Erməni müxalifətçi: "Ermənistan avtoritar ölkəyə çevrilib" - ŞƏRH

Erməni müxalifətçi: "Ermənistan avtoritar ölkəyə çevrilib" - ŞƏRH

Avetik Çalabyan: “Ölkənin təhlükəsizlik sisteminin vahid strategiyası yoxdur”

“Bütün göstəricilərinə görə Ermənistan demokratik deyil, avtoritar ölkədir”. Bu barədə ölkənin verelq.am saytı bir müddət əvvəl istintaq nəzarətindən azad edilən siyasi xadim Avetik Çalabyanın fikirlərini dərc edib. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin bütün budaqları bir siyasi mərkəz tərəfindən nəzarət altında saxlanılır. “Bu nəzarət imkan verir ki, hakimiyyət hüquq-mühafizə sistemini özünün siyasi opponentlərinə qarşı istifadə edə bilsin”, - deyə Çalabyan CivilNet-in efirində ona qarşı başladılan proses haqqında danışarkən bildirib.

Maraqlıdır ki, Çalabyan vaxtilə Paşinyanın yaxın dəstəkçilərindən biri olub və sonradan müxalifətçiliyi seçib.

Erməni müxalifətçisi: “Həbsimə qədər bəyanatlarımda səsləndirdiyim həmin aspektlər indi də qalmaqda davam edir, təəssüf ki, ölkədə heç nə dəyişməyib”

Onun iddiasına görə, istintaq altında olduğu müddətdə mövcud vəziyyət onun siyasətlə məşğul olmasına təsir göstərməyib. “Mən həbs altında saxlanıldığım müddətdə də siyasətlə məşğul oldum. Öz vəkillərim üzərindən bəyanatlar və məqalələr göndərdim ki, onları ya mənim həyat yoldaşım, ya da həmkarlarım ictimailəşdirirdilər. Həbsimə qədər bəyanatlarımda səsləndirdiyim həmin aspektlər indi də qalmaqda davam edir, təəssüf ki, ölkədə heç nə dəyişməyib”, - müxalifətçi siyasət adamı bildirib. Onun sözlərinə görə, məhz təhlükəsizlik zəmanətinin olmadığı belə bir vəziyyət siyasi fəaliyyətini davam etdirməsinə səbəblər yaradır.

“Mövcud şəraitdə siyasi güclər birləşməli və təhlükəsizlik sisteminin vahid strategiyasını qəbul etməlidirlər, lakin indi tamamilə əksi gedir”

“Bu gün heç bir təhlükəsizlik zəmanəti yoxdur. Bizim hər birimiz istənilən an və istənilən yerdə düşmənin hədəfinə çevrilə bilərik. Bu, istənilən vaxtda, istənilən yerdə ola bilər və bunu təxmin etmək mümkün deyil. Təkcə son zamanlarda haralarasa bombaların qoyulması ilə bağlı nə qədər siqnalların verilməsini xatırlayın, halbuki bir neçə il əvvəl belə bir şeyi təsəvvürümüzə belə gətirə bilməzdik”, - deyən erməni müxalifətçisi bildirib ki, Ermənistanda hər şey əks istiqamətdə gedir və ölkənin təhlükəsizliyinin təminatı məsələsi artıq ciddiyə alınmalıdır, əks halda daha ağır fəsadlar qarşıya çıxa bilər.

"Biz ətrafımızda müharibələrin getdiyi və qeyri-sabitliyin əhatə olunduğu regionda yaşayırıq"

Çalabyan bütün bu kimi neqativ proseslərə qarşı mübarizə aparmağın vacibliyindən danışıb və uğurlu nəticə əldə etməyin çətin olduğunu deyib. O, bunu geosiyasi situasiyanın dəyişilməsi ilə əlaqələndirib: “Biz ətrafımızda müharibələrin getdiyi və qeyri-sabitliyin əhatə olunduğu regionda yaşayırıq. Mövcud şəraitdə siyasi güclər birləşməli və təhlükəsizlik sisteminin vahid strategiyasını qəbul etməlidirlər, lakin indi tamamilə əksi gedir”.

Bu reallıq Paşinyan hakimiyyətinin diktatura rejiminə keçməsinə səbəb olur

Qeyd edək ki, Çalabyan Paşinyan iqtidarı tərəfindən həbsə məruz qalan tək müxalifətçi deyil. Hazırda keçmiş iqtidarların tərəfdarları da mövcud hakimiyyətə qarşı mübarizə aparsalar da, uğursuzluğa düçar olurlar. Məsələ həm də ondadır ki, sabiq Koçaryan-Sarqsyan rejimləri xalq tərəfindən də ciddi dəstək almırlar. Bu fakt isə nəticə etibarı ilə Paşinyan hakimiyyətinə, necə deyərlər, qol-qanad verir. Eyni zamanda, Ermənistan əhalisinin də əksər çoxluğu müharibə şəraitindən bezdiyini açıq şəkildə etiraf edir.

Lakin ölkə daxilində narazılıqlar da mövcuddur ki, onlar sosial tələblərlə yanaşı, siyasi tələblərlə də müşahidə olunur. Bu reallıq isə Paşinyan hakimiyyətinin diktatura rejiminə keçməsinə səbəb olur. Yəni həbslər və s. metodlar işə salınır.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə