımızın işğal olunduğu ilk dövrlərdən Tatarıstan hər zaman Azərbaycana mümkün dəstək nümayiş etdirib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpasında bir sıra zəruri addımlar atıb”.

Politoloq sözlərinə davam edərək bildirib ki, Tatarıstan və Azərbaycan arasında uzun tarixə söykənən mədəni, iqtisadi, ticarət əlaqələr mövcuddur: “Düşünürəm ki, bu əlaqələr bundan sonra da inkişaf edəcəkdir. Ötən ilin noyabr ayında Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Azərbaycana səfəri zamanı ticarət və iqtisadi əlaqələrin daha da genişlındirilməsini özündə əks etdirən, eyni zamanda kiçik və orta sahibkarlıq subyektləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutan razılaşmalar əldə olunmuşdu. 2022-ci ilin statistik məlumatlarına əsasən, Tatarıstan Azərbaycanın 10 ən böyük xarici ticarət partnyorlarından biridir. Bu da onu göstərir ki, Azərbaycanla Rusiya arasında strateji müttəfiqlik münasibətləri ruhuna uyğun olaraq Tatarıstanla çox geniş münasibətlərimiz var. Bu əlaqələrin formalaşmasında Ulu Öndər Heydər Əliyev və Tatarıstanın birinci prezidenti Mintimer Şaymiyev arasında dostluq münasibətləri mühüm rola malik olub”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə