"Atəşkəs Rusiyaya daha çox sərf edir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Hazırda Rusiya-Ukrayna müharibəsi özünün pat vəziyyətindədir. Qarşılıqlı hücumlar müşahidə olunur. Yenilənən odur ki, artıq Ukrayna Rusiya ərazisində də müharibə aparmağa başlayıb. Çünki onların Moskvaya pilotsuz uçuş aparatları gəldi və təxribatlar törədə bildilər. Görünən odur ki, müharibə Rusiyanın ərazisinə keçir. Baxmutdan Vaqnerin geri çəkilməsi Yevgeni Priqojinin prezident olmaq eşqinə düşməsidir. Yəni, hərbi elita daha çox neofaşist statusundadır. Onlar Putindən fərqli olaraq başqa məqsədlər güdürlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan həm Rusiyanın, həm də Ukraynanın prezidentini dəvət edib və onları bir araya gətirərək barışdırmaq istəyir: “Bu il barış olmasa da, atəşkəs ola bilər. Hazırda atəşkəs Rusiyaya daha çox sərf edir, nəinki Ukraynaya. Çünki Ukrayna indi-indi Qərbdən aldığı silahlarla öz ərazisini müdafiə etməyə başlayıb. Ona görə də Rusiya Kiyevə saldırır. Görünən odur ki, dəyişən bir şey yoxdur. Son bir neçə ayda Rusiyanın hərbi qələbəsi yoxdur. Siyasi cəhətdən məğlubiyyətə uğrayıb. Əslində, Ukraynanın da heç bir siyasi qələbəsi yoxdur. Balaca uşaq oyuncağını tapanda sevindiyi kimi Ukrayna da bir kənddə beş-altı ev alan kimi bütün dünyaya haray çəkirlər. Ərazimiz 30 il işğal altında qalanda biz bunları yaşamışıq. Vaxtilə bizim buraxdığımız səhvləri indi Ukrayna edir. Şəbəkə qəhrəmanı olmaqdansa, torpaq qəhrəmanı olmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə