“Qərbi Azərbaycan İcmasının üzərinə böyük tarixi missiya düşür” - ƏHLİMAN ƏMİRASLANOV
“Parlamentdə Qərbi Azərbaycanla bağlı müxtəlif çıxışlar, təkliflər olur, tədbirlər və dinləmələr keçirilir. Qərbi Azərbaycan İcması Ağsaqqalları adından yaratdığı bu şəraitə görə hörmətli spikerimiz Sahibə xanım Qafarovaya təşəkkür edirəm”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri deputat Əhliman Əmiraslanov Milli Məsclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
Əhliman Əmiraslanov sözlərinə belə davam edib: “Bu günkü Miili Məclisin Mədəniyyət Komitəsinin təşkil etdiyi dinləmə Qərbi Azərbaycanda olan tarixi mədəni irsimizə həsr olunub. Qədim türk dünyasının ayrılmaz hissəsi olan Qərbi Azərbaycan, onun icması və o regionda əsarətdə olan mədəni-tarixi abidələrimiz haqqında fikirlərimi bölüşmək istəyirəm. Möhtərəm cənab Prezidentimizin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşündə istər daxili, istərsə də beynəlxalq aləmə çox ciddi mesajlar verdi və demək olar ki, Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bu baxımdan, Qərbi Azərbaycan İcmasının üzərinə böyük tarixi missiya düşür. İcmanın Ağsaqqallar Şurasının sədri kimi bildirmək istərdim ki, İcma ətrafında birləşən Qərbi Azərbaycandan qaçqın düşmüş insanlar, əslində, özləri bu tarixi hadisələrin informasiya daşıyıcılarıdır. 44 günlük Vətən Müharibəsi bizə Azərbaycan tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Ordumuzun rəşadəti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməsi ilə bərabər, həm də bizim Qərbi Azərbaycan torpaqlarına qayıdışımızın təməlini qoyub. Zəfərdən sonra indi qarşıda duran əsas məsələ Qərbi Azərbaycana Qayıdışdır. Bizim bir millət, xalq olaraq haqqımız var ki, ata-baba torpaqlarına geri dönək. Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmalıyıq. Cənab Prezident İcma nümayəndələri ilə görüşündə onu da xüsusi olaraq vurğuladı ki, Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Tarixi faktdır ki, Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyəti təşkil etdikləri Ermənistandan tamamilə qovulublar. Onların indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqlar kütləvi miqyasda dağıdılıb. Azərbaycanlılara məxsus 500 qəbiristanlıq, 391 məscid, 68 tarixi, 7 memarlıq abidəsi erməni vandalları tərəfindən dağıdılıbdır. Ermənistandakı azərbaycan mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistanın ayrı-seçkilik və etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərmişdir. Ermənistanın Göyçə mahalında azərbaycanlılara qarşı apardığı etnik təmizləmə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin beşiyi olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurmuşdur. Erməni şovinistləri hətta Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin doğma Göyçədəki abidəsini və məzarını da dağıtmışlar. Ermənistan tərəfindən Azərbaycan mədəni irsinin dağıdılması və zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq və ondan istifadə etmək hüququmuzu pozur. Ermənistan bizim qayıdış dövründə və sonrada bu hüququmuzu təmin etmək üçün cavabdehdir. Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası və qorunmasında Beynəlxalq təşkilatların dəstəyinə ümid edirik. Bu ölkədəki azərbaycan mədəni irsinin vəziyyətini, habelə mədəni irsin və mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına və bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı.
Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən UNESCO və BMT-yə müvafiq müraciətlər də ünvanlamışdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB