PREZİDENTİ İLHAM ƏLİYEV: "Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur"
TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: "Səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə bir mesajdır"
Müqəddəs deyim var: “Haqlısansa qorxma, haqq səni qoruyacaq!”. Bəli, bu gün Türk xalqı öz müdrik qərarını verərək Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçməklə güclü və qüdrətli Türkiyənin tərəfində olduğunu bəyan etdi. Bu, təkcə türk xalqının deyil, həm də bütün azərbaycanlıların seçimi idi. Bu "2023-cü il Heydər Əliyev İli"ndə ən mühüm yarışması olan seçkilərdə sadəcə Ədalət və İnkişaf Partiyasının - Türkiyənin qələbəsi deyildi, bütövlükdə Qarabağ Zəfəri yenidən taclandı, şəhidlərimizin ruhu şad oldu, o torpaqlara sanki yeni nəfəs verildi və Zəngəzur dəhlizinin reallaşmasına əngəl olan qüvvələrin arzuları gözlərində qaldı və Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçildi. Bu qələbə Türk qardaşlarımız qədər bizi də sevindirdi. Bu başqa cür də ola bilməz. Çünki bu qələbə qədim tarixlərin sınağından çıxmış Azərbaycan-Türkiyə – "bir millət, iki dövlət" həmrəyliyinin nəticəsi idi. Bu birliyin nəticəsini biz 2020- ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfrinə kimi Türkiyə daim bizimlə bir olub. Sevincimizə, kədəritmizə şərik olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası 2020-ci 10 dekabr tarixində Zəfər parada qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu.
Qeyd edək ki, qardaş ölkənin Prezidenti işğaldan azad edilən ərazilərimizə səfər edən ilk xarici ölkə başçısının olması iki qardaş ölkənin münasibətlərinin möhkəm təmələ malik olduğunun, Türkiyə-Azərbaycan dostluq və qardaşlığının dünyaya bir nümunə, örnək olduğunun göstəricisidir. Əsrlərə bağlı olan bu birlik, dostluq və qardaşlıq münasibətlər günümüzdə hər iki ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində daha da inkişaf edir, möhkəmlənir və irəli gedir. Və bu gün bu qələbənin sevincini birlikdə yaşamaq üçün iyunun 12-də Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca Azərbaycana gerçəkləşdirmə təqvimi, ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin ən yükəsk səviyyədə olmasının, bir millətin iki dövlətin - Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin dünyaya bir mesajıdır. Səfər çərçivəsində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində, həmçinin hər iki ölkə liderlərinin mətbuata bəyanatlarında dostluq və qardaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub.
Həmçinin, səfər çərçivəsində Azərbaycan və Türkiyənin birinci xanımları Mehriban Əliyeva və Əminə Ərdoğanın görüşü, onların tarixi məkan olan İçərişəhəri ziyarət etməsi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olmaları da məmnunluq doğurur.
"ƏMİNƏM Kİ, DOSTLUĞUMUZ, QARDAŞLIĞIMIZ HƏR ZAMAN OLDUĞU KİMİ, YÜKSƏK SƏVİYYƏDƏ OLACAQ"
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti bildirib ki, Türkiyə-Azərbaycan birliyi beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur. Dövlətimizin başçısı onu da vurğulayıb ki, Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir: "Siz bilirsiniz ki, Sizi Azərbaycanda, çox sevirlər. Siz bizim əziz qonağımızsınız".
"Əminəm ki, növbəti illərdə bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır",- deyən Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniş tərkibdə görüşdə söyləyib.
Yeni hökumət üzvlərini də ürəkdən təbrik edən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə bir yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı bir yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq”.
Göründüyü kimi, bu gün Azərbaycan-Türkiyə əlaqələri indiyə qədər tarixdə rast gəlinməyən və indinin özündə də başqa ölkələrin nümunəsində görünməyən bir mərhələyə çatıb. Tarixi qardaşlıq əlaqələrinin sürətli inkişafında, yeni və ən üst səviyyəyə daşınmasında Prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl dostluq, qardaşlıq münasibətlərinin rolu danılmazdır. Məhz bu şəxsi dostluq əlaqələri dili, dini bir olan iki qardaş xalqı tarixdə ilk dəfə bu cür sıx formada, daha da doğmalaşdıran önəmli faktora çevrilib, qardaşlğını əbədiləşməsinə gətirib çıxarıb. Dünyada Azərbaycan və Türkiyənin timsalında elə ölkələr, xalqlar tapmaq mümkün deyil ki, bu şəkildə birlik, həmrəylik sərgiləsin, bir yumruğa çevrilsin.
"TÜRKİYƏDƏKİ SEÇKİLƏRDƏN SONRA TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIQ ƏLAQƏLƏRİ QARŞISINDA YENİ İMKANLAR, ÜFÜQLƏR AÇILIR"
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib: "Seçkilərdə Sizin (Rəcəb Tayyib Ərdoğan - red) qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən qiymətləndirilməsinin təzahürüdür. Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmiş, dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Yürütdüyünüz daxili və xarici siyasət Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir".
Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsinin Azərbaycan xalqını çox sevindirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir".
Dövlətimizin başçısı deyib ki, bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir: "Gələcək illərdə bu birliyin daha da güclənəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı deyib ki, bizi yeni uğurlar, yeni qələbələr gözləyir".
"AZƏRBAYCAN ORDUSU TÜRKİYƏ MODELİ ƏSASINDA İNKİŞAF EDİR"
İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın böyük perspektivləri var. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak etməsi də hərbi sahədə güclənən əməkdaşlığımızın göstəricisidir
Prezident İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib: "Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük".
"Bunu 30 illik işğal dönəmində gördüyümüzü, aparılan danışıqların, müzakirələrin heç bir nəticə vermədiyini söyləyən dövlətimizin başçısı nəticəyə gətirib çıxaranın bizim gücümüzün olduğunu vurğulayıb. “Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq", - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
İqtisadi əlaqələrə də toxunan dövlətimizin başçısı ticarət dövriyyəsinin sürətlə artaraq 6 milyard dollara yaxınlaşdığını və gələcəkdə daha da artacağını qeyd edib.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələdə olduğunu da deyib. Dövlətimizin başçısı qeyd edib: “Biz çox ümid edirik ki, yaxın gələcəkdə, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək"
Bir sözlə, bütün bu uğurlu nailiyyətlər bir daha göstərir ki, tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə və birlikdə yaxınlaşırlar.
"ŞUŞA BƏYANNAMƏSİ TARİXİ ANLAŞMADIR"
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında vurğulayıb ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır: "Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur".
Bəli, 15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında imzalanan Şuşa Bəyannaməsi dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir. Həmçinin, bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı.
Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də Türk dünyasi, region və dünya üçün tarixi hadisə olmaqla, həm də Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir
Ümumilikdə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu, bütün güclərin qəbul etməli olduğu tarixi gerçəklikdir.
"ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI QAÇILMAZDIR"
Səfər zamanı dövlət başçıları Zəngəzur dəhlizi haqında da fikirlərini bölüşdülər. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib
Biz (Türkiyə Prezidenti ilə - red.) Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır".
“Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
"Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı deyib ki, bununla paralel olaraq, Türkiyə üzərindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük ehtiyac var.
Bu gün bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsinin aparıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, Azərbaycan və Türkiyə həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində fəal əməkdaşlıq edir.
İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan üzərindən, yəni, Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacağının söyləyən Prezident İlham Əliyev vurğulayaraq bildirib ki, buna görə Azərbaycanda nəqliyyat və logistika imkanlarının genişləndirilir: «Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirib çıxarılır".
RƏCƏB TAYYİB ƏRDOĞAN: "Səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə bir mesajdır"
"Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Bir millət, iki dövlət düşüncəsi ilə bu günə qədər birlikdə addımladıq və bundan sonra da bu yolda qətiyyətlə davam edəcəyik". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakının dünyaya və Türkiyəyə bir mesaj olduğunu vurğulayaraq, Azərbaycana xanımı ilə birlikdə səfər etdiyini vurğulayıb. “Bu səfərlər aramızdakı duyğuların nə qədər inkişaf etməsinin ifadəsidir”, - deyə Türkiyə Prezidenti bildirib.
"Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik",- deyən Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında onu da söyləyib ki, Türkiyə şirkətlərinin Azərbaycanda infrastruktur işlərini uğurla həyata keçirmələri bizi məmnun edir: "Özəl sektoru təmsil edən firmalarımız kənd təsərrüfatı və heyvandarlıq sahəsində birgə fəaliyyəti uğurla davam etdirirlər".
"Bununla yanaşı, Türkiyənin podratçı şirkətləri Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində işləri uğurla həyata keçirirlər. Bu, bizi ayrıca məmnun edir", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
RƏCƏB TAYYİB ƏRDOĞAN: "Zəngəzur dəhlizi məsələsini sürətlə həll etməyimiz Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsinə imkan verəcək"
"Zəngəzur dəhlizi məsələsinin həlli bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlarla Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələr də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsinə imkan verəcək". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Türkiyə Prezidenti işğaldan azad olunan ərazilərdə görülən işlərlə bağlı mətbuata verdiy bəyanatında bildirib ki, görülən işlər Azərbaycanın necə sürətlə inkişaf etdiyini göstərir: "Azərbaycanın böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələlərdən biri də yolların çəkilməsidir".
Əvvəlki səfərində işğaldan azad olunan ərazilərdə tunellərin, körpülərin, viadukların inşasının sürətlə aparıldığını müşahidə etdiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Bunlar Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrindən sonra necə sürətlə inkişaf etdiyini açıq şəkildə ortaya qoyur. Biz bunları gördükcə iftixar edirik".
TÜRKİYƏ PREZİDENTİ: "Şuşadakı baş konsulluğumuzun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq"
Ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə deyib ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq: "Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq".
Ümumilikdə, Azərbaycan-Türkiyə münasibətləri Rəcəb Tayyib Ərdoğanın bu dəfəki dövlət səfəri ilə daha güclü, yeni zəfərlərlə müşayiət olunan bir mərhələyə keçəcək, Bakı ilə Ankara arasında əlaqələrdə yeni bir səhifə açacaq.
Bir sözlə, Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Hər zaman olduğu kimi, bu gün də hər iki dövlətin, hər iki liderlərin Qələbə Zəfərində də "Bir millət, iki dövlət", iki qardaş liderlər bir-birini təbrik edib Çünki Azərbaycan və Türkiyə iki dövlət, tək millət olmaqla yanaşı, həm də tək ürək, tək yumruqdur. Və ölkələrimiz arasında bənzəri olmayan həmrəylik mövcuddur və əminik ki, bundan sonra da belə olacaq. Və bu gün bir daha hər kəs anlamış oldu ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir.
Azərbaycan-Türkiyə birliyi əbədidir, sarsılmazdır və bundan sonra da dünyaya nümunə olacaq. Çünki uğurumuz da, sevincimiz də, kədərimiz də, düşmənlərimiz də birdir və dövlət başçımızın dediyi kimi: «Əminəm ki, növbəti illərdə bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB