Türkiyə-Azərbaycan "bir millət, iki dövlət" və "bir yumruq!" - TƏHLİL

Türkiyə-Azərbaycan "bir millət, iki dövlət" və "bir yumruq!" - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Atam demişkən, "Bir millət, iki dövlət", əlavə də etmək istəyirəm, "Bir yumruq!".

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: "Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür"

Müqəddəs deyim var: “Haqlısansa qorxma, haqq səni qoruyacaq!”. Bəli, bu gün Türk xalqı öz müdrik qərarını verdi. Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçməklə güclü və qüdrətli Türkiyənin tərəfində olduğunu bəyan etdi. Bu, təkcə türk xalqının deyil, həm də bütün azərbaycanlıların seçimi idi. Bu "2023-cü il Heydər Əliyev İli"ndə ən mühüm yarışması olan seçkilərdə sadəcə Ədalət və İnkişaf Partiyasının - Türkiyənin qələbəsi deyildi, bütövlükdə Qarabağ Zəfəri yenidən taclandı, şəhidlərimizin ruhu şad oldu, o torpaqlara sanki yeni nəfəs verildi və Zəngəzur dəhlizinin reallaşmasına əngəl olan qüvvələrin arzuları gözlərində qaldı və Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçildi. Bu qələbə Türk qardaşlarımız qədər bizi də sevindirdi. Bu başqa cür də ola bilməz. Çünki bu qələbə qədim tarixlərin sınağından çıxmış Azərbaycan-Türkiyə – "bir millət, iki dövlət" həmrəyliyinin nəticəsi idi. Bu birliyin nəticəsini biz 2020- ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfrinə kimi Türkiyə daim bizimlə bir olub. Sevincimizə, kədəritmizə şərik olub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası 2020-ci 10 dekabr tarixində Zəfər parada qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu.

Cari ilin aprel ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışı zamanı bir daha bildirdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi: «İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi… Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.

15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Bəyannamə imzalanması tarixi hadisə olmaqla, həm də dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir. Həmçinin, istər ötən il Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan”, istərsə də "TEKNOFEST-Türkiyə"də keçirilən möhtəşəm tədbir, hər iki liderin "Şuşa Bəyannaməsi"nə istinad etmələri, birlik, qardaşlıq mesajları vermələri bu fikirləri bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

ƏLİYEV-ƏRDOĞAN BİRLİYİ VƏ HƏMRƏYLİYİ - DÖVLƏT BAŞÇILARININ BİR-BİRİNƏ “QARDAŞIM” DEYƏRƏK MÜRACİƏT ETMƏLƏRİ HƏM XALQLARIMIZ, HƏM DƏ DÜNYA BİRLİYİ ÜÇÜN ƏSL NÜMUNƏ

Bəli, hər iki dövlət liderlərinin atdıqları qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər öncə Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya.

Bir sözlə, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, ümumiyyətlə dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir. Və bu qardaşlıq bağlarını güclü ideoloji sistemə salan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bunu əməlləri ilə tarixi gerçəyə çevirdilər. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Prezident Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut etdi. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu əminliyi də ifadə edir ki, Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcək. Məhz bu gerçəkliyin nəticəsi Türkiyə vətəndaşlarının seçkidə Rəcəb Tayyib Ərdoğan dəstəkləməsi oldu. Və Prezident Ərdoğanın zəfərinə ilk təbriki Azərbaycan Prezident İlham Əliyev cənabları etdi.

TÜRKİYƏNİN UĞURLARI QARDAŞ ÖLKƏ OLARAQ BİZİ DƏ OLDUQCA QÜRURLANDIRIR

Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik məktubu ünvanlayıb. Dövlətimizin başçısı qeyd edib ki, milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.

Təbrik məktubunda dövlətimizi başçısı qeyd edib: "Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır".

"Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur". Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərində qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb.

"Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir. Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır. Əziz Qardaşım, fürsətdən istifadə edərək, Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm”- məktubda qeyd olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşım edib: "Cənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!".

Bəli, bu gün, Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən siyasi liderin Azərbaycan Prezidenti İlham Əliyevin olması və Ərdoğanın bunu xalqa müraciətində böyük fərəhlə açıqlaması ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olmasının parlaq bir nümunəsidir. Eyni zamanda, dövlətimizin başçımızın qardaş ölkənin Prezidentini təbrik etməklə yanaşı, Azərbaycana dəvət etməsi bir daha bu qardaşlığın, "bir millət, iki dövlət" olmasının əbədiliyinin reallığıdır. Və Azərbaycan-Türkiyə birliyi əbədidir, sarsılmazdır və bundan sonra da dünyaya nümunə olacaq. Çünki uğurumuz da, sevincimiz də, kədərimiz də, düşmənlərimiz də birdir. Zəfər günün mübarək olsun, Böyük Türkiyə!.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə