Ermənistana baha başa gələcək TƏHLÜKƏLİ MANİPULYASİYALAR – TƏHLİL
Çarəsiz siyasi avantüristlərin sözlərinə inanmaq istəyi erməni xalqına çox baha başa gələ bilər. Əslində, həmin avantürislərin bu vaxta qədərki oyunlarının qurbanına çoxdan çevrilən haylar yetərincə dərs almalı idilər və görməli idilər ki, kimlərinsə manipulyasiyaları onlar üçün ağır nəticələrdən başqa heç nə vəd etmir. “Böyük Ermənistan” kimi qondarma, uydurma ideyaları ortaya atan avantüristlər erməni xalqına məşəqqətdən, əzabdan, insan tələfatından, rəzalətdən, səfalətdən başqa heç nə gətirmədilər və bu reallığı haylar nə qədər tez anlasalar, qəbul etsələr təhlükəli manipulyasiyaların fəlakətindən bir o qədər də tez yaxa qurtara bilərlər.
Qeyri-sabit bir ölkədə, qeyri-stabil bir vəziyyətdə olan ermənilərə heç kim, xüsusən də, avantüristlər gələcəkləri barədə zəmanət verə bilməzlər. Onların nəinki belə bir imkanları, heç belə bir niyyətləri də yoxdur. Xüsusən də, qlobal dünyanın özündə belə qeyri-sabitliyin mövcud olduğu şəraitdə avantürstlərin oynadıqları oyunlar nəinki ermənilər üçün təhlükəlidir, eyni zamanda cinayətdir. Bu cinayətlərin isə bütövlükdə erməni xalqına, erməni cəmiyyətinə çox ağır və baha başa gələcəyi indidən bəllidir. Artıq haylar görməlidirlər ki, bütün dünyaya səpələnən soydaşları, diasporları, erməni lobbisi belə çarəsiz durumdadır və belə bir vəziyyətdə hansısa avantüristin ağlına gələni etməsi, öz mənafeyi naminə təhlükəli manipulyasiyalara əl atması onlar üçün dəhşətli fəlakətlər, acınacaqlı sonluq vəd edir.
Hərdən erməni cəmiyyətində Rusiya bazasının ölkədən çıxarılması, ruslara qarşı kəskin mövqe nümayiş etdirmək tələbi ilə çıxış edənlər ortaya atılıb suyu bulandırmaq istəyirlər. Mütəmadi şəkildə Azərbaycanla sərhəddə vəziyyəti çətinləşdirən təxribat xarakterli, hətta cinayət xarakterli əməllərə rəvac verənlər öz xalqı üçün heç nə əldə etmək niyyətində görünmürlər, onların işi elə su bulandırmaqdır ki, nəticəsi yenə də haylar üçün ağır olur. Çünki belə bulanıq suda istədiyi kimi hərəkət edəcəyini planlaşdıranları qətiyyən erməni cəmiyyətinin, hayların taleyi maraqlandırmır. Əks halda, axmaq fikir və ideyaları dövriyyəyə buraxanda, yaxud təhlükəli addımlar atanda öz xalqını düşünərdilər. Məsələn, qondarma Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan bəyan edəndə ki, Ermənistan Rusiya bazasının və Rusiya sərhədçilərinin öz ərazisini tərk etməsini istəyir, bilməli və nəzərə almalı idi ki, bu çox təhlükəli bəyanatdır. Amma görünən odur ki, o heç kimi nəzərə almadan primitiv manipulyasiya etməyi daha üstün hesab edir və həmvətənlərinin, ölkəsinin fəlakətə düçar olub-olmayacağı heç vecinə də deyil. Sözsüz ki, vəziyyətin anormal olması kimsədə şübhə doğurmur və əslində, əgər söhbət Rusiyanın total və biabırçı asılılığından çıxmaq məsələlərindən gedirsə, bu, başqa məsələ, amma belə anormal vəziyyətdə Ermənistan üçün bu, çox təhlükəli sonluq deməkdir. Babayanın təbii ki, tamam başqa məqsədləri və planları var. O, qondarma rejimdə hakimiyyətə can atır və bunun üçün hər cür təxribata da hazırdır və vecinə də deyil ki, haylar üçün, bütövlükdə Ermənistan üçün bunun nə kimi acı nəticələri ola bilər. Eləcə də Azərbaycanla sərhəddə son təxribatı törədən avantüristlər nəticə etibarı ilə öz xalqı üçün vəziyyəti bir qədər də mürəkkəbləşdirmiş oldular. Təxribatlarının nə ilə nəticələnəcəyini onlar əvvəldən də yaxşı bilirdilər, amma öz istədiklərini etdilər və nəticəyə məhəl də qoymadılar.
Erməni avantüristlər ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi ayırmasını, Ukraynaya 325 milyon dollar dəyərində silah və texnika nəzərdə tutmasını, köbud desək, hayların gözünə soxa bilərlər. Beləliklə də, həmin avantüristlər ruslara qarşı çıxmaqla, onların əleyhində olmaqla, Qərbin dəstəyini də vəd edə bilərlər, amma Ermənistana hansısa dəstək növbəti nağıldır və elə ən böyük manipulyasiyadır, hansı ki, buna istinad edib Azırbaycana qarşı da təxribatlara rəvac vermək hayları bir oyundan başqasına sürükləmək deməkdir. Ukraynaya əlavə hərbi yardım barədə iyunun 13-də Pentaqonun saytında dərc olunan bəyanatda bildirilməsinin ermənilərə, Ermənistana heç bir aidiyyatı yoxdur. Ukraynaya göndərilməsi nəzərdə tutulandan haylar qətiyyən özləri üçün presedent kimi istifadə edə bilməzlər. Qərb və Rusiya arasında olan dartışma, mövqe uğrunda gedən mübarizənin fonunda Ukraynaya ayrılanlardan, 2021-ci ilin avqustundan bəri Ukraynaya ayrılan 40-cı hərbi yardım paketindən Ermənistana bir “işıq” düşdümü? Düşmədi, deməli, bundan sonra da düşə bilməz və bunu avantüristlər hamıdan yaxşı dərk edə-edə oyunlarını, manipulyasiyalarını davam etdirirlərsə, bu manipulyasiyalarına, oyunlarına da kütlə alət olursa, haylar daha dəhşətli fəlakərlərə hazır olmalıdırlar. Çünki çarəsiz siyasi avantüristlərin sözlərinə inanmaq istəyi bütövlükdə erməni səmiyyəti üçün çox ağır sonluq vəd edir.
Son günlər sərhədyanı bölgədə erməni avantüristlərin təxribat və təhrikedici fəaliyyəti yenə də Ermənistan üçün arzuolunmaz nəticələr deməkdir. Təkcə bu son təxribatlara görə Azərbaycan daha ciddi addımlar ata bilər və bu addımların ermənilər üçün nə demək olduğunu özləri hamıdan yaxşı bilirlər, çünki dəmir yumruğun “dadı” yaddaşlarına həkk olunub. Məsələ burasındadır ki, səbr nümayiş etdirən Azərbaycan Ermənistan tərəfindən törətdiyi təxribatlara görə müvafiq cavablar gözləyir və hətta tələb edir. İstər Zəngilanda sərhədyanı bölgəyə ermənilərin artilleriya və PUA-larla hücumu, istərsə də Laçın buraxılış-nəzarət məntəqəsinə qarşı atılan atəşlər üçün Ermənistanın siyasi hakimiyyəti müvafiq cavab, izahat verməlidir. Çünki hər iki addım Ermənistan tərəfinin atdığı pozuculuq siyasəti sayılır, bunu avantüristlər, manipulyatorpar düşünüb planlaşdırsalar belə. Təbii ki, buna cavab olaraq Azərbaycanın Laçın yolunu bağlaması ən diplomatik adekvat addım sayılır. Məntəqəyə edilən hücumla bağlı məsuliyyəti Ermənistan öz üzərinə götürsə də, səbəbkarların, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasına qədər bu postun bağlı qalacağı göz önünə alınmalıdır. Real vəziyyət onu göstərir ki, hansısa avantüristlər öz mənafeləri, öz istəkləri naminə əl atdıqları manipulyasiyalar nəticədə Ermənistana baha başa gəlir.
Avropa İttifaqının mülki müşahidə missiyasını ərazisində yerləşdirəndən sonra Ermənistan tərəfindən daha çox təxribat və təhrikedici addımlar atıldığının şahidi oluruq. Belə görünür ki, həmin missiyadan da avantüristlər öz məqsədləri üçün istifadə edirlər. Halbuki bu missiyanın tamam başqa niyyətlə yerləşdirildiyi deyilirdi. Sözsüz ki, istənilən halda baş verənlər Azərbaycana öz ərazi bütövlüyü, eləcə də sərhədləri daxilində suveren hüquqlarını qorumaq üçün adekvat addımlar atmaq hüququ verir. Azərbaycan indi cərəyan edən hadisələr fonunda həm anti-terror əməliyyatı həyata keçirə, həm qanunsuz silahlı birləşmələrə qarşı fəaliyyət göstərə, həm də qanunsuz silahlı dəstələrin yaradılmasına qarşı əməliyyat apara bilər. Bu, erməni avantüristlərin etdikləri qarşılığında ölkəmiz üçün adekvat addımlar atmaq imkanı deməkdir, hansıki nəticə ermənilər, ümumilikdə Ermənistan üçün arzuolunmaz sonluq deməkdir. Onu da diqqətə çatdıraq və xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgələrdə, ermənilər qanunsuz hərbi birləşmələr yaradırlar və elə bu fakt özü ölkəmizin sözügedən bölgəlrədə, Laçın yolunda, Zəngilan istiqamətində, ümumiyyətlə, Ermənistanla sərhədyanı bölgələrdə istənilən istiqamətdə hərbi əməliyyatlar keçirməyə qanuni, həm də hüquqi əsaslar yaradır. Nəzərə alsaq ki, 44 günlük müharibənin nəticələri erməni cəmiyyəti üçün nə demək olduğunu Ermənistan tərəfi anlayır, deməli, bu əməliyyatların da hansı nəticələrə səbəb olacağını haylar əvvəcədən dərk etməlidirlər.
Azərbaycanın dəfələrlə sülh prosesi istiqamətində atdığı addımlara, rəsmi Bakının təkliflərinə baxmayaraq, buna Ermənistan tərəfinin məhəl qoymaması vəziyyəti daha da gərginləşdirir. Sərhədlərin delimitasiyası, demarkasiyası məqsədi ilə ölkəmizin təklifləri, səyləri rəsmi İrəvan tərəfindən cavabsız qoyulursa, bu, artıq müvafiq addımların atılması üçün əsas yaradır. İrəvanın pozuculuq fəaliyyəti ilə bağlı hər dəfə ismarışlar verilsə də, buna məhəl qoyulmursa, vasitəçilər belə təsir edə bilmirlərsə, deməli, rəsmi Bakını ərazi bütövlüyünü qorumaq üçün və ölkə daxilində təhlükəsizliyin gücləndirilməsi, eləcə də təmin edilməsi üçün anti-terror hərbi əməliyyatlarınn keçirməsi zərurəti yaranır. Bunun isə Ermənistan üçün nə demək olduğunu haylar özləri daha yaxşı bilirlər və ən azından 44 günlük müharibədə gördükləri reallıqları dərk etmələri üçün kifayət edir. O baxımdan da haylar yaxşı bilməli və nəticə çıxarmalıdırlar ki, avantüristlərin təhlükəli manipulyasiyaları ümumilikdə Ermənistana baha başa gələ bilər və onların özləri üçün ağır nəticələr verər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB