"Azərbaycan- İsrail əlaqələri üçüncü dövlətə qarşı yönəlməyib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Məlum olduğu kimi, İsrail prezidenti İsxak Hersoq Azərbaycana rəsmi səfər edib. Hesab edirəm ki, bu səfər Azərbaycan-İsrail münasibətlərinin növbəti mərhələyə qədəm qoymasına mühüm töhfə verəcək". Bu ifadələri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, bəhsi keçən görüşdə əməkdaşlığın genişləndirilməsi, kibertəhlükəsizlik sahəsində Azərbaycan-İsrail əlaqələrinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə İsrail dövlətini təmsil edən şirkətlərin iştirakının genişləndirilməsi, eyni zamanda onların fəaliyyət istiqamətlərinin artırılması ilə bağlı çox ciddi nəticələr əldə edilib: "Hesab edirəm ki, Azərbaycan ilə İsrail arasında qarşılıqlı etibara və faydalılığa hesablanan münasibətlərdə Azərbaycan- İsrail əlaqələri heç bir zaman üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycan müstəqillik əldə etdiyi dönəmlərdə, müstəqilliyimizi tanıyan dövlətlərdən biri də məhz İsrail olub. Eyni zamanda Azərbaycanla diplomatik münasibətlərin qurulmasında ilk təşəbbüs göstərən dövlətlərin başında yenə İsrail gəlir. İşğal faktı dövründə, biz İsrail dövlətinin, bütün platformalarda Azərbaycanın ərazi bütövlüyünün tanınması, münaqişənin beynəxalq hüquq prinsiplərinə müvafiq aparılması ilə bağlı ədalətli mövqeyini müşahidə etmişik. İsrail böyük dövlətlərin iradəsinə kəskin şəkildə təsiretmə gücünə malik olan bir dövlətdir. Yəhudi lobbisinin hər zaman Azərbaycanın maraqlarına uyğun davranışlarını müşahidə etmişik. Bütün bunlar, Azərbaycan-İsrail münasibətlərinin tarixi mahiyyətindən qaynaqlanır. Yəhudi xalqı ilə Azərbaycan xalqı arasında çox qədimlərə dirənən böyük tarix mövcuddur. Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki ölkəsində yaşayan yəhudilərə heç bir diskriminasiya siyasəti, hər hansı bir təzyiq kompaniyaları həyata keçirməyib".

Anar Əliyevin sözlərinə görə, Azərbaycan-İsrail arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşmaqdadır: "Bu kifayət qədər böyük ticarət əlaqəsindən xəbər verir. Xüsusən, ticarət istiqamətində Azərbaycan və İsrail prezidenti arasında ciddi müzakirələr həyata keçirilib. Bu müzakirələrin nəticəsi olaraq bir çox sahədə, kənd təsərrüfatı, bərpa olunan enerji, turizm sektoru, işğaldan azad olunan bölgələrdəki yenidənqurma işlərində çox ciddi irəliyişlərin şahidi olacağıq. Eyni zamanda İsrail dünyada informasiya texnologiyalarının tətbiqinə şərait yaradan, geniş imkanlar tanıyan öndəgələn dövlətlərdən biridir. Belə bir dövlətin təcrübəsinin Azərbaycan dövləti tərəfindən öyrənilməsi çox müsbət haldır.
Hesab edirəm ki, Azərbaycan-İsrail əlaqələri Ermənistan-Azərbaycan münaqişəsinin də müsbət çərçivədə həllinə öz təsirini göstərəcək. Təbii ki Ermənistan tərəfi yəhudi lobbisi ilə hər zaman əməkdaşlığa can atıb. Ancaq İsrail seçimini hər zaman Azərbaycan tərəfdən, haqq-ədalət tərəfdən edib. Çünki İsrail tərəfi, qardaş yəhudi xalqı hər zaman Azərbaycanın haqlı olduğunu bilib. Hesab edirəm ki, İsrail dövlətinin nüfuzu, müdaxilə etmə qabiliyyəti Cənubi Qafqazda möhkəm sülhün əldə olunmasına ciddi töhfələr verəcək".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə